Xalqımızın unutqan olduğunu həmişə özümüzü qınayanda yadımıza salırıq. Bu, təbii ki o anlama gəlmir ki, bizim ağlımız, huşumuz itib. Sadəcə, biz cəzalandırmağı da, bağışlamağı da bacarırıq. Görünür, bəzi üzdəniraq ünsürlər bunu ya qorxaqlıq kimi yozur, ya da özünün haqlı olduğunu düşünür. Ona görə də, onu qısqırdanlara xoş getsin deyə xalqa, dövlətə, hakimiyyətə iftira atmağa, ağıl dərsi keçməyə çalışır. Amma geriyə çevrilib, 20 il bundan əvvəl bu xalqın başına hansı müsibətləri açdığını, satqınlıqlar etdiyini yadına salmır. Fikirləşir ki, əgər bu xalq itirilmiş torpaqlara, günahsız yerə öldürülmüş dinc sakinlərə, səriştəsiz komandirlərin, komandanlığın qurduğu planın güdazına gedən əsgərlərə görə onu məhşər ayağına çəkməyibsə deməli, xəyanətləri sıralamaq olar.
Hörmətli oxucu, bu sözlərin ünvanı yox deyil. Vaxtilə Politexnik İnstitutunda (indiki Texniki Universitet – V.V) tələbələrdən yığdığı semestr pulları hesabına ailəsini dolandıran, meydan hərəkatı dövründə isə mələk libasına bürünüb Dağlıq Qarabağda at oynadan erməniləri İrəvana qədər qovacağı ilə hədələyən, SSRİ-nin (oxu Rusiyanın – V.V) Zaqafqaziya ordusunun komandanının tapşırığı ilə Laçından vurub, Ağdərədən çıxan, Şuşanın komendantı kimi itirilmiş və xarabazara çevrilmiş şəhərin düşmənə verilməsində birbaşa günahı olan Rəhim Qazıyev indi yenidən ortaya düşüb. Prezidentin ünvanına məktub göndərdiyi barədə yazılar dərc etdirir. Özünü adil, aqil kimi təqdim etməyə çalışır. Dövləti necə idarə etməyin yollarını öyrətməyə çalışır, əsgərlərin hansı səbəbdən öldüyü barədə "həqiqəti" söyləməyə çalışır. Amma Rəhim Qazıyev unudur ki, etdiyi cinayətlərə görə mütləq bir gün cəzasını alacaq.
Ermənistan ordusunun generalı, Qarabağ döyüşlərində aktiv iştirak etmiş, o cümlədən Şuşanın işğal olunmasında erməni silahlılarına komandanlıq etmiş, "komandos" ləqəbli Ter-Tedavosyan "Şuşa əldən gedərsə başıma bir güllə vuraram" məşhur cümləsinin müəllifi R.Qazıyevin komendantı olduğu şəhərə girəndə gördüklərindən dəhşətə gəlib və ağlayıb. Erməni "komandos" Şuşanı işğal etdiyi üçün ağlamayıb, o kilsəyə yığılmış "Qrad" qurğularının istifadə edilmədiyindən sevinərək ağlayıb ki, "bu dəli müsəlman niyə bunu istifadə etməyib". Rəhim Qazıyev, erməni general deyib ki, əgər bu mərmilər "dillənsəydi" Xankəndinin yerində yalnız turp əkmək lazım gələrdi. İndi hamıya ağıl dərsi verirsən, bəs niyə həmin qradları erməni qardaşlarının başına ələmədin? Hakimiyyətdən, məmurlardan danışırsan, onların "əməllərinə" rəng verirsən, bəs, sənin təmsil erdiyin hakimiyyətin mənim də təmsil olunduğum bu xalqın, millətin başına hansı müsibətlər gətirdiyindən niyə danışmırsan? Əlbəttə sənə bunlar sərf etmir.
Həmişə indiki hakimiyyətin sizi "cəmi bir illik hakimiyyətə görə" suçlamasını qəbul etmək istəmirsiniz. "Nə yatdıq, nə də yuxu görək" prinsipini ortaya atıb canınızı ittihamlardan qurtarmağa çalışırsınız. Amma bunu bilməniz lazımdır ki, sizin təmsil olunduğunuz AXC hakimiyyətinin cəmi bir ildə itirdiyini, vurduğu ziyanı indiki hakimiyyət düz 20 ildir ki, bərpa edə bilmir. Dağlıq Qarabağı kim verdi? Bəlkə 1990-93-cü illərdə baş verənlərə görə də 1993-cü ilin oktyabrında xarabazara çevrilmiş Azərbaycana sahib çıxan indiki hakimiyyəti günahlandırasınız? Sizdən bunu da gözləmək olar. Çünki siz "mələksiniz", mələklərin günahı olmaz ki, cəzalandırılsınlar.
Deyəsən Rəhim Qazıyevin qulağına kənardan səslər dəyib. Bu xəstə insanların sayıqlaması ola bilər, kimlərinsə Rəhimin qulağına pıçıldamağı da. İkinci daha ağılabatandır. Belə olmasaydı dünənə qədər keçmiş hakimiyyət dostlarını topa tutan, onların haqqında min cür söyüşlər yağdıran keçmiş "müdafiə naziri" bu gün hücum taktikası seçməzdi. Əsgər ölümləri hamını üzür, bu qəm karvanı hər birimizin içindən keçir. Hamımız çalışırıq ki, baş verən hadisənin səbəbkarları cavab versinlər ki, bu hal bir daha təkrar olunmasın. Amma heç kim zəmanət verə bilməz ki, bundan sonra sayı on minlərlə ölçülən Ordumuzda ölüm halları olmayacaq. Xüsusən də müharibə şəraitində. Amma ağlı başında olan hər bir kəs bilir ki, Azərbaycanı istəməyən ölkələr uzaqda deyil. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan həmişə "sözəbaxan", "ələbaxan" olsun, sərvətlərimizin paylanmasında daha çox səxavət göstərsin, iqtisadiyyatı zəifləsin.
Bu gün keçmiş komendantı zəncirindən açıb buraxanların ünvanını həmin ölkələr sırasında axtarmaq lazımdır. R.Qazıyevə təlimat verənlər onun dünənə qədər söydüyü radikal müxalifətlə əməkdaşlığa getməyi də lazım biliblər. Bu, əslində çox iyrənc metoddur. Rəhim Qazıyevi 20 il bundan əvvəl qısqırdanlar eyni üsuldan bu gün də istifadə edirlər. Vətəndaş Qazıyev istəsə belə onların ziddinə gedə bilməz. Çünki həmin qüvvələrin əlində çoxlu kompramatlar var, istədikləri vaxt "açarlar sandığı, tökərlər pambığı". Qazıyev sadəcə, "şkur"undan qorxur. Ki, onu əynindən çıxarıb lüt qoyarlar. Bir göstərişlə Şuşanı təhvil vermədimi? Bu kifayət edər ki, Rəhimin iç üzünü görəsən.
Şuşanın keçmiş komendantı, Şuşa gedəcəyi halda başına bir güllə çaxacağını deyən və kişiliyi çatmayan birisi prezidentə guya göndərdiyi məktubunun sonunda imza yerinə "Səmimiyyətlə, Rəhim Qazıyev" sözlərini qeyd edib. Rəhim Qazıyev, axı səmimiyyət başqa hissdir. Bu gözəl sözün içinə niyə özünü qatırsan? Səmimi olmaq istəyirsənsə ol, amma kişi sözünü, namusu, qeyrəti heç vaxt unutma. Bu Vətənə canımız fəda olsun! Bir can nədir ki, o canı qorumaq üçün min dona girirsən. Sənin bizim SƏSTV-nin çəkiliş otağında dediklərin kameranın yaddaşına köçüb. Hakimiyyətə yarınmaq üçün İsa Qəmbərin, Əli Kərimlinin atalarına od vururdun, onları şərəfsiz, səriştəsiz adlandırırdır. Bəs nə oldu? Hiss edəndə ki, bu xalqı təmsil edən hakimiyyət sənin qaranlıq keçmişini hələ unutmayıb, onda tələsik ətrafı juliklərlə dolu köhnə dostlarının yanına tələsdin. Sənin dövlət başçısına məktub ünvanlamağın da bir səmərə verməyəcək. Sənin üstünü artıq tarixin zibilliyində də toz basıb. Sözlərinin, məktublarının bir qəpiklik dəyəri də yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB