Əli Kərimlinin satqın olması təzəmi söhbətdir, Rauf bəy?!

"Milli Şura"ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Aləm dəyib bir-birinə. Kim kimədir, kim kiminlədir - artıq məlum deyil. Bilinməz, görünməz duruma gəlib.. Və, təxminən bilirsinizmi nəyi xatırladır? – Dəstə formasında əlbəyaxa küçə döyüşlərini. Kim hədəfə birinci çatdı, vurdu, yıxdı, döydü - qələbə onundur. Özündən, dostundan, qohumundan ya da müttəfiqindən olsa da fərq etməz. Bunlar artıq tarana gedirlər. Özləri üçün ən yabanı taktikanı seçiblər və nəhayət İtirəcəkləri i heç bir dəyər-filan qalmayıb. Çünki bu günə qədər daşıdıqları əlahiddə bir dəyər də olmayıb..

***

Əvvəl-əvvəl çox gözəl maskalanmışdılar. Bir-birinə olan münasibət də təxminən toydan əvvəlki qaynana-gəlin münasibətlərini xatırladırdı. Və elə ki toy oldu, daha doğrusu Azərbaycan xalqı, vətəndaşı seçkilərdə etimad göstərməyib bunlara toy tutdu, əsl sifətlər də bax o zaman açılmağa başladı. Həm də vulkan və zəlzələ effekti ilə. İlk öncə distansion siyasətçi - Rəsul Quliyev uzaq Amerikadan ötürmələr verməyə başladı, daha sonra İsa Qəmbər ovcunda aylardan bəri sıxıb saxladığı kartları ortalığa çıxardı və nəhayət sonunda Əli Kərimli elə əlikərimliliyinə salıb vəziyyəti bir az da kritikləşdirdi. Oysa, belə bir durumda meydana çox maraqlı bir ritorika hakim kəsilir: Bunlar siyasi mazoxistdirmi, bir-birinin qanınamı susayıblar, yoxsa qəsdinəmi durublar? - Hər halda mövzunun bu tərəfii kimsəyə bəlli deyil. Və deyim ki, heç artıq cəmiyyət və siyasi kütlə üçün də maraqlı deyil. Amma məsələ burasındadır ki, haqqında danışdığım hoqqabazlar düz 20 ildir dirəşib qalıblar ki, biz Azərbaycanı əldə etmək istəyirik! İdarə etmək deyil, məhz əldə eləmək! Və ya belə deyək: Hələ ortalıqda olan "heç nəyi" bölüşə bilmədikləri və eyni zamanda "bunların bölüşməli nəyisə olsa başımızda turpun plantasiyasını əkərlər"- fəlsəfəsini insanların beyninə yertdə bildikləri halda - yenə dirəşib qalıblar. Həm də nə qədər qorxunc və gülməli bir məzmun aldıqlarını fərq etmədən...

***

Rauf Arifoğlu və Əli Kərimli bir-birinə girib. Öz də əməlli başlı. Və ya bu gün mətbuat manşetlərində iki maraqlı mövzu meydan sulayır: Cinin bədəndən çıxarılması və cinin "Milli Şura"dan çıxarılması...Bütün polemikalar da elə təxminən bu həndəvərdə gedir. Bizim üçünsə maraqlı olan ikinci kontekstdir. Odur ki, elə bu istiqamətdə də davam edək...

Radikal cəbhədə hamı bir-birini şeytanlayır və ələlxüsus da iqtidara işləməkdə ittiham edir. O zaman çox maraqlıdır, biz niyə bunlarla mübarizə aparırıq, ya da aparmışıq? Və ya hamı elə iqtidardın tərəfdaşı və təəssübkeşidirsə o zaman "Azadlıq"ın, "Yeni Müsavat"ın yazdıqları nədir bəs? İsa Qəmbərin "qurultay vədi" - daxil havaya üfürdükləri, Əli Kərimlinin pafos və hədyan dolu sərsəmləmələri, söyləntiləri nədir bəs?... Ən nəhayət bu ölkədə görəsən bir insan da olsa tapılarmı ki, iqtidarın müxalifəti ələ almaqda maraqlı olduğuna inana bilsin? Ya da bu nağılları sona qədər dinləmək və izləmək iqtidarında olsun? Düşünürəmi, xeyr. Niyə? Çünki 5 qəpik dəyəri olmayana kimsə 5 manat xərcləməz. Və ya siyasi meydanda 5 qramlıq kalorisi olmayana kimsə 50 qramlıq enerji sərf eləməz...

Rauf Arifoğlu deyir ki, Əbülfəz Elçibəy hələ o zamandan etibarən - yəni təxminən 95 dönəmindən Əli Kərimliyə etimad göstərmirmiş və onun ortalıqda var-gəl elədiyini, eyni zamanda hər yerə qarmaq atdığını bilirmiş...Bu guya təzəmi söhbətdir Rauf bəy? Və ya bütün bu dediklərinizlə siyasi camiəni heyrətləndirəcəyinizimi düşünürsünüz? – Mümkün deyil! Bilirsinizmi niyə? Çünki, bu gün siyasətin "s"hərfindən belə xəbərdar olan, artıq Əli Kərimlidən də xəbərdardır. Onun ömrü boyu 50 yerə parçalandığından, 50 sifətə sahib olduğundan və 50 yerə işləmə cəhdindən də xəbərdardır. Sadəcə mövzunun məğzi bundadır ki, o adda qırıntı və siyasi ridument heç vaxt heç kimə lazım olmayıb. Adam özünü hərraca qoyub, amma alan olmayıb, sahib çıxan olmayıb...

Və ya bir başqa tərəfdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bəyan edir ki, müxalifət artıq öz daxilindən təmizlənir və eyni adlı cəbhədə bundan sonra elələri təmsil olunmalıdır ki, müxalifətçiliyin haqqını verə bilsin...

Oysa, müxalifətçiliyin haqqı sizə düşməz Fuad bəy! Həm də heç düşməz! Niyəsini də deyim. Çünki, bu hüquq, bu haqq, bu öhdəlik qaraguruh olmaqdan, tele məkanda hansısa tərbiyəsizlik etməkdən, ya da mitinq meydanlarını siqaret kötükləri ilə doldurmaqdan deyil, xalqı inandırmaqdan və ona yaxın olmaqdan keçir. Hansı ki, sizlər üçün tamamilə yad bir mövzudur, uzaq bir mövzudur, eyni zamanda anlaşılmayan bir mövzudur. Və nəhayət siz elə bir insan xarakterinə və tipinə mənsubsunuz ki, buraxın müxalifətçiliyi heç, əyninizə geyindiyiniz kostyumun belə haqqını verə bilmərsiz!

Və nəhayət, son olaraq toxunmaq istədiyim məqam: Müxalif cəbhədə status - kvo tamamilə pozulub. Məsələn "Azadlıq"ın ittihamlarına və Əli Kərimli tərəfdarlarının vay-şüvəninə nəzər salıb heç vaxt müəyyən eləmək olmaz ki, "Müsavat"ın başqanı Arifoğludur yoxsa İsa Qəmbər? Və ya, Cəmil Həsənlinin özü. Guya "Milli Şura"nın sədridir, başbilənidir. Amma ondan başqa meydanda hamı danışır. Hami nəsə danışır. Ağlına və ağzına gələni də olsa - danışır. Amma mütləq danışır...!. Bircə bu siyasətcığazdan başqa. Ya da İbrahimbəyov. Adamın öz aləmi var. Sanki mövcud dünya ilə heç bir bağlantısı qalmayıb. Hətta bəlkə də o biri dünyada bu zavallı siyasətçiyə artlq qayıb - filan qoyurlar... Sədr - eks sədr, fəxri sədr - eks fəxri sədr. Bax bu qədər gülməşəkər – siyasi -tərcümeyi halı var İbrahimbəyovun. Hətta son vaxtlar onu siyasi meydanda o qədər ora-bura çalxaladılar ki, eksdən daha çox miksi xatırlatmağa başladı...

Amma olsun. Bir tərəfdən də adama ləzzət eləyir. "Azadlıq"ordan döşüyür, "Yeni Müsavat" burdan. Özü də qızışan kimi bir-birinə deyirlər: "Nə yaxşı hakimiyyətə gəlməmişik, yoxsa bu millətin günü qara olardı"

Elə biz də onu deyirik. Və tarix boyu çox güman birinci dəfədir ki sizinlə həmrəy olub eyni fikri bölüşürük: Gerçəkdən nə yaxşı ki, hakimiyyətə gəlməmisiniz. Yoxsa inanın bu millətin günü bir tək qara olmazdı, bozundan tutmuş sarısına qədər - hər rəngə çalardı. Hətta kumiriniz və istinad nöqtəniz olan buqələmun belə bu rənglər toplusuna heyrət edərdi...

Bütün xəbərlər Facebook səhifəmizdə