MÜSAVAT GETDİ, RÜSTƏM GƏLİR? TƏHLİL

Müsavat partiyası "Milli Şura" qapısını çırpıb getdikdən sonra çırpılmış qapının küləyi çəkilib getməmiş, qurumda maraqlı hadisələr yaşanmağa başlayıb. Məsələ ondadır ki, "Milli Şura"da təmsil olunan fərdi şəxslərlə "Milli Şura" sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. "Zəhmətkeşlər" yığıncağına bənzəyən toplantıda, daha dəqiq desək, ssenariləşdirilmiş görüşdə fərdi şəxslər bir-bir çıxış edərək, Cəmil Həsənli ilə Əli Kərimliyə "şura"nın fəaliyyət göstərməsində "israrlı", eləcə də "işləmək əzmində" olduqlarını bildiriblər.

Söz yox ki, bütün bunlar sadəcə görüntü və siyasi reklam xarakteri daşıyan məsələlərdir. Lakin bu görüşün məqsədi arxasında daha bir məsələ də varıymış. Məsələn, əsas məqsəd həmin görüşdə "Milli Şura"nın keçmiş sədri və fəxri sədri Rüstəm İbrahimbəyovun yenidən fəxri sədrlik postuna gətirilməsi məsələsidir.

"Milli Şura"da təmsil olunan hüquq müdafiəçisi Namizəd Səfərov mətbuata açıqlamasında deyib ki, qurumun bu həftə keçiriləcək sessiyasında İbrahimbəyovun fəxri sədr postuna geri qaytarılması müzakirə olunacaq: "Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın".

Bax, gülünc, iztehza doğuracaq məsələ də budur ki, "Milli Şura"nın özü bir sıra xarici dairələrin əllərində ipli kukla kimi oynadılarkən, qurum təmsilçiləri də başda AXCP sədri Əli Kərimli və Cəmil Həsənli olmaqla Rüstəm İbrahimbəyovu əməlli-başlı "iqruşkaya" çeviriblər. İstəyirlər o yana, istəyirlər bu yana çevirirlər. Adını da qoyurlar ki, "biz siyasət yürüdürük". Amma nə siyasət. Hansı siyasət, hələ də bəlli deyil ki, bəlli deyil... Bircə bəlli olan budur ki, bunlarınkı həmdən-həmə, dəmdən-dəmə siyasətidir.

Müxalifətdə az-çox elektoratı olan Müsavatı kənara itələyərək, siyasətdən başı çıxmayan Rüstəm İbrahimbəyovun ətəyindən yapışıb mən ölüm-mən-ölümlə geri qaytarmağın arxasında isə bircə amil dayanıb – "Milli Şura"nın itirilmiş pul kisəsinin ağzını yenidən açmaq. Əlbəttə ki, İbrahimbəyovun qaranlıq xarici əlaqələri sayəsində.

Deyəndə ki, bunların abırları, həyaları yoxdur, o saat durub bar-bar bağırırlar ki, bizi tənqid edirlər və həmin tənqidlər əbəsdir. Deyəndə ki, bunlar pul-paradan ötrü öz siyasi əqidələrini satmağa hər an hazırdırlar, yenə də deyirlər ki, yox, belə deyil, elədir. Deyəndə ki, bütün bunların arxasında AXCP sədri Əli Kərimli var və həmin bu Kərimli Rüstəm İbrahimbəyovla Cəmil Həsənlini barmağına dolayır, yenə də xoşlarına getmir. Bə nə deməliyik axı bəylər?

Deməliyik ki, cəmiyyət sizdən ötrü ölümə də gedər, uf deməz? Deməliyik ki, "Milli Şura"dan başqa hər şey yalandır. Ondan başqa doğru yol yoxdur? Əlbəttə ki, deməməliyik və deməməyimizdə yüzə-yüz faiz əminik!

Məsələ həm də ondadır ki, Müsavatın "Milli Şura"dan qoxusu çəkilməmiş Rüstəm İbrahimbəyovun adı çəkilən qurumun fəxri sədrliyinə mümkün qayıdışı heç nəyi dəyişməyəcək. Ona görə ki, dəyişilməyən elə bu müxalifətin özüdür. Bir halda ki, dəyişilə bilmirlərsə, onda nəyi dəyişdirəcəklərini düşünürlər? Dəyişilməli olan bircə müxalifətin təfəkkürüdür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə