Dünən Milli Mətbuat tariximizdə bir ilk yaşandı əslində. Müstəqil Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq dövlət bir zümrənin 155 tanınmış simasının problemini həll etmək üçün bu qədər geniş sosial aksiya keçirir. Milli mətbuat gününün dövlət tərəfindən ev hədiyyə edilməsi ilə təbrik olunması olduqca misilsiz bir hadisədir.
Amma jurnalistikamızın yaxın tarixinə baxdlıqda bunu Azərbaycan dövlətinin mətbuata yönəlik ardıcıl siyasətinin məntiqi davamı olduğunu da görmək mümkündür. Məhz Azərbaycanda MDB məkanında ilk dəfə olaraq mətbuat üzərində bütün dövlət nəzarəti mexanizmi - əvvəlcə senzura idarəsi, sonra isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Məhz Azərbaycanda yenə MDB-də ilk dəfə olaraq Qərbi Avropa ölkələrinin modelində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis edilib və uğurla fəaliyyət göstərir.
Məhz Azərbaycanda MDB məkanında ilk dəfə olaraq mətbuat üzərində bütün dövlət nəzarəti mexanizmi - əvvəlcə senzura idarəsi, sonra isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Məhz Azərbaycanda dövlət-mətbuat və cəmiyyət-mətbuat münasibətlərini tənzimləyəcək ictimai qurumun -Mətbuat Şurasının yaranması dövlətin fəal dəstəyi ilə baş tutdu.
Məhz Azərbaycanda informasiya ombudsmanı institutunun təsis olunması üçün qanunverici təşəbbüs qaldırıldı və İnsan Hüquqları üzrə Müvəkkil Aparatında müvafiq şöbə təsis olundu.
Ölkə başçısının media ictimaiyyətinin təşəbbüsünə dərhal reaksiya verərək jurnalistlərə mənzil tikintisi üçün müvafiq vəsaitin ayrılması barədə sərəncamı bu addımların məntiqi davamı idi.
...Şənbə və bazar günləri internetdən az istifadə etmişəm- həm vaxt məhdudluğuna görə, həm də açığı "Facebook"-dakı müzakirələri izləmək istəmədiyimə görə. Jurnalistlər üçün nəzərdə tutulan mənzil bölgüsündən narazıların etirazlarını sosial şəbəkələrdə paylaşacağı əvvəlcədən bəlli idi. Bu etirazların bəzən etik çərçivələrə sığmayacağı da gözlənilən idi. Amma axşam hər halda "Facebook"-a baxmaq istəyim güc gəldi.
Müzakirələrdə adımın yalnız müsbətə hallanması xoş idi. Amma "onun adının siyahıya düşməsi təsadüfdür" sözləri ilə istisna edilib mənzil sahibi olmaq sevinci yaşayan digər həmkarlarımızı hədəfə alınması mənim üçün qətiyyən xoş hal deyil.
Niyəsini deyim. Mənzil alanların sırasında yaxından-uzaqdan tanıdığım, məişətinə az-çox bələd olduğum Taleh Şahsuvarlı, Natiq Məmmədli, Nadir İsmayılov, Anar Miriyev, Xaqani Səfəroğlu, Nadir İsmayılov, Rey Kərimoğlu, Rəhim Hüseynzadə, Azər Sarıyev kimi həmkarlarım var. Onların hər biri əvvəlcədən elan olunmuş kriteriyalara tam uyğundur. Dönə-dönə deyilmiş bu kriteriyaları bir daha xatırladım: ehtiyacı, xidməti (10 ildən az olmayan jurnalist stajı), haqqı olmaq. Sonuncu tələb şübhəli görünə bilər. Amma kimə sirr deyil ki, bu ölkədə reketçi və separatçı nəşrlərdən, totalitar sektaları təbliğ edən KİV-lərdən özünə staj düzəldənlər də az deyil. Odur ki, bu tələbi mən çox məntiqli və əsaslı hesab edirəm.
Dünən açıqlanmış siyahıda adı keçənlərdən kimsə ola bilsin ki, bu kriteriyalardan birinə uyğun gəlməyib. Daha konkreti, ehtiyaclılıq kriteriyası bəzi adlara şamil edilə bilməzdi. Amma ortada uzun illərin stajı, jurnalistikamız və bu sosial dəstək aksiyasının keçirən dövlətin - Azərbaycan dövlətinin qarşısında xidmətlər var. "Tərəqqi", "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuş şəxslərə mənzil hədiyyə edilməsi niyə qəribə qarşılanmalıdır ki. İstənilən xidmət bir ömür uzunu sadəcə mənəvi –ruhani dəyərlərlə stimullaşdırıla bilməz, həm də maddi dəyərlərlə stimullaşdırılmalıdır. Biz aləmi -l-mələkutda (mələklər dünyasında) deyil, insan cəmiyyətində yaşayırıq. Unutmayaq, siyahıda adı olan elə şəxslər də var ki, xidmət və haqlılıq kriteriyaları deyil, məhz ehtiyaclılıq nəzərə alınaraq onların mənzil şəraitləri yaxşılaşdırılır. Hazırda ciddi səhhət problemi olan Nicat Dağların, mərhum jurnalistlər Mirzə Əsgərovun, Alı Mustafayevin ailələrinin məhz bu prinsiplə seçilərək mənzillə təmin edildiyi hər kəsə aydındır. Son 20 ildə nə Mirzə Əsgərovun, nə də Alı Mustafayevin ailələrinin heç bir üzvü jurnalistika ilə məşğul olmur.
Bəs, ola bilərmi kimlərsə bu kriteriyalara "uyğun gəlmək" üçün xüsusi canfəşanlıq edib? Ola bilər. Axı əvvəlcədən deyilmişdi ki, bu, jurnalistlərin vicdan sınağıdır. Vicdan sınağından hamının alnıaçıq çıxdığını söyləmək çətindir. Şəbəkələrdə ayrı-ayrı şəxslərin özünə saxta staj düzəldə bilməsinə eyham edilir. Yaxşı, bunu indi niyə deyirsiniz? Həm də eyhamla deyib ümumi işə niyə kölgə salırsınız? Konkret olun. Hansı redaksiya bu vicdan sınağından çıxmayıbsa, konkret yazın və dediklərinizi sübut edin. Unutmayın ki, sosial şəbəkələrdəki paylaşımlarınız və kommentləriniz də hüquqi prosedurlar üçün əsas yarada bilər, həm də sizə qarşı. Əgər faktlar və şübhələr ciddidirsə, ikinci binadan mənzilə iddiaçı olacaq şəxslərdən kimlərinsə mənzil almaq naminə sovet ənənəsi stilində qəsdən rəsmi boşanmaya gedib-getmədiyi, əzəlki stajının Dövlət Sosial Müdafiə Fondunda qeydə alınıb-alınmadığı, yoxsa sadəcə, kağız üzərində mürəkkəb qoyma-sənəd saxtalaşdırma əməliyyatı olub-olmadığı dəqiqləşdirməldir. Bu şərtlərin işlək olması üçün gərək gələcəkdə DSMF-dən də, VVVAQ idarələrindən də arayışları tələb edilsin. İndidən ictimai nəzarət mexanizmləri düşünüb təklif edin. Hamıyla hamıya qarşı döyüşmək isə anarxistlərin seçimidir. Anarxistsinizsə, dövlətin aksiyalarından niyə mədəd umursunuz?
Əvvəlcədən elan edilmişdi ki, fərdi müraciətlərdən daha çox redaksiyaların müraciətinə baxılacaq. Və bu, jurnalistlərin vicdan imtahanı olacaq. Publika.Az-ın da, "Gündəlik Teleqraf"-ın da redaksiya daxili müzakirələri kifayət qədər şəffaf aparılıb. Müvafiq protokolun hazırlanması üçün keçirilən müzakirələrdə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə də iştirak edib.Bu şəffaflığa görə təsisçimiz Aynur Camalqızına və kollektivin hər bir üzvünə təşəkkür edirəm. Biz jurnalistlərin vicdan sınağından alnıaçıq çıxmışıq. Digər redaksiylarda mənzil bölgüsünün nə qədər şəffaf olduğunu bilmirəm. Bunu o redaksiyaların öz əməkdaşları müəyyən etməli, irad və təkliflər araşdırılması üçün Mətbuat Şurasına və KİVDF-yə ünvanlanmalı idi. Həm də indi yox, zamanında.
Bəs, bu sosial aksiyanın ayrı-ayrı şəxslərə deyil, jurnalistikaya faydası nə olacaq – indən belə Azərbaycan vətəndaşları "Diplomat", toleşpress.com, haqqyolu.com-larda deyil, hər halda normal, öz dövlətinə asi olmayan müxalif və müstəqil nəşrlərdə çalışmağa üstünlük verəcəklər. Separatçı, reketçi, xarici mənbələrin yönəltdiyi antiAzərbaycan nəşrlər ən azı maddiyyat və perspektivlər baxımdan cəlbedici olmayacaq. Əlbəttə ki, ideolji manyakları istisna edirəm.
Jurnalistikaya əlavə hobbi kimi baxanlar, müvəqqəti məşğuliyyət kimi yanaşanlar da azalacaq. Kimsə 10 il gözləyəcəksə, sonra bu peşədən başqa sahələrə adlamaq müşkül olacaq. Təcrübədən keçirilib deyə deyirəm. On ildən sonra kimsə gedib özünü başqa sahədə rahatla təsdiqləyə biləcəyini düşünürsə, çox yanılır.
Burda bir məsələni də qeyd etmədən keçmək istəmirəm: Rəşad Məcidə elə bir rəğbətim yoxdur; daşıyıcısı olduğumuz dəyərlər, insani münasibətlər sistemimiz, yaşadığımız həyat tərzləri bambaşqadır. Amma bir mülahizəmi bölüşməkdən çəkinmirəm: onun Mill Mətbuat günü Prezidentlə jurnalistlərin görüşü zamanı etdiyi çıxış sadəcə bir jurnalistin deyil, peşəkar, məntiqi vurğuları, mətn təqtiləri yerli-yerində, emosional vurğuları olduqca səmimi olan bir tribunun çıxışı idi. Media əhlinə baş ucalığı gətirəcək bir çıxış. Bu gün üçün də, sabah üçün də. Bunu Rəşad Məcidə qarşı sosial şəbəkələrdə səngimək bilməyən atəşlərə cavab olaraq yazmıram . Adam özünü müdafiə edə biləcək yaşda və başdadır. Sadəcə, düşünürəm ki, biz ara-sıra xüsusi rəğbətimiz olmayan şəxs(lər)in rəğbət doğuran uğuruna sevinməyi bacarmalıyıq. İnsan olduğumuz üçün, axı, biz cəngəllik qanunları və vəhşi instinktlərlə yaşamırıq. Başqalarından mələk olmağı tələb edəndə özümüzü insan cəmiyyətinin fərdləri kimi aparmağı da bacarmalıyıq.
Sonda bizə bu sevinci bəxş etmiş Azərbaycan dövlətinə, dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Mənimlə eyni sevinci paylaşan bütün həmkarlarımı təbrik edir, yeni - içi mən qarışıq bir çoxları üçün ilk - mənzillərində jurnalistikamızın inkişafı naminə yeni yaradıcılıq uğurları arzulayıram.
Əminəm ki, iki il sonra bu sözləri mənzil almağa haqqı olan, amma bu dəfə ala bilməyən
digər peşəkar qələm dostlarımız üçün də könül rahatlığı ilə deyə biləcəyik...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB