Etiraf edim ki, ağ xalatlı görəndə canıma üşütmə düşür. Fərqi yoxdur bu ağ xalatlı həkimdir, baytardır, qəssabdır, yoxsa bomba düzəldəndir. Yəni cin görürəm, şeytan görürəm qorxmuram, harda ağ xalatlı görürəm qorxuram. Qorxmağımın da kifayət qədər əsasları var. "Göz gördüyündən qorxar" deyiblər. Mən də ağ xalatlıların əcaib, qəraib əməllərini görüb, eşitdiyimdən onları özümə potensial təhlükə hesab edirəm. Hərgah cibi dolu pula xəstəxanaya girsən, söz yox ki, oradan cibiboş çıxacaqsan. Cibini boşaldan kimdir, təbi ki, ağxalatlı həkim. Toy-bayram bilmədən ətin qiymətini qaldıran, bəzən də, nindzalar sayağı baltanı, bıçağı atıb-tutmaqla adamın canına üşütmə salan kimdir, söz yox ki, ağxalatlı qəssab. Kənd-kəsəydə mal-heyvana iynə vurmaqla, onları peyvənd etmək əvəzində hər iribuynuzlu heyvandan birini özünə götürən kimdir, təbii ki, ağxalatlı baytar. Bomba düzəldən ağxalatlının çaşıb insanları hədələməsi barəsində isə şərh verməyə yəqin ki, ehtiyac yoxdur. Əlqərəz, deyəcəyim ondan ibarətdir ki, ağxalatlılardan çəkinməyim, bəzən onları görəndə canıma üşütmə düşməyimin səbəbləri var.

Gəldiyim qənaət ondan ibarətdir ki, həkimlər üçün artıq Heppokrat andı mollanın aş görəndə Quran yaddan çıxmasına bənzəyir. Ağxalatlı həkim üçün ona müraciət edən şəxs xəstə deyil, müştəri kimi nəzər-diqqətdən keçirilir. Klyentlər də bazarda olduğu kimi, imkanlı və imkansızlara bölünür. Alış-verişdə olduğu kimi, həkimlə müştəri arasında müalicə və müayinə anlaşması bazarlıq formasında aparılır. Bu halda imkanlı, imkansız da nəzərdən keçirilir. İmkansızla ağxalatlı həkimin söhbəti əksər hallarda çox qısa olur. Çünki qapı önündə həkimi daha imkanlı müştəri gözləyir.

Bu yerdə yadıma bir əhvalat düşdü. Belə ki, qəbristanlıqda bir nəfər mollaya imkanına uyğun olaraq 3 manat verib atası üçün Yasin oxumasını xahiş edir. Molla Yasini oxuduğu zaman görür qəbristanlığa "Prado" avtomaşını ilə bir nəfər daxil olur. Tez işini yekunlaşdırıb onu gözləyən "Prado" avtomaşının sahibinə yaxınlaşır. 50 manatını cibinə qoyub sifarişə uyğun Yasin oxuyur. Bu proses uzun çəkir. Təəccübünü gizlədə bilməyən 3 manatı verən şəxs sonradan mollaya yaxınlaşır və bunun səbəbini soruşur. Molla izah edir: Bilirsən, sənin atan haqq dünyasında da tez başa düşən olduğu üçün oxuduqlarım da ona tez çatdı. Amma bu kişinin atası bu dünyada olduğu kimi, o dünyada da çətin başadüşən adam olduğu üçün onu başa salmaq cəhdim də uzun çəkdi.

İndiki ağxalatlı həkimləri qəbristanlıqda Yasin oxuyan mollalara bənzətməkdən uzaq olsaq da, üstün saymaq da bir o qədər düzgün çıxmaz. Hətta deyərdim ki, bozbaş mollalar əyinlərinə ağ xalat geyinsələr eyni sinifə məxsus məxluqlar olduğunu demək olar. O gün qonşumuz Fərahim kişinin ağxalatlı həkimlər barəsində söylədikləri mənim qeydlərimin heç də əsasız olmadığını üzə çıxardı. Fərahim kişinin dediyinə görə ağrıyan yeri olanda birbaşa aptekə gedib müalicə reseptini aptekçi ilə müzakirə edib dava-dərmanını alır. Dediyinə görə, həkimə getsə mütləq qan verəcək, rentgendən keçəcək, müxtəlif otaqlar gəzəcək. Bütün bunlar da xərc tələb edir. Bu baxımdan kəsə yolu seçməklə vəziyyətini birbaşa aptekçi ilə həll etməyə çalışır. Düzdür, Fərahim kişinin aptekçini müsbət rolda təqdim etməsi məndə ağxalatlılara münasibətdə tərəddüdlər yaradır. O mənada ki, aptekçi də ağxalatlı olur. Ona görə də, aptekçini məhz Fərahim kişinin dediklərinə, əsasən, ağxalatlı həkimnən, qəssabdan, baytardan və bomba düzəldəndən ayırmaq lazim gələcək. Təki fikrimizdə yanılmayaq.

Bütün xəbərlər Facebook səhifəmizdə