- Oooo... Kimi görürəm?! Necəsən, qardaş, nə var, nə yox? Haçandı səndən xəbər tuta bilmirəm. Haralardasan, nə ilə məşğulsan?

- Sağ ol, hər şey yaxşıdı. Başım işə-gücə qarışıb yaman.

- Bura bax, "feys"də varsan? Varsansa, dostluq göndərərəm, orada tez-tez hal-əhval tutarıq, danışıb dərdləşərik.

- Açığı, mən internetlə elə də maraqlanmıram, amma sənin kimi tanışlar deyirlər "feys" ünsiyyət üçün çox əlverişli imkandır. Gərək vaxt tapıb bir maraqlanım.

- Geridə qalmısan ki, zəmanədən... İndi balaca uşaqlar da "feys"də özlərinə səhifə açıblar. Darıxma, mən sənin adından profil yaradaram. Şəklin də var məndə, qoyaram. Baxıb heyran olacaqsan...

- Yəni mənim əvəzimdən başqa adam profil aça bilər?

- Əlbəttə, nə mane olur ki? Sən bu işi mənə burax. Günü bu gündən "feys"də səhifən hazırdır. Parolunu da deyərəm sənə, ürəyin istəyəndə girib, dostlarınla söhbətləşərsən. Statuslar paylaşarsan, başqalarının statuslarına şərhlər yazarsan. İlk dostun da özüm olacam.

- Sağ ol, qardaş, heç bunu bilmirdim. Onda xəbər gözləyəcəm səndən...

Çoxdan bəri bir-birlərini görməyən tanışlar arasında bu cür söhbətlərə indi tez-tez rast gəlmək mümkündür. Etiraf edək ki, sosial şəbəkələr bu gün əksəriyyət üçün gündəlik həyat tərzinin ən vacib elementinə çevrilib. Bizim pis və yaxud yaxşı deyə mühakimə etməyimizdən asılı olmayaraq, fakt faktlığında qalır. Məsələnin ictimaiyyəti narahat edən tərəfi isə budur ki, istənilən istifadəçi "Facebook"da özü ilə yanaşı, başqalarının da adına profil açmaq imkanına malikdir. Bu imkandan geninə-boluna yararlanan dələduzların məqsədi isə müxtəlifdir. Kimisi tutaq ki, hansısa tanınmış müğənninin adından istifadə etməklə, öz aləmində bununla bir növ əylənir, başqa birisi isə saxta profilini yaratdığı ictimai-siyasi xadimin adından öz siyasi mənafeyinə uyğun statuslar paylaşır, ictimaiyyətdə ona qarşı inamsızlıq yaradır və s.

Son məlumata görə, Azərbaycanda "Facebook"dan ümumilikdə bir milyondan çox adam yararlanır. Bunların arasında dövlət məmurları, tanınmış ictimai-siyasi və elm xadimləri, qəzet, jurnal və informasiya agentliklərinin baş redaktorları, telekanal rəhbərləri, məşhur jurnalistlər, yazıçı və şairlər, sənət adamları da var. Amma indiki halda, bayaq dediyim kimi, profillərlə bağlı tərəddüdlər və qeyri-müəyyənliklər ortaya çıxır. Məsələn, həqiqi saydığın hər hansı profilin saxta olduğunu biləndə az qalırsan öz əlinlə yaratdığın "Facebook" səhifənə də şübhə ilə yanaşasan. Bir vaxtlar Azərbaycan televiziyasının "Komediyalar aləminə səyahət" verilişində nümayiş olunan məşhur monoloqda deyildiyi kimi: "Baxıram güzgüdə özümə ki, görüm bu mənəm, ya mən deyiləm?! Qalmışam mat-məətəl..."

Bu günlərdə dostumuz, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin adına yaradılan səhifənin də saxta olduğu üzə çıxdı. Səhifənin yaradıcısı Vüqar Rəhimzadənin adından onun siyasi mövqeyinə zidd statuslar paylaşmağa cəhd göstərsə də, xoşbəxtlikdən bu saxtakarlıq vaxtında ifşa edildi. Amma onsuz da Vüqar müəllimin öz siyasi əqidəsinə necə sadiq insan olduğunu bütün ictimaiyyət yaxşı bilir. Əməkdar jurnalist KİV-ə müsahibəsində bunu bir daha bəyan etdi... İndi qalır saxta profil açan dələduzun müəyyən edilməsi və törətdiyi cinayətə görə qanun qarşısında cavab verməsi. Ümid edirik ki, tezliklə bunun da şahidi olacağıq. Xatırladım ki, bundan bir qədər əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və daxili işlər naziri Ramil Usubovun da adına saxta profillər yaradılması halları aşkarlanmışdı. Təzəlikcə xarici işlər naziri Elmar Məmmədyarovun da adından saxta "Facebook" profili açılıb və nazirliyin sözçüsü Elman Abdullayev bununla bağlı mətbuata geniş açıqlama verib: "Belə bir profil yoxdur. Tamamilə saxtadır. Bununla bağlı xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə məlumat verilib ki, "Faceebook" şirkətinin rəhbərliyi ilə əlaqə saxlasınlar və məsələnin qarşısını alsınlar. Ümumiyyətlə, düşünürəm ki, bütün saxta profillərin açılması ilə bağlı mübarizə aparılmalıdır və belə işlərlə məşğul olanlar birmənalı şəkildə cəzalandırılmalıdır."

Saxta profillər haqlı olaraq şəxsi həyata müdaxilə kimi dəyərləndirilir. İnternet üzrə ekspertlər indiki halda onların yaradılmasının əngəllənməsinin qeyri-mümkünlüyünü bildirirlər. Söhbət yalnız mövcud, yəni artıq internet aləminə ayaq açmış saxta profillərin bağlanmasından gedə bilər. Bunun üçün də adına saxta profil açılmış şəxsin sayt administrasiyasına şikayət etməsi ən vacib şərtdir. Milli İnternet Forumunun rəhbəri Osman Gündüz isə saxta profillərlə mübarizə aparmağın ən səmərəli yolunu həmin şəxslərin özlərinin profil yaratmasında görür və hesab edir ki, bu zaman heç kəs onların adından istifadə edə bilməz. Yəni belə olanda hamı saxta ilə həqiqi profili rahat şəkildə bir-birindən fərqləndirə biləcək və dələduzların "əziyyəti" boşuna gedəcək.

P.S. Sonda onu da deyim ki, "Facebook"da mənim də səhifəm var. Hələ ki, orada mən özüməm, adıma saxta profil açılıb-açılmadığındansa xəbərsizəm...

Bütün xəbərlər Facebook səhifəmizdə