Lazım olan vaxtda lazım olan yerdə olmaq...Bilmirəm bu formulanu həyatın hansı sahəsini nəzərdə tutub söyləyiblər, amma o, bu gün hər yerdə - həm siyasətdə, həm jurnalistikada, həm biznesdə, həm də bir cox digər sahələrdə uğurla işləyir.

Sadəcə vaxtın, zamanın nəbzini dəqiq tutmaq, lazımı anda lazımı yerdə peyda olmaq bəs edir. İlk baxışda hər şey nə qədər sadə görünsə də, reallıqda buna nail olmaq o qədər asan deyil. Bunun üçün insanda xüsusi istedad, fövqəladə bacarıq, əlahiddə biclik və ikiüzlülük tələb olunur. Xüsusulə də söhbət lazım olan anda lazım olan adamın yanında olmaqdan gedirsə...

***

Mən öz həyat təcrübəmdə bu formuladan bəhrələnib cox qabağa gedənlər görmüsəm. Onların arasında ömür boyu yaltaqlıq və rüşvətxorluqla məşğul ola-ola düzlükdən və təmizlikdən dəm vuran jurnalist də olub, üzdə "Vətən", "millət", "qeyrət" deyib sinəsini yırtan, arxadasa hər gələn rəhbəri yanlayıb ondan vəzifə alan, Vətən bölünmək təhlükəsiylə üz-üzə qalanda özü və qardaşı hamıdan qabaq separatçının yanını kəsib karyera uman, adını müxalifət qoyub iqtidarla qohum olan simasız şair-yazıçı da.. gündə bir maska taxıb gah müxalifət, gah da iqtidar cəbhəsində yalmanan siyasətci də..Bu insanların ictimai tərkibi, status və kateqoriyaları nə qədər rəngarəng olsa da, onları birləşdirən bir xətt var - lazım olan vaxtda, lazım olan yerdə və lazım olan adamın yanında olmaq qabiliyyəti.

***

Bu kateqoriyaya daxil olunan insanlardan biri də Eldar Namazovdu. Vaxtilə kommunist, sonra cəbhəçi, daha sonrasa YAP-çı, indisə müxalifətçi-demokrat olan Eldar Namazov. Sadalananlardan da göründüyü kimi cənab Namazovda xüsusi istedad, fövqəladə bacarıq var. Elə olmasaydı 1 günün içində nümunəvi kommunistdən- alovlu cəbhəçiyə, mötədil yapçıdan- radikal müxalifətçiyə necə çevrilmək olardi ki ?

Mən onun kommunist olduğu vaxtlar elmi kommunizmdən söylədiyi leksiyaları dinləməmişəm. Amma Heydər Əliyevin köməkçisi işlədiyi dövrlərdə hansı məharətlə antimüxalifət təbliğatı apardığının canlı şahidi olmuşam. Bəri başdan tam səmimi olaraq deyim ki, bu günkü çoxsaylı qəzet və televiziya resursları fonunda iqtidar komandasında o cür keyfiyyətdə antitəbliğata rəhbərlik edə biləcək personanı görmürəm. Namazov bunu özünəməxsus ustalıqla edirdi. O dönəmlərdə hamı yaxşı bilirdi ki, "Spase" TV, "Panorama" qəzeti və "Şərq" informasiya agentliyi məhz birbaşa Eldar Namazovun kurasiyasında idi. Və indikindən fərqli olaraq, o vaxtlar daha cevik və qat-qat güclü olan müxalifət düşərgəsinə ən ağır press-zərbə də məhz Eldar Namazovun nəzarətində olan media resurslardan vurulurdu. Namazov bunu bacarırdı. Və bir daha etiraf edək ki, bu, onda xüsüsi olaraq alınırdı. Çünki öz hücum və zərbə strategiyasında o, ənənəvi təhqir, söyüş və ya şit kollaj və satiralardan deyil, daha çox fakt, dəlil və arqumentlərə üstünlük verirdi. Və bu da son nəticədə öz bəhrəsini verirdi.

***

Amma zaman ötdü, dövr dəyişdi. Və günlərin birində cənab Namazov hec kəsin gözləmədiyi bir vaxtda qəflətən istefa verdi. Düzünə qalsa, iqtidarın əsas təbliğat rıçağının qəfil istefası o dönəmdə daha çox aydın səmada çaxan şimşək təsiri bağışladı. Amma orasını da deyim ki, Namazovun bu qəfil istefası nə qədər gözlənilməz idisə, onun bir müddət sonra müxalifət düşərgəsində peyda olması da elə bir o qədər gözlənilməz və aglasığmaz idi. Çünki onun bir müddət əvvəl yıxıb, sürüyüb, əzdiyi müxalifət cəbhəsində peyda olması, bu azmış kimi, həmin müxalifətin də ona qucaq açması təbii ki, inandırıcı görünmürdü. Bəlkə də bir başqası olsaydı, müxalifətin onu qəbul etməsinə, hec olmazsa, sıravi üzv kimi fəalliyyətinə razılıq verməsinə görə sevinər, şükür edərdi. Amma Namazovda bu tərsinə oldu. O nəinki arabanın 5-ci təkərinə çevrildi, əksinə, qısa zaman ərzində həmin düşərgədə söz sahibinə çevrilərək, müxtəlif bloklar yaradaraq öz dəsti-xəttini diqtə etməyə başladı. Bu isə təkcə Namazovun lazım olan vaxt, lazım olan yerdə qərar tutmaq bacarığının göstəricisi deyildi. Bu həm də azəri müxalifətinin nə qədər simasiz və ikiüzlü olmasına əyani sübut idi.

***

Lakin çox keçmədi ki, ona öz ağuşunda yer vermiş müxalifət də ondan üz çevirdi. Çünki həm Namazovun siyasi sürüşkən keçmişi, həm də onsuz da az olmayan 1-ci olmaq istəyənlər içində 1-ci olmaq iddiası, onu meydanda tək qoydu. "Canavar tək qalandasa başına çaqqal-çuqqal yığışar" deyiblər. Bu gün Eldar Namazovun başına toplananların da kimliyinə nəzər yetirəndə, onlarin əksəriyyətinin xəstə, yorğun, tükənmiş və unudulmuş qocalar olduğu üzə çıxır. Və bu baxımdan da Namazov hərəkatına EL adi qoysa da cevrəsi DAR oldu. Başqa cürə ola da bilməzdi. Çünki bir nəfər bir nəfəri həmişə aldada bilər,bir nəfər hamını da bir dəfə aldada bilər, amma bir nəfər hamını həmişə aldada bilməz. Məhz əvvəldən üz tutduğu siyasi riya və dönüklük bu gün Eldar Namazovu meydanda tək qoyub. Bu səbəbdən də onun yaratdığı sonuncü "El hərəkatı" da selə dönə bilmədi. Əksinə, zəif yel təsirindən başqa bir şey olmadı. Yel isə qayadan nə aparacaq ki..? Cünki elin gözü tərəzidi. El Eldarın kim olduğunu yaxşı bilir. Və hətta lazım olan vaxtda, lazım olan yerdə olmağı bacaranlar da, kimi aldada bilsələr də, eli hec vaxt aldada bilməzlər.

Bütün xəbərlər Facebook səhifəmizdə