Rüstəm İbrahimbəyovun ard-arda irəli sürdüyü "ideyalarının" elə ard-arda da fiaskoya uğramasının arxasında bir amil dayanıb ki, həmin amilin nədən ibarət olduğunu hər birimiz çox yaxşı bilirik. Məsələn, yaxşı bilirik ki, "Ziyalılar Forumu"nun, "EL" adlı qondarma qurumun, eləcə də yaranması böyük sual altında qalan "Milli Şura"-nın uğursuzluq sindromları antimilli əsaslara söykənir. Və əgər ortada antimillilik mövcuddursa, demək sözügedən "ANTİ" faktoru burada öz sözünü deyir. Yəni xalqın, dövlətin milli maraqlarını təmin etməyən istənilən mövzu reallaşmır.

Hanı?!

Lap götürək 20 ildir ki, müxalifətdə haray-şüvənçiliklə divident axtarışına çıxan ənənəvi partiyaları və onların bu illər ərzində yaratdıqları çoxsaylı siyasi qurumları. Sual oluna bilər ki, bəs hanı onların bəh-bəhlə tərf etdikləri "birliklər"? Hanı DUBB? Hanı SİDSUH? Hanı DUH? Hanı MKM? Hanı "Amal" adlı "ziyalılar hərəkatı"? Hanı "Bizim Azərbaycan" bloku? Hanı "Azadlıq" bloku? HANI?!

Göründüyü kimi onların heç biri yoxdur. Çünki onların yoxluğu bilavasitə müxalifətin 20 ildə əldə edə bilmədikləri arzularının puç olması deməkdir. Ona görə də deyə bilərik ki, növbədə "İctimai Palata", "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "Qarabağ" bloku, "EL" adlı qondarma "hərəkat, "Ziyalılar Forumu" adında reneqatlar toplumu, həmçinin haqqında danışdığımız (yazdığımız -R.) antimilli "Milli Şura"dır.

"Milyarderlər İttifaqı"nın "Milli Şura"sı, ya da separatçı Söyün Sadıqovun "Milli Şura"sı...

Bir də ona görə ki, adicə siyasi partiya kimi fəaliyyət göstərə bilməyən "liderlərin" qondarma qurum və birliklərdə "zəfər" qazanmaları da inandırıcı görünmür. Əgər hər şey onların dediyi kimi olsa idi, faktiki olaraq hakimiyyətə yiyələnməyə macal tapardılar. Ancaq çox şükür ki, belə milli xəyanətkarlar hakimiyyətin həndəvərinə də yaxınlaşa bilməyiblər. Çünki hazırkı iqtidarı dəstəkləyən güclü xalq ordusu seçkilərdə öz səsini onlara rəva görməyib və çox düz seçim edib!

Eyni zamanda, nəyə görəsə, cəmiyyətə güclə sırınan bu "şura" ictimaiyyətdə R.İbrahimbəyovun "Milli Şura"sı kimi səsləndirilir. Ancaq ictimaiyyət burada haqlı olsa da, məncə daha bir reallığı ortaya qoymalıdır. Məsələn, R.İbrahimbəyovla yanaşı, Rusiyada fəaliyyət göstərən və erməni lobbisinin maraqlarına cavab verən "Milyarderlər İttifaqı"nın "Milli Şura"sı, ya da separatçı Söyün Sadıqovun "Milli Şura"sı... Və bu siyahını o qədər uzatmaq mümkündür ki, bütün qəzet səhifəsini tutmaq olar. Çünki belələrinin xəyanətləri tükənməz qədərdir!

Xəyanətlər isə bağşlanmır. Necə ki, xalq R.İbrahimbəyovun antimilli "şurasını" yaxın ərəfələrdə arxivə gömülmüş digər qurumların yanına göndərəcək...

Bütün xəbərlər Facebook səhifəmizdə