Şikayətlərə görə, özbaşınalıq daha çox Ağdam, Qaradağ, Nərimanov, Binəqədi, İsmayıllı, Şamaxı və Quba rayonlarında baş verir

DYP əməkdaşı: "Prokurorlardan qorxuruq, elə edin ki, sizlərdən də qorxaq"

Mahmud Hacıyev: "Şikayətlərlə bağlı daxili tədqiqatların aparılmasına ehtiyac var"

Nadir Adilov: "Neqativ hallara yol verən Dövlət Yol Polis əməkdaşları haqqında tədbirlər görülməlidir"

Azərbaycanın iqtisadi inkişafı insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır. Bu isə sağlam mühitin daha açıq forma almasına, Azərbaycanın dünya miqyasında yerinin və rolunun möhkəmlənməsinə təkan verir. Təbii ki, Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərdə dövlət strukturlarının hər birinin özünəməxsus payı var. Hüquqi-demokratik dövlət quruculuğunda hüquq mühafizə orqanlarının fəaliyyəti daha diqqətçəkən və müsbət xarakterlidir. Xüsusilə də, daxili işlər orqanlarının əməkdaşlarının ölkədəki ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında göstərdikləri fədakarlıq nəinki MDB ölkələrində, ümumiyyətlə, Avropada xüsusi vurğu ilə qeyd olunan yüksək fəaliyyət kimi qiymətləndirilir. Məhz yüksək peşəkarlıqlarının və müsbət fəaliyyətlərinin dəyəri olaraq dövlət tərəfindən onların aylıq maaşlarının artırılması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xüsusi önəm və diqqət edilib. Bu nöqteyi-nəzərdən demək olar ki, hüquq-mühafizə orqanları bundan sonra da fəaliyyətlərini insanların təhlükəsiz yaşamasına və dövlətə daha sədaqətlə xidmət etməkdə səylərini əsirgəməyəcəklər.

Təəssüflənməmək mümkün deyil

Bəzən insanlar hüquq-mühafizə orqanlarında höküm sürən çatışmazlıqdan, vətəndaşları xırda da olsa hüquqlarının pozulmasından narazılıq edirlər. Bu hala əsasən də, özünü Dövlət Yol Polis sistemində göstərdiyindən təəssüflənməmək mümkün deyil. Çünki son illər Dövlət Yol Polisinin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların aylıq maaşlarının artırılması digər sahələrdə çalışanlardan daha artıq və fərqli olub. Avtomaşınların hərəkətinə nəzarət etmək üçün bütün ölkə üzrə müasir standartlara cavab verən radarların, monitorların quraşdırılması, DYP əməkdaşlarının işlərinin müəyyən qədər yüngülləşdirilməsinə imkanlar yaradır. Bunun müqabilində isə bəzən Dövlət Yol Polisi əməkdaşları avtomaşın sahiblərini bilərəkdən incidir, əsassız olaraq avtomaşınların saxlanılmasını həyata keçirir, bir neçə dəqiqəlik məktəbə, poçta, mağazaya gedən avtomaşın sahiblərinə xəbərdarlıq edilmədən avtomaşınların cərimə meydançasına aparılmasına nail olurlar. Bununla bağlı redaksiyamıza daha çox Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin Ağdam, Qaradağ, Nərimanov, Binəqədi, Abşeron, İsmayıllı, Şamaxı, Xaçmaz və Quba rayonlarının bölmələrindən şikayət xarakterli məktublar ünvanlanıb, zənglər edilib. Şikayət məktublarını redaksiyamıza ünvanlayan Rizvan İbrahimov, Abbas Qulamov, Rasim Zərəkiyev, Zaur Əliyev, Adil Əlimirzəyev, Rəşad Hacıyev, Şakir Xudıyev, Vəli Mirzəyev, Tapdıq Qurbanov, İlham Ümidov, Emin Əmiraslanov, Aydın Cəfərov və digərləri Dövlət Yol Polis əməkdaşlarının qanunsuz əməllərindən bir növ ağrılı formada fikirlərini ifadə edirlər. Şikayət məkbutlarında Baş Dövlət Yol Polisi İdarəsinin Ağdam, Quba və Qaradağ rayon bölməsinin əməkdaşlarının bəzən pasport rejimi tətbiq etdiyi, istirahətə, evinə və yaxud hər hansı bir yerə gedən avtomaşın sahiblərinə əsəb gərginliyi, əlavə problemlər yaratdıqları qeyd olunur. Buna etiraz edən avtomaşın sahibləri isə bəzən zorakılıqla üzləşirlər. İnspektorlar verilən suallara "bu rəisimizin xüsusi tapşırığıdır" deməklə kifayətlənirlər.

Prokurorlardan qorxuruq, elə edin ki, sizlərdən qorxaq

Qaradağ rayon Dövlət Yol Polisində narazılıq yaradan məqamlardan biri də odur ki, yaşadığı binanın qarşısında avtomaşınını saxlayıb, evinə çıxanlar az sonra avtomaşınlarını cərimə meydançasına aparılmasından xəbər tuturlar. Cərimə meydançasından avtomaşının azad edilməsi bölmənin rəisi Bayram Zeynalovun insafına qalır, 40-100 manat. Qəzəbə tuş gələnlər isə cərimə balına məruz qalırlar. "İlkin radar" və "Fətəli radarcik" adı ilə şərtlənmiş DYP əməkdaşları Qaradağda müxtəlif fəaliyyətləri ilə özlərinə əsil ad qoydurublar.

Yeri gəlmişkən qeyd edək ki, bu cür arzuolunmaz həngamə bəzən Səbail rayon ərazisində də qeydə alınır. Daha dəqiq desək, iş yerlərinin qarşısında saxlanılan avtomaşınlar bəzən dövlət yol polisi əməkdaşları tərəfindən "oğurlanılır". Buna misal kimi, Rəşid Behbudovla Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində, daha dəqiq desək Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısında, eləcə də, Sahil bağı ətrafında yerləşən dövlət müəssisələrinin önündə saxlanılan avtomaşınların evakuatırla cərimə meydançalarına aparılmalarını göstərmək olar. Zeynal Zeynalov adlı avtomaşın sahibinin Ramin adlı DYP-nin Nizami rayonu üzrə əməkdaşının at kimi üzə duraraq bir il öncə radara düşməsi barədə iddiasından necə stress keçirdiyini hiss etməmək mümkün deyildi. Müşahidə etdiyimiz bu faktı deyim ki, Zeynal kişinin "əgər həqiqətən də radara düşmüşəmsə niyə bu barədə bir il öncə deyil, indi məlumat verirsiniz" sualına Dövlət Yol Polisinin əməkdaşı "belə məsləhət görülüb" deyə cavabını verdi. Avtomaşın sahibi "mümkün deyilmi bütün vətəndaşlara, eləcə də, prokurorlara eyni münasibət göstərəsiniz?". Raminin cavabı isə qısa oldu: "Prokurorlardan qorxuruq, elə edin ki, sizlərdən də qorxaq".

Yenidən Qaradağ rayon ərazisində baş verənlərə qayıdaraq qeyd etməyi vacib hesab edirəm ki, paytaxtda yaşayan insanlar istirahət günləri Cənub bölgəsinə gedirlər. Bəzən ölkəmizə xarici qonaqlar da gəlir. Bu halda tapşırıq əsasında Dövlət Yol Polisi əməkdaşları kütləvi şəkildə avtomaşınları saxlayıb, onlara "cəza" tətbiq edirlər. Bu isə turizmin inkişaf etdirilməsi ilə bağlı qəbul edilən Dövlət Proqramlarının Dövlət Yol Polisi əməkdaşları tərəfindən əngəllənməsinə göstərilən cəhd kimi qiymətləndirilməlidir. Bir məqam da ondan ibarətdir ki, Gürcüstana, İrana və yaxud Naxçıvan MR-na gedən avtomaşınlar Qaradağ rayonunun ərazisindən keçməli olurlar. Bu halda Dövlət Yol Polisi dövlətin iqtisadi-xarici siyasət kursuna zidd mövqe tutaraq, regional daxili yollarda kütləvi soyğunçuluq həyata keçirirlər. Bu hal Şimal istiqamətində hərəkət edən avtomagistral yollarda da qeydə alınır. Bu barədə bir qədər sonar. Hələlik isə onu demək olar ki, gürcü, türk, iranlı, rus və digər yüksək tonajlı avtomaşının sahibləri "Azərbaycana yük daşımaq bizim üçün çətinliklər yaradır. Əziyyət çəkirik. Ailəmiz üçün qazandığımız pulu dövlət yol polisi əməkdaşları alırlar" deyə bildirirlər.

Ağsu aşırımında qaçılmaz sədd

Bakı-İsmayıllı magistral yolunda müəyyən maraqlar müqabilində əməkdaşlığa cəlb olunmuş insanların köməyi ilə (hər cərimə işinə görə onlara 3 manat ödənilir) traktorlarda, bəzən isə heyvanlarda radarların quraşdırılması da diqqətdən kənar qalmır. Bu halda sürət həddini keçməyə cəhd edən avtomaşın sahibləri artıq müştərisini gözləyən Dövlət Yol Polisi Əməkdaşları tərəfindən saxlanılır və haqq aldıqdan sonra buraxılırlar. Hətta Ağsu aşırımı kimi tanınan magistral yolda yerləşən Dövlət Yol Polisinin postunda saxlanılıb, haqq aldıqdan sonra buraxılmayan avtomaşın olmur. Jurnalist marağı ilə prosesi iki saata yaxın izlədiyimiz zaman ümumilikdə, 35 avtomaşının saxlanılaraq buraxıldığını müşahidə etdik. Abdulov familiyalı dövlət yol polisinin əməkdaşının bildirdiyinə görə, bu iş qrafiki gündəlik tərtib olunur. Bazara mal aparan, istirahətə gedən insanlar mütləq postda dayanıb görüm-baxım etdikdən sonra sərbəst şəkildə yolunu davam etdirməlidir. Ağsu aşırımı deyilən dağ zirvəsində yerləşən postda heç də bütün avtomaşın sahibləri "vergi" ödəyicisi kimi siyahıdan keçmir. Bəzən xarici avtomaşın sahibləri olan qalstuklu sürücülər heç bir haqq ödəmədən yollarını davam edirlər.

Bu istiqamətdə apardığımız araşdırmalar zamanı Bakıdan Şimal istiqamətinə hərəkət edən avtomaşın sahiblərinin də bəzilərinin əsassız olaraq dövlət yol polisi əməkdaşlarının hədəfinə tuş gəldiyi müşahidə edildi. Bu yerdə isə diqqət çəkən məqam ondan ibarətdir ki, Dövlət Yol Polisi əməkdaşları ova öz şəxsi avtomaşınları ilə çıxırlar. Məsələn, Baş Dövlət Yol Polisinin Quba rayon şöbəsinin rəisi şəxsi avtomaşını ilə regional daxili yollarda hərəkət edən avtomaşın sahiblərini yeri gəldi-gəlmədi qanunsuz şəkildə saxlayaraq, sənədlərini alır və onlara cərimə vermələrinin vacibliyini söyləyir. Rəisə bu işdə Elşad adlı inspektor qohumunun daha çox yardımçı olduğu bildirilir. Anar adlı radar sisteminə "nəzarət" edən DYP əməkdaşıda fəallğı ilə secilənlərdəndir. 10 LG 019 avtomaşının sahibinin redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirilir ki, Quba rayonu ərazisində sürət həddini kecdiyinə görə, ona "Yol hərəkəti qaydaları haqqında qanunun! 151.1 maddəsinə əsasən protokol tərtib edilib və 18 manat cərimə olunub. Amma rayonda yaşadığı Yasamal rayonuna göndərilən protokol dəyişdirilərək 151.2 maddəsi ilə əvəz olunub. Şikayətcinin dediyinə görə, Quba rayon DYP bölməsinin bu anormal qərarını başa düşmür.

Görünən odur ki, bu tip anormallıq yalnız Quba rayonu ilə kifayətlənmir. Ağdam rayonuna gedib-gəlməyi DYP əməkdaşları insanlara peşman edirlər. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin Ağdam bölməsini rəsi Mübariz Həsənovun ictimai rəydə narazılıqlar yaratmağa hesablan qərarları mövcuddur. Özünün əskər xidmətdə boyun qacıran Elgiz kimi qohumlarını başına yığıb, düşüb bu yollara. "Burda mənəm Bağdadda kor xəlifə" deyən M.Həsənov və onun yetirməsi Elgiz İskəndərov hər bir avtomaşını saxlayıb pul alırlar. Hətta bunu utanıb-cəkinmədən acıq şəkildə də həyata kecirirlər. Prinsip isə belədir: qorxan gözə cöp düşər. M.Həsənov royonda sürücüləri şikayətlərdən cəkindirmək ücün belə bir məlumatda yayıb ki, guya onun Daxili İşlər Nazirliyində adamları var. Hec kim onu qanunsuz əməllərinə görə, cəza tətbiq edə bilməz. Hətta sürücüləri təhqir etsə belə.

Məsələyə aidiyyatı olan şikayətlərlə bağlı epizodları qeyd etməzdən əvvəl baş verən özbaşınalıqlarla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin rəhbərliyinin, eləcə də, ekspertlərin mövqeyini öyrənməyə çalışdıq. Bununla da, şikayətlərin araşdırılmasında tam bitərəf olduğumuzu bir daha ortaya qoymağa çalışdıq. Ancaq Respublika Baş Dövlət Yol Polisinin mətbuatla əlaqələr üzrə vəzifəli şəxs hesab olunan Kamran müəllimin mövqeyini öyrənə bilmədik. Ümidimizi ekspertlərə bağladıq. Elmi-Praktik Mərkəzin əməkdaşı Mahmud Hacıyev bizimlə söhbətində qanunsuzluğa yol verən Dövlət Yol Polisi əməkdaşları haqqında Daxili İşlər Nazirliyinin daxili tədqiqatlar idarəsində araşdırmaların aparılmasına ehtiyacın olduğunu bildirdi. Qeyd etdi ki, vətəndaşları narazı salmaq yolverilməzdir: "Düşünürəm ki, avtomaşın sahibinin və ya inspektorların hansının haqlı olduğunu daxili tədqiqatlar aydınlıq gətirə bilər. Yəqin ki, daxili tədqiqatlar idarəsi də bu istiqamətdə araşdırmalar aparıb, müfaviq qərarlar verirlər".

Hüquqşünas Nadir Adilov isə gizli yerlərdə radarların quraşdırılmasının hər kəsi narahat etdiyini bildirdi. Qeyd etdi ki, dövlət yol polisi əməkdaşlarında etik davranış qaydaları ilə bağlı vaxtaşırı olaraq dəyirmi masalar keçirilməli və onlara davranış qaydaları başa salınmalıdır. Hesab edirəm ki, neqativ hallara yol verən Dövlət Yol Polisi əməkdaşları haqqında tədbirlər görülməlidir.

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə