Marşrutlarımızın duzlu-məzəli, bir az da insan əsəblərinə toxunan və azacıq da adı ilə özü arasında olan fərqlər çoxumuza bəllidir. Ancaq bu yaxınlarda marşrutda, şahid olduğum bəzi olaylar hər dəfə yadıma düşəndə, elə bil ayağımın altı qıdıqlanır, insan uğunub gedir özündən.
Deməli, marşrutla Badamdara gedirsən, bir də görürsən ki, sürücü qışqırır: "Əbülfəz" Gözəllik Salonunda düşən var?" Yaxud, uca bir kişi səsi, ya da incə bir qadın zümzüməsi eşidirsən: "Hə, düşəcəm, saxla "Əbülfəz"də!" Qısası, marşrut dayanır, 2-3 nəfər düşür, 7-8 nəfər də minir. Şübhəsiz ki, marşruta minənlərin yalnız bir ayaqlarının dabanı yerə toxunur. Bir də baxırsan ki, ayağının biri marşrutun ortasında, o biri də düz qapının ağzındadır. Qolunun da biri hansısa yaşlı kişinin boynunda, bir dənə də qatıq satan yekə bir xalanın "yan tərəfi" bütün çəkisi ilə belində. İnsan təəccüb içində qalır.
Elə həmin marşrut yenidən hərəkətə başlayır. Yenə də kimsə ucadan acıqlı bir səslə (səsindən bilinir ki, 20 qəpiyi verməyəcək) qışqırır ki, "Platformanın sağ tərəfində saxla!" Bir az sonra adı bir-birindən gözəl olan dayanacaqların da şahidi olursan: "Gəlinqaya"da saxla", "Kamran"da saxla", "Beşmərtəbədə, 20 metr qabaqda saxla", "Tarelkada saxla!" və sairə və ilaxır... Ancaq mənə bir şey çatmır, aparıb marşrutu "Əbülfəz"də, "Kamran"da necə saxlayasan!?
Sonra gəlirsən 20-ci sahəyə. Minirsən, daha doğrusu, özünü bir təhər dürtürsən 195 nömrəli marşrutun bir küncünə. Tər, ayaq, qoltuq altı, kir, corab, balıq, şor, şoraba iyindən istəyirsən ki, marşrutun pəncərəsini açasan ki, içəri hava gəlsin. Elə bu vaxt bir nəfər qışqırır ki, "Tez ol, bağla pəncərəni, hamamdan indi çıxmışam". 195 nömrəli marşrutun mənzil başına qədər olan 1 saatlıq yolunda itin zülmünü çəkirsən. Ya qatıq balonları səni minir, ya da sən kiminsə belində ləngər vurursan. Ya da baxırsan ki, kimsə oturub belində, yalvarırsan ki, düş aşağı, düşmür, yazıq heç düşə də bilmir axı!
Bir əhvalat yerinə düşər. Bir dəfə sürücü marşuta nə qədər adam yığmışdısa, kimsə kişilənib sürücünün üstünə qışqırdı ki, "bəsdir də, kartof meşoku aparırsan elə bil!" Asfaltın ortasına qoyub başına fırlandığım sürücü də qayıtdı ki, "hansı meşokdur danışan?" Bax, eynilə bu cür hadisələri görə-görə, eşidə-eşidə gəlib çıxırsan mənzilinə. Ancaq marşrutun ağrıları səni rahat buraxmır. Gecə saat 3-də yuxuda qışqırırsan ki, "sənə dedim saxla", "ayağını sal aşağı", "düş də belimdən" və sairə. Səhərə qədər belə sayıqlayırsan.
Heç yadımdan çıxmaz, 2004-cü ildə 88 nömrəli marşrutdan dayanacaqda düşdüm, ancaq ayaqqabımım sağ tayını pəncərədən verdilər mənə. Ən maraqlı və yaddaqalan hadisələr 124 nömrəli marşrutda olur. Bu marşrutu hələ düz gedən görmədim, həmişə sağ tərəfi yerlə sürünə-sürünə gedir. Sürücüsü bütün yol boyu danışır: "Gəleyrəm ayə!?, nağayreyrsən qadan aleem!?" Elə ki, sözü çəp gəldi, söyüşün biri bir qəpikdən. Hər kəs də eşidir, kimsə desə ki, ağzına gələni danışma, bir az tərbiyəli ol. Sürücü də deyəcək ki, söyüş eşitmək istəmirsənsə avtobusa minmə, taksilə get!
Bununla belə sürücüləri son dərəcə mədəni olan, olduqca səliqəli idarə olunan marşrutlarımız da var. 13 nömrəli marşrutun sürücüsünü nahaqdan təhqir edən qadına sürücünün cavabı bir kəlmə oldu: "Çox sağ ol, anam." Dəfələrlə olub və hər gün bunun şahidi oluruq ki, kifayət qədər sərnişin var ki, sürücünü məcbur edir ki, düz yolun ortasında saxlasın. Sürücü də saxlamasa, başlayır təhqirə, hətta inanın döyənlər də olur.
Bəzi marşrutlar da var ki, dayanacaqdan başqa hər yerdə saxlayır və yol boyu qapısı açıq gedir, hər pəncərəsindən də 5-6 əl çıxır. Belə marşrutlardan sağ-salamat çıxıb evə gedənlərə bizim məhlədə veteran deyirlər. İynə atsan yerə düşməz, ancaq sürücü qışqırır ki, boş yerlərdən qalmadı, gəl! Əzizlərim, söhbət daha çox ictimai qınaqdan gedir. Vətəndaş qanuna əməl etməsə də, çox vaxt günahı başqalarında görürük.
Belə deyək də, Nəqliyyat Nazirliyi gəlib marşrut sürücüsünə deməyib ki, dayanacaqdan başqa hər yerdə saxla, telefonu qulağına qoyub ağzını da çevir söyüş çəmbərinə, və ya 20 nəfərlik marşruta 120 nəfəri bir-birinin kürəyinə yüklə, şəhərin mərkəzində avtoşluq elə. Təbii ki, bunu heç kim onlara tövsiyə etməz. Gədəbəyin "Dırıx" kəndindən gəlib burda marşrut sürücülük edən şəxs, professora "qırmızı qalstukun da var, tez ol düş də" deyən adamabənzər sürücüdə axtarmaq lazımdır günahı. Ya da ki, özünü zorla avtobusa dürtən (təki bir ayağı girsin içəri, yarısı çöldə qalsa da olar) adamda axtarmaq lazımdır bunu. Məqsədim bütün günahları sürücülərin üstünə atmaqdan ibarət deyil. 5-10 manatla canını cəzadan qurtaran, "sağa dönü sola dön"lə səhv salan sürücü cəzasız qalanda, şübhəsiz, sonda faciələr yaşanır. Yəni konkret kimisə tənqid etmək yox, sadəcə, marşrut macərlarımızın bir neçəsinə nəzər salmaq da, bizi düşündürə bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB