Dalay-Lamanın proqnozu, deyəsən, bir çox ölkələrin əhalisi arasında, o cümlədən, Azərbaycanda təlaş yaratmaqdadır. Adamlar elə zənn edirlər ki, hansısa fövqəlqüvvə günəşin qarşısını kəsəcək və Yer üzərində hərarət mənfi 70 dərəcəyə enəcəkdir. Həmçinin, günəş küləyinin böyük sürətlə atmosferə daxil olması atom-elektrik, su-elektrik və enerji vermək qabiliyyətinə malik olan digər qurğuları sıradan çıxaracaq və dünya zülmət qaranlığa qərq olacaqdır. Bəzi adamlar hətta elementlə işləyən əl fənərlərinin də işləməyəcəyini iddia edirlər. Yeganə işıq mənbəyinin şam olacağını düşünənlər şamları mağazalardan yığışdırmağa girişiblər. Enerjinin kəsiləcəyindən qorxanlar isə konserv və kolbasa məhsullarını almaqdadırlar. Ucqar yerlərdə bu məhsul qıtlığı ilə üzləşənlər tomat bankalarını qamarlamaqdadırlar. Belələri düşünür ki, qaranlıqda əlinə bir şey keçməsə, çörəyi tomata batırıb aclığını dəf edə bilər. Rəsmi məlumata görə Rusiyanın bir çox vilayətlərində dünyanın dağıdılacağından qorxanlar işıq, qaz pulu və digər vergiləri ödəməkdən imtina edirlər.
Dalay-Lama dediklərinin səhv anlaşılması haqda xəbər yaymağa məcbur olub. Görəsən, doğrudanmı 21 dekabr dünyaya fəlakət gətirəcək? Əvvəlcə gəlin görək bu Dalay-Lama kimdir? Ümumiyyətlə, Tibetdə kifayət qədər lama yaşayır. Yaşayış məntəqələrindən kifayət qədər kənarlarda böyük təpə, kiçik dağ və ya yüksəklik zirvəsində ucaldılan Tibet məbəd və monastırlarında kiçik yaşlarından ömürlərinin axırlarınadək təbiətin sirlərinə yiyələnən lamalar müxtəlif qabiliyyətlər qazanırlar. Bəziləri ən şaxtalı havalarda günlərlə, həftələrlə, bəzən isə aylarla çılpaq qalsalar da, soyuq onlara əsla təsir etmir. Digərləri iki-üç aya qət edilən yolu ac-susuz bir neçə günə qət edirlər. Üçüncülər isə digər ağlasığmaz qabiliyyətlər nümayiş etdirirlər. Bunların heç birində fövqəlqüvvələr rol oynamır. Lamalar, sadəcə, təbiətin çoxlarının dərk etməyə qadir olmadığı sirlərinə yiyələnə bilirlər.
Dalay-Lamanın kimliyinə gəldikdə, deməliyik ki, bu titul Tibet imperatorlarına-hökmdarlarına verilir. Çin Tibeti işğal edib öz əyalətinə çevirdiyindən, sonuncu Dalay-Lama Qərbdə mühacir həyatı keçirərək, ən azı, Tibetin Çin daxilində muxtariyyat statusu almasına cəhd edir. Əlbəttə, ətrafında bir neçə bəsirətli lama saxlayan Dalay-Lama nəinki iki-üç ay, hətta iki-üç il, yaxud da, 20-30, 100-200 il sonra baş verəcək hadisələr haqqında da dəqiq proqnoz verə bilər. Elə fəlsəfə elmi də, sübut edir ki, əgər 3-5 gün, 3-5 ay əvvəl gələcəkdə baş verəcək hadisələr haqda proqnoz vermək mümkündürsə, uzaq gələcəkdən də xəbər vermək şəksizdir.
Əgər şam, konserv, tomat və başqa qablaşdırılmış qida məhsulları istehsal edən nəhəng müəssisə rəhbərləri Dalay-Lamanın büdcəsinə bir neçə milyon keçirib, onu səhv proqnoz verməyə vadar etməyiblərsə, onun 21 dekabr proqnozu gerçəkləşəcək. Sadəcə olaraq, onun dediklərini düzgün başa düşmək lazımdır. Dalay-Lamanın proqnozunda dünyanın dağılacağına, cüzi də olsa, işarə yoxdur. Dalay-Lama 21 dekabr haqda dörd-beş min il əvvəl proqnoz verən Mayya qəbiləsi münəccimlərinin dediklərinin dediklərini örnək götürərək, öz uzaqgörənliyinin nəticələrini ona əlavə edir. Mayya münəccimləri 21 dekabrda altıncı beşminilliyinin qədəm qoyacağını və bu vaxtdan 10-20 il əvvəl və sonra təbii fəlakətlərin, zəlzələlərin, daşqınların, torpaq sürüşmələrinin, hətta siyasi dəyişikliklərin olacağını xəbər vermişlər. Dalay-Lama isə dekabrın 21-də günəşin üzünün tutulacağını və günəş küləyinin Yerin müəyyən hissəsinə zərər vuracağını deyir. Bu, mümkün proqnozdur. Bu hadisənin, əsasən, Amerika və Avropanın şimal hissəsinin bir neçə min kvadratkilometr radiusunda baş verəcəyi gözlənilir. Amerikanın cənubu, Afrika, Asiya və Avstraliya da proqnoz dairəsinə düşə bilər.
Bu, nə Yer kürəsinin dağılması, nə də dünyanın sonu demək deyil. Sadəcə olaraq, müəyyən ərazi təsir dairəsinə düşə bilər. Ancaq proqnoz gerçəkləşməyə də bilər. Yer kürəsi də, onun sakinləri də qadir Tanrının idarəsinə tabedir. Arzu edirik ki, Azərbaycan müsibət və bəlalardan uzaq olun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB