Bilmirəm sevinimmi, kədərlənimmi? Yaxud da ümumiyyətlə "boş ver" deyib keçimmi? Hər halda, biganə birisi olmadığıma və baş verənlərin həm də bir müddət əvvəl mənə dəxli olduğuna görə, münasibətimi bildirməyim yerinə düşərdi.
Müxalifət cəbhəsindəki durumu deyirəm. Təbii ki, onların öz aralarında atışması, bir-birini yerdən yerə vurmasının mənə heç bir dəxli yoxdur. Sadəcə istədim ki, ötən il keçirilmiş prezident seçkisindən öncə və sonra şəxsimə yönələn bəzi ittihamlara məhz indi işıq tutum.
Həmin günlərdə həm AXCP, həm Müsavat üzvlərindən bir qismi, bəzən də məni ümumiyyətlə tanımadığını belə etiraf edənlər haqqımda ağızlarına və ağıllarına gələnləri yazırdılar. İddia edirdilər ki, İlham Əliyevin hakimiyyətdə qalmasının səbəbkarı mənəmmiş! Hətta bəzilərilə polemikaya girib nəyin nə olduğunu izah edəndə də bir şey anlamırdılar. Qurulduğu gündən ölü doğulduğunu qətiyyətlə dediyim Milli Şura ilə bağlı birmənalı mövqeyim bu adamları özündən çıxarırdı. Onlar özlərini inandırmışdılar ki, heç bir maliyyəsi, sosial bazası və ictimai dəstəyi olmayan Milli Şura hakimiyyəti İlham Əliyevin əlindən alacaqmış və... mənim kimi adamlar buna əngəl olur. Ha izah etdim ki, ay bala, bir az da siyasətlə məşğul olun, qüvvələr nisbətini müqayisə edin və gerçəkçi olun, dinləmədilər. Dedilər, sən satılmısan. Hakimiyyət sənə ev verib, vəzifə verib, hətta 2015-ci il üçün deputat mandatın hazırdır. Güldüm, bəzən də əsəbləşdim. Bunların mədəni olanlarına izah etməyə çalışdım ki, dedikləriniz boş yalanlardır və bu hakimiyyət də durub durduğu yerdə hələ mənim kimi birisinə heç nə verməz. Anlamadılar, öz dediklərində israr etdilər, mən də həmişəki kimi dedim ki, bunu da buraxaq zamanın öhdəsinə. Buraxdıq. Ancaq hər iki tərəfin tərəfdarları təhqirlərini, böhtanlarını, uydurmalarını davam etdirdilər. Təmkinimi pozmadım, dözdüm. Çünki bilirdim ki, bunların əsas davası irəlidədir. Özü də mənimlə deyil, özlərilə!
İndi zaman mənim haqlı olduğumu təsdiq etdi. AXCP-Müsavat davasından ortalıq toz-duman olub. Hakimiyyətlə mübarizə yaddan çıxıb. Mən və mənim kimi bu hakimiyyəti "ayaqda tutduğu" iddia edilən adamlar da unudulub. Cəbhəçilər və müsavatçılar bir-birini Ramiz Mehdiyevə, Əli Həsənova satılmaqda ittiham edirlər. Qarşılıqlı şəkildə faktlarla, dəlillərlə sübut edirlər ki, bu belədir! Hətta sosial şəbəkələrdə bir-birilərini küçə söyüşlərilə təhqir də edirlər. Qəzetlərində yazdıqları yazılarda nəinki jurnalist etikasını, heç elementar etikanı belə gözləmirlər. Bir zamanlar küncə sıxışdırdıqları Əbülfəz Elçibəyin ruhunu belə rahatsız edir, onu öz iddialarının şahidi kimi qələmə verirlər. Və bir yandan da bizim bir zamanlar sakit şəkildə dediyimiz və dediyimizə görə də təhqirlərə, basqılara məruz qaldığımız mətləbləri bunlar şəkilli, dəlilli, sübutlu bir formada açıb ağardırlar.
Bunların nə yazdıqlarının, bir-birilərinə hansı ittihamlar ünvanladıqlarının ayrıntılarına varmaq istəməzdim. Zatən hər şey göz önündədir. Sadəcə onu vurğulamaq istərdim ki, məni və mənim kimiləri hakimiyyətə satılmadqa, müxalifətin ayağının altını qazmaqda ittiham edənlərin özlərinin düşdüyü gülünc günü görmək şəxsimə ayrıca ləzzət eləyir. Çünki mən bunlardan fərqli olaraq hakimiyyətə münasibətimi açıq şəkildə bəyan edirdim və edirəm də. Mən açıq şəkildə bildirmişdim ki, İlham Əliyevi dəstəkləyirəm. Bunlar isə ona qarşı olduqları və mübarizə apardıqları görüntüsü yaradırdılar, əslində, xalqdan gizli şəkildə hakimiyyətə işləyirdilər və nəticədə qazanan yenə də bu hakimiyyət olurdu. İndi, görünür, öz aralarında bölə bilmədikləri bir şey var ki, bir-birilərini "hakimiyyətə satılmaqda" ittiham edirlər. Ay sizi oyunbazlar!
Di qırın bir-birinizi! Öz işinizdir, qarışmırıq! Amma rica edirik ki, bundan sonra özünüzün bulaşdığınız çamuru mənim və mənim kimilərin üstünə atmayın. Onsuz da tək bir yağmur yetərli olur ki, çamura bulaşdırılmışın kim, çamur içində olanın kim olduğu üzə çıxsın. Necə ki, son günlərin "Milli Şura" davaları hər şeyi üzə çıxardı...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB