Ziyalı dediyimiz daim xalqının kədərinə ağlayıb, sevincinə gülər. Plastik qürur, elastik əqidə sahiblərinin ziyalı qiyafəsində xalqının kədərinə sevinib, sevincinə ağlaması, çeynənilmiş insan yığnağını xatırldadan "Ziyalılar Forumu"nun ucuz "vətənpərvərlik" ssenarisi insanda onlara qarşı nifrət hissindən başqa heç nə oyatmır. Əslindən uzaq düşənlərin, vəzifədən ötrü kəllə-mayallaq gedənlərin və erməni lobbisinin kölələrinin əlaltıları bundan artıq da ola bilməz. Bəs kimdir "Ziyalılar Forumu"nda cəmləşənlər?

Bu suala cavab olaraq Azərbaycan Respublikası Prezident Administrasiyasının Rəhbəri, akademik Ramiz Mehdiyev "Ziyalılar Forumu"na ən düzgün və tarixi qiyməti verdi: "Təşkilatçıların keçmişini, bu gününü təhlil etsəniz görərsiniz ki, həmin bu təşkilatın üzvlərinin məqsədləri nədən ibarətdir-kimsə deputat seçilməyib, kiminsə başqa marağı olub və təmin edə bilməyib, kimsə işdən qovulub. Bax, bu tipli insanlar orada yığışırlar və deyə bilərəm ki, əylənirlər. Azərbaycanın gələcəyi üçün bu Forumun heç bir xeyiri yoxdur". Hörmətli Akademikimizin "Azərbaycanda ziyalıların sayı 100 minlərlədir və bu 10-15 nəfər həmin ziyalıların maraqlarını heç də təmin edə bilməz" fikri bir güzgüdür.

Əslində bu həmin ziyalıların mənasız fəaliyyətinə və Forumun mahiyyətinə verilən bir tarixi qiymətdir. Bəs bu "Ziyalılar Forumu"nda təmsil olunanlar bu millət qarşısında hansı xidmətin sahibləridir!? Bəlkə də bunlara ayrılıqda qiymət vermək vaxt aparmaq olardı, ancaq məqsəd aydın olsun deyə ekskurs edək. Bir faktı qeyd edək, sonra keçərik bu "ziyalıların" Hacıbaba Bağırov demişkən, "TƏSVİRİNƏ.." Əslində "Gorus-2010: absurd teatr mövsümü" əsərinin çəkisi "Ziyalılar Forumu"nda təmsil olunanların ümumilikdə bütün yaradıcılıqlarından, maddi-mənəvi çəkilərindən daha ağırdır. Bu "ziyalıların" guya düşmən dedikləri ermənilərə edə bilmədiklərin bu əsər 1 saata etdi. İndi bu ziyalılar mənə bir xidmətlərini göstərsinlər ki, "Gorus-2010: absurd teatr mövsümü" əsəri kimi erməni iddialarını darmadağın edib. Göstərə bilməzlər. Çünki Rüstəm İbrahimbəyov ermənilər üçün göz yaşı axıtmaqla məşğuldur ( özü deyir bunu ), Eldar Namazov yarıtmaz fəaliyyətinə görə işdən qovularaq indi də vəzifəyə görə hər şeyə hazırdır, Cəmil Həsənli deputat seçilməyib və indi də nə istədiyini də özü bilmir. Görəsən Cəmil Həsənli 2005-2010-cu illərdə deputat olanda niyə danışmırdı? Harda idi onun içindəki "millət sevgisi?".

Özlərini onun-bunun qucağında görməyi qəhrəmanlıq kimi qəbul edən radikallar və bu "ziyalılar" indi də Rusiyada hansısa ermənpərəst qüvvələrə ata-ana kimi arxayın olub oturublar düz Bakının göbəyində. Çox maraqlı tendensiyadır, hər gün bir fikirdə bulunanlar belə getsə erməni "dayı"larından da sitatlar gətirəcəklər. "Ziyalılar Forumu"nun üzvləri deyir ki, "Söyün Sadıqov vətənini sevəndir." Adama birinci sual verərlər ki, S.Sadıqov "vətən" dediyi Azərbaycana axırıncı dəfə nə vaxt gəlib? Bəs Azərbaycan xalqı necə onu tanıyırmı? Vallahi-billahi, şəxsən mən bu yaxınlara kimi S.Sadıqovun kimliyini bilmirdim. O ki qaldı bizim kənd-el camaatı, nə bilim tələbəsi-fəhləsi, elm adamları bilsin...

Rusiyada S.Sadıqovun vaxtilə işçilərindən olan Elçin adlı iş adamı deyir ki, "Bəli, Söyün Sadıqov həmişə ermənilərə daydaylıq edib, onları azərbaycanlılardan üstün tutub. Bu özünü maaşlarda da, bizimlə davranışda da göstərirdi...".

Çox keçmədi bu yaxınlarda o da məlum oldu ki, S.Sadıqovun katibəsi də, sürücüsü də, mühasibi də ermənidir. Sözümdən böyük bir pay S.Sadıqova düşsə də ancaq ziyalılaradır əsas sözüm. İndi bizim bu "ziyalı" olub əslində ziyadan uzaq olanlar arxayın olublar ki, Rusiyadan bunlara dəstək gələcək. Vicdanlı, qeyrətli ziyalı xalqına güvənər, dəstəyi xalqından alar, daha yad qapılara üz tutmaz. Çünki yad qapılar yad üzünə ancaq çırpılır, açılmır.

P.S. Aristotel həmişə o fikirdə olub ki, "ölümlə yaşamaq arasında elə bir fərq yoxdur...".

Məsələnin mahiyyətini və fəlsəfi çəkisini çıxsaq yerdə qalanlarını sizin "Ziyalılar Forumu"na aid etmək olar: "həqiqətən də sizin varlığınızla yoxluğunuzun fərqi yoxdur, yağ əriyən kimi əriyib gedəcəksiniz, çünki siz bu ölkədəki hərarətə dözə bilməzsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə