Bu gün reklam amili müasir həyatın ən önəmli faktorlarından birinə çevrilib. Maraqlı bir reklam hətta ən dəyərsiz məhsulun belə alıcılarını bir anda artıra bilər. Hər birimiz televizorda hər gün dəfələrlə nümayiş olunan, küçələri bəzəyən reklamlarda deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyi ilə bir dəfə də olsa, həmin məhsulu alırıq. Əgər reklam olunan mal alınırsa, bu həm də reklamın uğuru deməkdir. Lakin təəssüf doğuran məqam budur ki, bir efirlərdə, küçələrdə yerli məhsulları yox, xarici brendlərin reklamını görür və onları alırıq. Bu zaman isə ölkə iqtisadiyyatı inkişafdan geri qalır. Bunun isə bir neçə səbəbi var. Məsələn, ölkədə tanınan brendlərin bəziləri hələ də tam olaraq formalaşmayıb. Belə ki, ölkəmiz kənd təsərrüfatı sahəsində müxtəlif məhsulları dünya bazarına ixrac edir, lakin onların heç birinin brend olaraq reklamı yoxdur. Çünki onların küçə reklamı, qablaşdırılması, kreativi, dizaynı ilə heç kim məşğul olmur, bunlar olmadan brend yaranmaz. Hansısa şirkət brend olmaq istəyirsə, bunun üçün güclü maliyyə dəstəyinə ehtiyac var, özünü reklam edə bilsin. Lakin maddi imkan olmadığına görə də onların qablaşdırılması bəsit, solğun olur. Nəticədə reklam da keyfiyyətsiz olur.

Onu da qeyd etmək mümkündür ki, bu gün az da olsa, televiziyada reklamlara rast gəlinsə də, qəzetlər, xüsusilə mətbuat bu işdə geri qalır. Demək olar ki, qəzetlərdə reklama rast gəlmək mümkün deyil. Reklam bazarının inkişaf etməməsi KİV-ə də təsir edir.

Eyni zamanda, bu gün dünyada siyasi reklamdan böyük məbləğdə gəlir götürülür. Məsələn, hansısa bir qəzetdə bir siyasətçinin nə vaxtsa söylədiyi fikirlər müxtəlif seçki proseslərində onun rəqibinə lazım olur. Beləliklə qəzet həmin informasiyanı çox baha qiymətə satır. Bundan televiziyalar da istifadə edə bilər. Nə qəzet, nə də televiziyalarımızda bu tip siyasi reklamlardan istifadə olunmur, çox bəsit, bir-birinə bənzəyən reklamlar verilir. Bu gün bir çox qəzetlər reklamdan daha çox siyasətlə məşğuldurlar. Bundan başqa qəzetlər də texniki cəhətdən inkişaf etməli, kağızın keyfiyyətini artırmalıdırlar. Redaksiyanın reklam işi ilə məşğul olacaq işçilərinin sayı çox olmalıdır. Bunlar olmadığından reklamlar da çox bəsitləşir.

Bu gün yerli reklamların geriliyinin bir səbəbi də, reklamı çəkənlərin və çəkilənlərin professional olmaması ilə bağlıdır. Reklamları adi rejissorlar çəkir, onlar dünya televiziyalarına baxır və onlara uyğun nəsə yaratmağa çalışırlar, çünki onlar reklam sahəsinin rejissoru deyillər. Buna həm də reklam plagiatlığı da deyilir. Onlar da özlərinə lazım olan insanları dəvət edirlər. Reklam haqqında anlayışı olmayan insanların çəkdiyi reklamlar da belə keyfiyyətsiz alınır. Reklamlarda danışıqların quru, qeyri-peşəkar alınmasına səbəb isə, səsləndirənlərin kağızdan oxumasıdır. Bir sözlə, reklamın inkişafı üçün hələ çox işlər görülməlidir. Amma buna maraq da olmalıdır. Bəs bu maraq mövcuddurmu?

Bütün xəbərlər Facebook səhifəmizdə