Partiyalar növbəti qarşıdurmalar mərhələsində

Ötən ilin prezident seçkilərindən sonra bir daha təsdiq olundu ki, dağıdıcı müxalifət dairələri siyasi səbatsızlıq və savadsızlıq üzündən hər hansı bir uğura imza atmaq gücündə deyillər. Məhz bu səbəbdən, günahlarını gah cəmiyyətin, gah da bir-birlərinin üzərinə ataraq, sudan quru çıxmağa cəhd edən partiya rəhbərləri son anda barışmaz qarşıdurmalara gedirlər. Nəticədə isə onların təşkilatları daxildən parçalanır, qurumların sıraları isə daralmağa başlayır.

Bu kimi amilləri isə daha çox AXCP və Müsavat partiyaları arasında görmək mümkündür. Çünki düşərgədaxili "ana müxalifətçilik" ambisiyaları, inhisarçılıq meylləri bu partiyaları heç vaxt istədikləri nöqtəyə yiyələnmələrinə imkan verməyib. Hətta daha öncələr yaradılmış "İctimai Palata", eyni zamanda onun prototipi qismində fəaliyyət göstərən "Milli Şura" belə, müxalifətin bir məqamda birləşmələrinə şərait yarada bilmədi. Bu da ki, bilavasitə AXCP və Müsavat partiyalarının əzəli düşmənçiliklərindən doğan hal kimi anlaşılmaqdadır.

Həm AXCP, həm də Müsavat yalnız maraqları üst-üstə düşdüyü zaman qısamüddətli atəşkəs elan edirlər

Diqqət yetirsək görərik ki, vaxtilə "hakimiyyətə problem" yaratdıqlarını hesab edən "cəbhəçilər" və müsavatçılar indi bu iddialarını da irəli sürə bilmirlər. Çünki onların öz aralarında yaşanan problemlər partiyalarının siyasi proseslərə müdaxilələrini kifayət qədər əngəlləməkdədir. Təbii ki, elektorat zəfiliyini, sosial baza kasadlığını da buraya əlavə etsək, onda söhbətin nədən getdiyini daha dərindən anlamaq mümkün olar.

Ancaq bütün bu kimi uğursuzluqlara rəğmən, AXCP və Müsavat partiyaları hələ də savaş, qarşıdurma həddindədirlər və yaxın zamanlarda qarşıdurmaların yenidən qızışacağını proqnozlaşdırmaq mümkündür.

Hansı ki, prezident seçkilərinə qədər, eləcə də ondan öncəki zamanlarda bu partiyalar müəyyən bloklarda fəaliyyət göstərirdilər. Təbii ki, hər iki partiyanın bir yerdə olması da inandırıcı təsir bağışlamayıb. Belə ki, həm AXCP, həm də Müsavat yalnız maraqları üst-üstə düşdüyü zaman qısamüddətli atəşkəs elan ediblər. Hətta bir zamanlar partiyalar "superpartiya" olaraq birləşməyə də qərar vermişdilər. Amma sonradan onların bu oyunları da alınmadı. Çünki bu, mümkünsüzdür.

Bu arada Müsavat partiyasının "Milli Şura"dan çıxmasını da xatırlamaq olar. Məhz bu olaydan sonra ən kəskin ifadələr, təhqirlər mətbuatda səsləndirilməyə başladı. Məhz bu amil bir daha təsdiq etdi ki, partiyalararası nifaqın tarixi 20 ildən artıq müddətdir ki, mövcuddur.

Məsələn, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bununla bağlı bildirib ki, Müsavatla AXCP arasında münasibətlərin hələ 1992-ci ildən gərgin olub. O, qeyd edib ki, həmin dövrdə Müsavat yaranan kimi AXC-ni parçaladı və onun şinelindən çıxaraq özünə təşkilat yaratdı: "Burada əsas iddia Xalq Cəbhəsində toplaşan "Yurd" və digər qrupları Elçibəy başda olmaqla, hakimiyyətdən uzaqlaşdırmaq və Müsavat Partiyasının özünün hakimiyyətə gəlməsindən ibarət idi. Hətta həmin dövrdə İsa Qəmbər bir ay müddətinə prezident səlahiyyətlərini həyata keçirdi və faktiki olaraq öz tərəfdarlarını həm rayon icra hakimiyyətlərinin başçısı, həm də ayrı-ayrı vəzifələrə təyin etməklə məşğul oldu".

2015-ci ilin parlament seçkiləri ərəfəsində planlar cızılır

YAP rəsmisi Əbülfəz Elçibəy prezident seçilən kimi İsa Qəmbərin təyin etdiyi adamların çoxunu işdən azad etdiyini də xatırladıb: "O dövrdən bunlar arasında belə gərgin münasibətlər var idi və mərhələ-mərhələ pik həddə çatdı". Millət vəkilinin bildirdiyinə görə, nə 1998-ci il prezident seçkilərində Müsavat partiyası Əbülfəz Elçibəyi vahid namizəd kimi qəbul etdi, nə də 2000-ci ilin parlament seçkilərinə bunlar vahid siyahı ilə gedə bildilər: "Yəni bunlar arasında heç vaxt münasibət olmayıb, ancaq didişmə olub. Bu da onu göstərir ki, bunların hər birinin şəxsi marağı var. Əgər bunlar özlərinin dediyi kimi, guya ümumxalq maraqları uğrunda mübarizə aparmalı olsaydılar, onda gərək bir yerdə olaydılar. Lakin mətbuatdan da görünür ki, bir-birilərinin əleyhinə kifayət qədər həm kompromat səsləndirir, həm də mübarizə aparırlar".

Görünən isə budur ki, artıq qarşıdan gələn növbəti parlament seçkiləri ərəfəsində, yəni seçkilərə bir ildən bir az artıq qalan dövrdə həm AXCP, həm də Müsavat savaşın növbəti mərhələsi üzərində planlarını czırlar. Bu dəfəki qarşıdurmaların isə daha genişmiqyaslı və ağır nəticələr verəcəyini indidən ehtimal etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə