Fransa senatorlarının “türk siyasəti”

Hamı elə başa düşür ki, Fransa və bu kimi ölkələr dünyanın altını da, üstünü də bilirlər. Hərdən buna inanmağımız gəlmir. Özümüzə təsəlli veririk ki, yəqin Amerikanın, Rusiyanın, Fransanın (Həmsədr ölkələr olduğu üçün bu dövlətlərin adını çəkirik – V.V). Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bu münaqişəni kimin tərəfindən başlamasından, azərbaycanlıların soyqırımından, Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərini işğal etməsindən xəbərləri yoxdur və bu ölkələrin başbilənləri bizə qonaq gələndə çalışırıq ki, onlara Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın nə qədər haqlı olduğunu başa salaq. Amma yanılırıq, bu münaqişənin tarixini də, ermənilərin işğalçı olmalarını da, soyqırımını da bizdən yaxşı bilirlər və bizə sabah nələrin planlaşdırıldığını və nələrin baş verəcəyini də deyə bilərlər.

Zarafat deyil, dünyanın bu aparıcı ölkələrinin imkanları, texniki tərəqqisi o səviyyədədir ki, yerin 60 metr dərinlikdə və yerdən 60 min metr hündürlüdə nə baş verirsə hamısından xəbər tuturlar. Onda Cənubi Qafqazın ən təhlükəli münaqişə ocağı sayılan Dağlıq Qarabağdan, bu münaqişənin tarixindən, ermənilərin xarici hərbi dəstək sayəsində işğal etdikləri Azərbaycan ərazilərindən, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərdən necə, xəbərləri yoxdur? Əlbəttə var. Amma...

Fikir verin, dünyanı barmağına dolayan bu ölkələrin maraqları öz başlarını o qədər qatıb ki, ədalət prinsipini, beynəlxalq qanunları bilmərrə unudublar. Maraqları imkan vermir ki, işğalçıya yerini göstərsinlər. Ki, sabah bu metastaz verməsin, digər dövlətlər bundan nümunə kimi istifadə etməsinlər.

Başlayaq qondarma "erməni soyqırımı"ndan. Ermənilərin ehtimalına görə, bu hadisə I Dünya savaşı zamanı Osmanlı İmperiyasında dönəmində baş verib. Onların məntiqinə görə, günlərin bir günü türklər səhər yuxudan oyanıblar və başlayıblar "bu yazıq, məzlum erməniləri" qırmağa. Ermənilər bundan başqa heç nə demirlər. Demirlər ki, İmperiyanı parçalamaq istəyən dövlətlər onlara hansı tapşırığı vermişdi, Çar Rusiyası ilə hansı müqavilə imzalanmışdı, Osmanlı daxilində üsyanların baş verməsi üçün kimdən nə qədər para, silah-sursat alınmışdı, iğtişaşları birinci kim başlamışdı? Bunu desələr tarixi yalanları üzə çıxar və qazanacaqları milyardlar əllərindən çıxa bilər. Əgər onlar etiraf etməyə qalxsalar belə, ağaları buna imkan verməz. Çünki oyuncaq millət, başqalarının əlində həmişə alət olub və bundan sonra da olacaq.

Tutaq ki, ermənilərin uydurduğu hadisələr olub. Osmanlı İmperiyasında, mütləq monarxiya quruluşlu bir məmləkətdə baş verən hadisələrin müasir, demokratik, bütün xalqların sakit, dostluq şəraitində yaşadığı Türkiyəyə nə dəxli var? 100 il bundan əvvəl baş verənlərin cavabdehi Türkiyə hesab edilməlidirsə, onda çox dövlətlərin keçmişdə öz ərazilərində baş verənlərə görə başı ağrıya bilər. "Beynəlxalq qanunlar bütün dövlətlər üçün eyni təsirə malikdir" prinsipindən yanaşsaq müasir dövrümüzdə - cəmi 20 il bundan əvvəl keçmiş Yuqoslaviyanın 5 respublikasından biri olmuş Bosniyada baş verən soyqırımına görə niyə müasir Serbiya dövləti və serb xalqı məsuliyyət daşımır? Niyə dünya birliyi serb xalqını, Serbiya dövlətini yox, Yuqoslaviyanın (Serbiyanın) keçmiş prezidenti, Haaqa tribunalının istintaq altında saxladığı vaxt müəmmalı şəkildə ölən Slabodan Miloşeviçi və hazırda həbsdə olan Radovan Karaçici günahkar bilməklə bu cinayəti xətm etdilər? Açıq şəkildə də bildirdilər ki, bu cinayətin törədilməsində xalq yox, iki nəfər günahkardır. Fikir verin, cəmi iki onillik bundan əvvəl cinayət baş verib və on minlərlə serbin iştirak etdiyi bu soyqırımında cəmi iki nəfər cinayətkar hesab edilib (onların da biri ölüb – V.V). Amma 100 il bundan əvvəl, keçmiş Osmanlı İmperiyasının hakimiyyəti dönəmində, indiki nəsilin hətta qohumluq əlaqələrini itirdiyi bir dövrdə baş vermiş hadisədə müasir Türkiyə, türk xalqı günahkar bilinir. Bir anlığa təsəvvür edin ki, erməni-türk qarşıdurmasının baş verdiyi Osmanlı ərazilərinə hərbi təcavüz etmiş Rusiya, İngiltərə, Fransa, ABŞ, Yunanıstan və s. dövlətlər Türkiyəni parçalayıb öz aralarında bölüblər və indiki Türkiyəni yaratmaq Mustafa Kamal Atatürkə nəsib olmayıb. Necə bilirsiniz, Osmanlını bölən dövlətlər ermənilərin qondarma "soyqırımı" iddialarına nə cavab verəcəkdilər? Bunun cavabını eşitmək həqiqətən də maraqlı olardı.

Osmanlı imperiyasının əraziləri indiki Türkiyədən demək olar ki, 5-6 dəfə böyük olub. Atatürk yalnız Osmanlının kiçik bir hissəsində Türkiyəni yarada bilib. Bəlkə Fələstində, Misirdə, İrakda, Bosniyada, Krımda, Qafqazlarda, Yunanıstanda, Makedoniyada baş verənlərə görə müasir Türkiyəni və Türk xalqını günahkar biləsiniz, cənablar? Nə olsun ki, həmin əraziləri Atatürk əlində saxlaya bilmədi?

Müasir dövrümüzdə də köhnə siyasəti hələ də özünün dəyişməz şüarına çevirən Fransa siyasətçiləri 100 il bundan qabaq nəyi, necə deyirdilərsə bu gün də onu təkrar edirlər. Özlərinin 100 il bundan əvvəl başladıqları işi sona yetirmək üçün bu gün "modern" üsullara əl atıblar. Hətta Senat belə bir qanun qəbul edib ki, Fransada yaşayan hər bir kəsin qondarma "erməni soyqırımı"nı mütləq tanımalıdır. Qanunun tətbiqini əyani şəkildə izah edək. Məsələn, Parisin küçələri ilə şütüyürsən, birdən sənə bir nəfər tanımadığın şəxs yaxınlaşır və soruşur ki, tarixdə erməni soyqırımı olub, ya yox. Sən də tarixdən oxuduqlarını, alimlərin gətirdikləri faktları və öz təxəyyülün sənə verdiyi imkanları ortaya qoyub deyirsən ki, YOX. Bəli, həngamə də bundan sonra başlayır. Sənə həmin qanundan irəli gələn cəzaların tətbiqinə başlayırlar. Xəbərdarlıqsız, filansız 40 min avro cərimə yazırlar. Hesab etsək ki, çoxları bu pulun hamısını bir yerdə görməyib və təbii ki, ya kartımızda, ya da cibimizdə bu qədər pul gəzdirmirik, onda bir yol qalır – həbsxana. Cənablar, bəs azadlıq, insan haqları, öz fikrini sərbəst ifadə etmək azadlığı, bəs ağızdolusu danışdığınız və hamıdan da tələb etdiyiniz DEMOKRATİYA?

Fransız siyasətçilər Türkiyə ilə yanaşı Azərbaycana qarşı da əsl döyüşə başlayıblar. Xocalı faciəsini görməzliyə, Ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını qulaqardına vuran, 1 milyondan artıq azərbaycanlının Ermənistandan və bütün Qarabağdan didərgin salınmasına seyrçi qalan və yeri gələndə bizi günahkar çıxaran Paris qumarbazları Sumqayıt hadisəsini lupa ilə axtarıb tapıblar və ermənilərin özlərinin törətdiyi bu iğtişaşları bizim ayağımıza yazaraq çeynəməyə başlayıblar. Parlamentin binasında Sumqayıt iğtişaşları (?!) ilə bağlı keçirilən konfransda iki azərbaycanlı tələbənin döyülməsi erməni vəhşiliyinin fransız senatorlara necə sirayət etdiyini əyani şəkildə göstərir. Hesab etsək ki, zaldakı erməniləri azərbaycanlıları döyməyə fransız deputat təhrik edib, onda vəziyyətin nə qədər acınacaqlı olduğunu anlaya bilərik. Deməli söz və ifadə azadlığı Fransada aşınmaya məruz qalıb. Erməni lobbisinin pulu senatorların əqidəsini əlindən ala bilib. Onlar sanki Ermənistana, ermənilərə yarınmaq yarışına giriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə