Yeni Azərbaycan Partiyasının demokratik dəyərlərə sadiqliyi

Məlum olduğu kimi, yanvar ayının 23-də keçirilmiş Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclasında YAP İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib. Baş nazirin müavini, YAP Sədrinin müavini–İcra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə geniş çıxış edib və yuxarıda söylənilən məsələlər üzrə hakim partiyanın nailiyətlərini diqqətə çatdırıb.

Qeyd edək ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının sıralarına 31 min 600 nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 620 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edir. Eyni zamanda, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 016 790 manat olub. Bunun 5 720 849 manatını üzvlük haqlarından, 29 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1 145 125 manatını büdcədən ayrılan vəsait təşkil edib. Partiya üzvlük haqlarının 80%-dən çoxu Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının hesabında qalıb və onların maliyyə xərclərinin ödənilməsinə sərf edilib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 046 769 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 1 554 712 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərinin, o cümlədən partiya qurultayının, iki beynəlxalq konfransın, gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 254 510 manatı ezamiyyə xərclərinə, 319 699 manatı invertarların alınmasına, 117 495 manatı təmir işlərinə, 93 307 manatı çap işlərinə, 382 152 manatı kommunal və təsərrüfat xərclərinə, 53 919 manatı dəftərxana xərclərinə, 45 023 manatı xeyriyyə tədbirlərinə, 57 614 manatı əlavə dəyər vergisinə, 33 694 manatı həmkarlar təşkilatına, 150 550 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 54 190 manatı bank xidmətinə, 85 016 manatı isə sair xərclərə sərf edilib. Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 248 650 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 768 140 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.

YAP daha bir demokratik ənənə formalaşdırır

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası üzvləri və xalq qarşısında hesabat verdi və ötən il ərzində fəaliyyətinin bütün istiqamətlərini, hətta, maliyyə hesabatını da diqqətə çatdıran YAP bir daha demokratik siyasi sistemin tərkib hissəsi kimi sivil və şəffaflığını nümayiş etdirmiş oldu. Cəmiyyəti düşündürən vacib sual isə digər partiyaların, xüsusilə də, demokratiyadan dəm vuran "ana müxalifət"in maliyyə hesabatını nə zaman verəcəyilə bağlıdır. Çünki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu dəfə də demokratik dəyərlərə sadiqliyini nümayiş etdirir və Azərbaycanın siyasi palitrasında ənənə formalaşdırmağa çalışır. Elə bir ənənə ki, ölkənin milli siyasi məkanında yer almış və iddialı olan bütün siyasi partiyalarda hesabatlılıq vərdişi yaransın. Əlbəttə ki, belə bir vərdişin məhz, YAP tərəfindən siyasi palitraya təqdim edilməsi də təsadüfi deyil. Çünki, YAP Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində cəmiyyətin səfərbər edilməsində əhəmiyyətli, hətta, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Buna görə də, 21 ildir ki, iqtidarda olan partiyanın qərarları və fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir. Bu mənada, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Lakin YAP-ın bu statusu asan şəkildə qazanılmayıb...

YAP sosial dəstəyi və kütləvi etimada malik lideri olan hakim partiyadır

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tamamilə yeni situasiya ilə baş-başa qalmışdı. Daha doğrusu, keçmiş SSRİ-nin süqut etməsi nəticəsində müttəfiq respublikalar kimi Azərbaycan da özünün dövlət müstəqilliyinə qovuşmuş və beləliklə, xalqımız müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Amma 1990-cı illərin məlum hadisələri, həmçinin, ortaya çıxan situasiyanın yetərincə dəyərləndirilməməsi nəticəsində Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində addımların atılması mümkün olmamışdı.

Bəhs edilən dövrdə keçmiş imperiyanın süqutu nəticəsində yeni siyasi münasibətlər də ortaya çıxmışdı. Belə ki, sovetlərin mövcud olduğu illərdə formalaşmış təkpartiyalı sistem tədricən öz yerini Qərbdə demokratiyanın əsas amillərindən sayılan çoxpartiyalı sistemə verməyə başlamışdı. Lakin həmin vaxt siyasi səhnənin hər iki qütbünü təmsil edən qüvvələr yeni dövrün tələblərinə cavab vermək iqtidarında olmamışdı.

Eyni zamanda, yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlər və tarixi şərtlər ortaya bir sıra nüansları çıxarmışdı. Yəni, Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, layihələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, ölkəmizin iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrini formalaşdırıb inkişaf etdirmək üçün güclü LİDERƏ və həmin liderin rəhbərlik etdiyi güclü siyasi PARTİYAYA ehtiyac vardı. Beləliklə, həmin lider və partiya faktorları YAP-ın timsalında ortaya çıxdı və 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edilmiş və Ulu öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi.

YAP Azərbaycanda müasir siyasi sistemin və sivil siyasi mübarizə metodlarının yaradıcısıdır

YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib: "O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi. Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır".

YAP hər zaman dövlətçilik, müstəqillik, inkişaf və təhlükəsizlik naminə işləyib

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində yeni bir mərhələnin əsasını qoymuşdu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etmişdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Prezident İlham Əliyevin sözlərilə desək, Yeni Azərbaycan Partiyası həm də Azərbaycanda siyasi sistemin yaranmasında böyük rol oynayıb: "Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir. Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü demişdir: antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail olmuşdur və ulu öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etmişdir. Partiyamızın tarixi müstəqillik tarixi ilə də demək olar ki, üst-üstə düşür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur".

Yuxarıda sadalanan faktlar və mövcud reallıqlar tərəddüdsüz deməyə əsas verir ki, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını təhlil obyektinə çevirdikdə məlum olur ki, sözügüdən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Nizamnaməsində əks etdirən, həmçinin, bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümummilli partiyadır.

YAP xalqın partiyasıdır

Qeyd edək ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 21 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır. YAP-ın V Qurultayında çıxış edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ötən illər ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb: "Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər. Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir. Partiyamıza böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv var. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir".

1999-cu ildə isə keçirilən qurultayda cənab İlham Əliyevin partiyanın rəhbər strukturuna seçilməsi keyfiyyətcə yeni inkişaf mərhələnin başlanmasına təkan verdi. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. Bu isə yenicə müstəqillik əldə etmiş, gənc Azərbaycan Respublikasının gələcək inkişafında mühüm bir addım sayıla bilərdi.

Partiyanın 2005-ci ilin mart ayında keçirilən III qurultayında isə Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi partiyanın həyatında ikinci yeni mərhələnin başlanmasına səbəb oldu. Bu dönəmdən başlayaraq Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi. Heç kəsə sirr deyil ki, bütün bu prosesdə YAP daim ön sıralarda dayanıb.

Müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər də ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu "Asiya siyasi partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. YAP-ın, eyni zamanda, Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

YAP cəmiyyətimizin yeganə seçimidir və gələcəyini etibar etdiyi partiyadır

Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bütün bunlar o deməkdir ki, YAP Azərbaycan dövlətini və xalqını beynəlxalq aləmdə də uğurla təmsil və təbliğ edir.

Azərbaycan dövlətinin inkişaf tarixi YAP-ın yaranma tarixi ilə eyni olduğundan hər bir azərbaycanlı partiyanın dövlət və xalq üçün həyata keçirdiyi tədbirlərin şahidi olub. Milli vətənpərvərlikdən, dövlətçilikdən, demokratiyadan dəm vuran indiki müxalifət partiyalarının xalqa xəyanətini də görən cəmiyyətimiz 1993-cü ildən başlayaraq, inkişaf ideyasını əsas fəaliyyət platformasına çevirmiş Yeni Azərbaycan Partiyasına dəstək oldu, onu hakim partiya kimi gördü. Keçirilmiş seçkilərdə, referendumlarda, sorğularda sosium dövlətin perspektiv inkişafı ilə bağlı yalnız YAP-a və Onun Sədri, Prezident İlham Əliyevə inandığını ifadə edib. Son Prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün səfər olunan cəmiyyətimiz eyni zamanda, YAP dövlətçilik və inkişaf ideyasının daşıyıcıları, tərəfdarları olduqlarını isbatlayıblar. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.

Bir sözlə, görürük ki, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Ona görə də, göstərilən bu səbəblərə görə, Yeni Azərbaycan Partiyasına inam, etimad və dəstək böyükdür. Cəmiyyətin bütün təbəqələrindən olanlar, xüsusilə də, gənclər Yeni Azərbaycan Partiyasına üzv olurlar. Məhz, hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyasının və Onun lideri Prezident İlham Əliyevin apara biləcəyinə inanır. Bu mənada YAP cəmiyyətimizin yeganə seçimidir və gələcəyini etibar etdiyi partiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə