Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov... Üçüncü kimdir?

Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi insanları artıq Azərbaycanda və Ermənistanda təqdim etməyə ehtiyac yoxdur. Ölkəmizdə onlar erməni millətçilərinin mənafelərinin müdafiəçisi, Ermənistanda isə arzuolunan insanlar kimi tanınmağa başlayıblar. Bir müddət əvvəl Azərbaycan yazıçısı Ə.Əylislinin "Daş yuxular" romanı yaşadığı ölkədə böyük bir şok yaratdı. Ermənistan-Azərbaycan qarşıdurması mövzusuna toxunan yazar Azərbaycan xalqını qaniçən, vəhşi, insani hisslərdən və sivilizasiya dəyərlərindən uzaq olan bir toplum kimi təqdim etdi. Sanki 1918-ci il mart qırğınlarını, ən əsası Xocalı faciəsini erməni millətçiləri deyil, azərbaycanlılar ermənilərə qarşı törətmişdilər.

R.İbrahimbəyov Ə.Əylislinin ideya xəttini davam etdirərək, maraqlarını daha geniş ifadə etdi. Əgər Ə.Əylisli ancaq bədii təxəyyül vasitəsilə erməni millətçilərinin Azərbaycan torpaqlarına torpaq iddiasına sülhpərvər don geyindirirdisə, kinorejissor nöqtəni birdəfəlik qoydu. O, Dağlıq Qarabağın erməni və azərbaycanlılar tərəfindən iddialarını elmi mübahisə predmeti adlandıraraq, o torpaqların Azərbaycan məxsusluğunu şübhə altına aldı. Hətta daha irəli gedərək problemin hərb yolu ilə həllini cinayət adlandırdı. Deməli, Azərbaycan Ordusunu saxlamağa, cəbhə xəttində on minlərlə əsgər və zabitlərimizin keşik çəkməsinə ehtiyac yox imiş və əgər Azərbaycan işğal edilmiş torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlayarsa dövlətimiz Ermənistana qarşı cinayət etmiş olur".

"İki ziyalımız açıq-aydın Azərbaycanda erməni millətçilərinin maraqlarının müdafiəçisi rolunu oynamağa başladılar. Nəzərə alsaq ki, onların hər ikisi Ziyalılar Forumu deyilən ictimai-siyai qurumda təmsil olunurlar, demək Ermənistan maraqlarını Azərbaycanda müdafiə edən siyasi təşkilat da hazır imiş. Texniki məsələ isə, sadəcə olaraq zaman-zaman bu xəttin açıq dəstəyi ilə cəmiyyətə çıxmaqdır.

Bir müddət əvvəl həmin forum bazasında "El" hərəkatı deyilən müxalif ictimai-siyasi təşkilat yarandığı elan edildi. Nəzərə alsaq ki, nə Ziyalılar Forumu, nə də yeni hərəkat, üzvləri olan Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyovun məlum mövqelərini pisləmədilər, onların eyni ideoloji mövqeyə söykəndiklərini müəyyən etmək olar. Elə isə Azərbaycan cəmiyyəti vaxtaşırı Azərbaycanın Dağlıq Qarabağa olan hüququnu şübhə altına alan və Ermənistanın torpaqlarımızda törətdikləri cinayətləri elə Azərbaycan xalqının adına yazan yeni bəyanatlar eşidəcəkdir".

Bu halda sual yaranır, üçüncü kim olacaq?

Bütün xəbərlər Facebook səhifəmizdə