Gürcüstanın yeni seşilmiş baş naziri deyəsən "yeni islahatlar" fonunda bir balaca yanlışlıqlara yol vermək fikrindədir. Gürcüstan siyasətində "novatorluq" etmək eşqinə düşmüş Bdzina İvanişvili sanki ivansayağı baxışları ilə dünya ictimaiyyətinə demək istəyir ki, baxın, Saakaşvili Gürcüstanında yenidən Şimal küləkləri əsməyə başlayıb. Və yeni baş nazirin bir balaca yanlışlıqları əslində dost gürcü xalqı üçün böyük siyasi-iqtisadi fəlakətlərə səbəb ola bilər. Hətta bu fəlakətlərin ucu-qulağı indidən görünməyə başlayıb. Saakaşvili iqtidarının nazirləri, aparıcı siyasətçiləri, eləcə də müstəqil media qurumlarının rəhbərləri dalana sıxışdırılmaqdadırlar. Həbs olunanlar olunub, olunmayanlar isə ciddi təhdidlər altında sıxışdırılmaqdadırlar. Ancaq bu, Gürcüstanın daxili işləri olduğundan, keçirəm Bdzinanın ivansayağı baxışlarını təsdiq edən digər prizmaya.Yəni onun müəyyənləşdirdiyi "xarici siyasət kursuna".
Gürcüstanın yeni baş naziri tərəfindən bölgə və region üçün əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars (BTQ) layihəsini dayandırmaq cəhdi belə düşünməyə imkan yaratmaqdadır ki, İvanişvilinin "xarici siyasət kursu" onun şəxsi düşüncəsi hesabına yaranmayıb. Yəni burada ondan başqa hər hansı birilərinin də barmağı var. Bu səbəbdən də növbəti bəyanatlarından birini verən Bdzina BTQ-nin tikintisində bir sıra sualların yarandığını deyir: "Bu layihə hansısa məqamda bizə sərf etməyə bilər, mən məsələni Bakıda müzakirə etməyə hazırlaşıram"(?-R.)
Məhz bu kimi səbəblərdən də anlamaq çətin deyil ki, Bdzinanın ivansayağı baxışlarını tənzimləyən Şimal küləyi burada müstəsna rol oynamaqdadır. Necə ola bilər ki, bugünə qədər beynəlxalq siyasi-iqtisadi məkanda ən uğurlu layihələrdən biri kimi dəyərləndirilən BTQ birdən-birə bu qədər ucuzlaşdı və anidən Gürcütsnın yeni - Bdzina İvanişvili hökumətinə sərf etmədi? Hətta o, Bakıya gözlənilən rəsmi səfəri çərçivəsində sözügedən layihəni yenidən müzakirəyə çıxaracağını da bəyan edir.
Gəlin həmin bəyanat çərçivəsində daha bir ifadəyə nəzər yetirək və burada sübut olunsun ki, Bdzina həqiqətən də asılı siyasətçi imicini bağışalamğa başlayıb və o, güclü Azərbaycan, qüdrətli Türkiyə sayəsində ayaqda almağı bacarmış Gürcüstanı qonşusu Ermənistan kimi Şimal vassallığına doğru sürükləməyə səy göstərir: "Biz yumşaq (?-R.) şəkildə dost ölkəyə izah edəcəyik ki, hansısa mərhələdə bu layihə Gürcüstana sərf etməyə bilər və məsələ nizamlama tələb edir".
Çox maraqlıdır ki, iki dövlət arasında nizamlanmış məsələnin yenidən "nizamlanması" nə deməkdir və Azərbaycanın bağışladığı enerji resursları sayəsində işıq və qazla, neft və benzinlə təchiz olunan Gürcüstan Azərbaycanla "yumşaq" şəkildə danışmaq deyərkən hansı məqsədi güdür? Eyni zamanda, Bdzina qonşusu Azərbaycanla "sərt" şəkildə danışıb nə əldə edəcək? Ümumiyyətlə, Gürcüstan siyasi-iqtisadi potensialı ilə dünya miqyasında söz deyə bilmək iqtidarına malik olan Azərbaycanla sərt şəkildə danışmaq gücünə malikdirmi? Əlbəttə ki, bütün bu kimi sualların bir cavabı var: Belə olan təqdirdə, İvanişvilinin ivanpərəst baxışları onun ölkəsini kifayət qədər uçuruma doğru sürükləyəcək. Hətta daha betər duruma salacaq ki, bax onda Azərbaycan yenidən Gürcüstanla olan münasibətlərinə rəsmi qaydada yenidən nəzərdən keçirə bilər.
Başqa tərəfdən, ikibaşlı şəkildə "biz qonşularımıza hörmət etməliyik" deyən Gürcüstanın yeni baş naziri burada da məqsədini gizlədə bilməyib. Çünki Gürcüstanın qonşuları sadəcə Azərbaycan və türkiyədən ibarət deyil. Burada qeyd etdiyimiz kimi, Ermənistan və Rusiya amili də mövcuddur. Bu baxımdan, İvanişbili "hörmət" etmək kimi Saakaşvilidən fərlqi olaraq Azərbaycani deyil, Rusiyanı və Ermənistani nəzərdə tutur. Həmin Rusiyanı ki, altıgünlük müharibədə Bdzinanın soydaşlarına kifayət qədər güllə atdı və separatçı Abxaziya ilə Cənubi Osetiyanı öz nəzarətinə götürdü. Və həmin Ermənistanı ki, separatçı rejimin hərbi qruplaşmalarında Baqramyan briqadası adlandırılan ermənilər Rusiyanın hərbi birləşmələrinə silahdaşlıq etdi. Bu gün B.İvanişvili məhz həmin qonşularına "hörmətlə" yanaşacağını rəsmən elan edir. Ona görə də Gürcüstan baş nazirinin nəinki onun ölkəsi, eyni zamanda Asiyadan Avropaya qədər bir çox ölkələr üçün strateji əhəmiyyətli nəqliyyat dəhlizi olan BTQ dəmir yol magistralının nədən sərfəli hesab etmədiyi aydın deyil.
Və aydın deyil ki, İvanişvilinin hökuməti hansı səbəblərə görə Gürcüstanın Abxaziyadan keçən dəmir yolunu açmağa hazır olduğunu bəyan edir? Çünki bu yolun açılması Ermənistanın Rusiya ilə birbaşa dəmiryol əlaqəsinin bərpası anlamını daşımaqla yanaşı, Qafqaz regionunda 20 ildən çoxdur mövcud olan status-kvonu dəyişdirərək ermənilərin mövqelərini gücləndirməyə hesablanmış addım kimi qiymətləndirilə bilər.
İvanişvilinin Gürcüstanı çətin vəziyyətdə qoya biləcək addımını ölkə prezidenti Mixail Saakaşvili də qəti şəkildə pisləyib. O bəyan edib ki, dəmir yol magistralının dayandırılmasının mümkünlüyü Gürcüstanın Avropaya inteqrasiya kursunun davamı baxımından təhlükəli əlamətdir: "Baş nazirin və hökumətin bu cür təşəbbüsləri ölkəni Avropadan ayırır və onu Rusiya ilə vassal münasibətlərə cəlb edir…Dəmiryol magistralının tikintisinin dayandırılmasının mümkünlüyü barədə bəyanat məni çox narahat etdi. Bu, Gürcüstanın müstəqilliyi ərzində nail olduğu ən mühüm layihədir. Çünki Gürcüstanı Rusiyadan yan keçməklə Avropaya birləşdirir. Avropa ölkələri və Gürcüstan bu dəmir yoluyla birbaşa bağlanır".
Yəqin ki, bundan artı şərhə ehtiyac qalmır. Hər halda Bdzina İvanişvili ivansayağı davranaraq, ölkəsində şimal küləyinin əsməsinə nə qədər çox səy göstərərsə, bir o qədər də Gürcüstanı "hörmətlə" yanaşmaq arzusunda olduğunu gizlətmədiyi ac-yalavac, dilənçi Ermənistanın tayına çevirəcək. Yuxarıda yazıldığı kimi, bir balaca yanlışlıq, onun ölkəsini böyük fəlakətlərə qədər sürükləyə bilər. Ona görə də Bdzina BTQ kimi əhəmiyyətli layihəni nəzərdən keçirməkdənsə, yaxşı olardı ki, ivansayağı addımlarının onu hansı uçuruma yuvarladığının fərqinə varsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB