Deyəsən müxalifətimizin ənənəvi mitinq dövrü başlamaq üzrədir. Hətta deyim ki, başlayıb. Bunlar boş otura bilmirlər. 92-dən estafet götürən çayxana söhbətləri artıq stadionlara transfer edilmiş durumda. Ya da belə deyək: əvvəl oturub danışmağa üstünlük verirdilər, indi isə maşallah, ərsəyə gətirmiş olduqları aksiyalarda o qədər boş yerlər olur ki, hətta qaçaraq belə istənilən mövzunu müzakirə etmək iqtidarındalar. Eynən, dekabrın 15-də olduğu kimi...
Çox düşündülər neyləyək, nə mövzu tapaq, axırda bəlli oldu – "Bahalaşma!". Hərçənd, həmin mitinqdə qiymət artımı ilə bağlı kəlmə belə kəsilmədi. Yenə də hədəfdə siyasi hakimiyyət idi, yenə də Cəmil Həsənli öz aerodrom "kepka"sını başına qoyub natiq və siyasətçidən daha çox pilotu xatırladan görkəm almışdı və nəhayət yenə də ətrafdakı kamikadzelər heç bir şeyin fərqinə varmadan əvvəlki amplualarını qorumağa çalışırdılar. Niyəsə və nəyəsə sevinirdilər, çəpik vururdular, hətta bəziləri qışqırıb oynayırdı. Demək ki, müxalifətçilik artıq bunların başına vurub...
Və ya təsəvvür edin, həmin aksiyada müxalif medianın fotoqrafları ha çalışıb sanballı, izdihamlı bir kadr tuta bilsin, amma alınmayıb. Çünki, baxıblar, sağ, sol, orta, arxa, əlqərəz bütün ətraf seyrəkdir. Meydanda yalnız öz tanışları, qonşuları, işçiləri və bir də qohum-əqrəbaları var. Onlar da mənasız şüarlarla ortalıqda dövrə vurur. Hətta görün vəziyyət nə yerdə olub ki, adamsızlıq ucbatından Şahvələd Çobanoğlunu qabağa veriblər ki, aksiyanı idarə eləsin. Oysa, bu adamın özünü idarə edən lazımdır. Çünki, xarab robot kimi bir şeydir. Beyni ilə ağzı arasındakı rabitə qar vaxtı şəhərlə "Yeni Yasamal" arasındakı rabitəni xatırladır...
Amma deyim ki, azalıblar. Həm də yetərincə. Və ya bunlar öz aləmində meydana Ukrayna hadisələrindən xoşhallanıb çıxmışdılar. Guya özlərini onlara oxşadırdılar. Eynən narıncı inqilablar dövründə olduğu tək. Fəqət növbəti dəfə nəzərə ala bilmədilər ki, orada ideoloji xətt də başqadır, siyasi hakimiyyətin yürütdüyü istiqamət də fərqlidir və ən əsası ukraynalıların İsa Qəmbər, Əli Kərimli adında, Cəmil Həsənli pafosunda liderləri, siyasətçiləri yoxdur, heç bir zaman da olmayıb. Yox əgər olsa, o zaman anındaca "Maydan"ın adını dəyişib "Məhsul"qoyarlar və ya 300 minlik insan seli ilə deyil, bu zavallılar kimi 300 nəfərlik çürümüş və deqrodasiyaya uğramış insan tablosu ilə baş-başa qalarlar...
***
Hələ sizə kimdən danışım? Əsrarəngiz bir üçlükdən. Əli İnsanov, Rəsul Quliyev və Hüseyn Abdullayev. Partiya yaradırlar. Ən son gələn məlumatlar belədir. Harda və necə yaradırlar məsələsi kimsəyə məlum olmasa da niyə yaratdıqları artıq məlumdur: öz hüquqlarını müdafiə eləmək istəyirmişlər. Və çox güman dünyada analoqu olmayan bir hadisədir ki, siyasi partiya kiminsə və ya kimlərinsə müdafiəsi zəminində yaradılsın. Ya da belə deyək: Bu insanlar təşkilatın hələ bünövrəsini belə qoymadan artıq məram və məqsədlərini bəyan ediblər: Özümüzə işləyəcəyik! Hətta təşkilatın adı da məlumdur: "Yeni Nəfəs". Deyim ki, əvvəl bunu "Yeni Qəfəs"zənn etmişdim. Çünki, düşünürdüm, bu ad yəqin uzun illərdir həbsdə yatan Əli İnsanovun şərəfinə qoyulmuş olar. Amma yox.., elə nəfəs imiş. Çox böyük ehtimalla da xəyanətin və dönüklüyün - Nəfəsi!
O ki qala, Rəsul Quliyevə...Deyəsən bu adamın gerçəkdən gəzmədiyi qucaq və dolanmadığı məkan qalmayacaq. Həm də ahıl çağında! Bu söylədiyim isə artıq proqnoz və ehtimal deyil, açıq bir görüntüdür, reallıqdır...
Və nəhayət. Hüseyn Abdullayev. Düşünürəm, onunla bağlı xüsusi bir şərhə ehtiyac yoxdur. Amma sadəcə bir məqama toxunum ki, Abdullayev haqqında bu günə qədər ən gözəl və ən mükəmməl bənzətmə Hafiz Hacıyevin dilindən səslənib: "Bir adamın adı ki Quska ola"...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB