İsrailin Tövratdakı "Bulud sütunu" təbiri ilə adlandırdığı Qəzza əməliyyatı onsuz da bölgədə gərgin olan vəziyyəti, sülh arayışlarını çətinləşdirəcək və gecikdirəcək bir hücumdur. Benyamin Netanyahu hökumətinin zamanlaması və açıqladığı hədəflər, əməliyyatın həm seçki sərmayəsi, həm də ABŞ prezidenti Barak Obamanın yeni prezidentlik dövründə İsrail-Fələstin problemində atmağı planlaşdırdığı addımları bəri başdan uğursuzluğa düçar etmək məqsədi daşıdığı təəssüratı yaradır. İsrailin Qəzzaya noyabrın 14-də başlatdığı "Bulud sütunu" əməliyyatı dünya gündəminin ilk sırasına yerləşib. İsrailin Baş naziri Netanyahunun 22 yanvar 2013-cü ildə keçiriləcək erkən parlament seçkiləri öncəsi Fələstin problemi ilə bağlı mövqeyini gedərək sərtləşdirməsi və arxasından Qəzzaya yönəlik əməliyyatı başlatması, İsrailin daxili siyasətini və əvvəlki seçkilər öncəsi dönəmləri izləyənlər üçün sürpriz olmadı. Çünki İsraildə seçki öncələri fələstinlilərə göstərilən sərtliyin seçici dəstəyini artırdığı istiqamətində ümumi bir fikir hakimdir. Ankara Strateji İnstitutunun mütəxəssisi Erol Kurubaş da "Yenə seçkilər yaxınlaşır. İsraildəki mövcud rəhbərlik təəssüf ki, fələstinlilərin qanından bəslənərək, bunu seçici səsinə çevirmək istəyir" sözləri ilə bu fikrə dəstək verir. Netanyahunun seçkiyə gedərkən güclü, qərarlı və təhlükəsizliyi təmin edə bilən bir hökumət görüntüsü yaratmaq istədiyini vurğulayan ekspert bildirir ki, İsraildə nə vaxt bir təhlükəsizlik məsələsi ön plana çıxsa, sağçı partiyalar bundan səs qazanıb. Netanyahu seçki öncəsində zəifləyən nüfuzunu yenidən bərpa etməyin hesabını aparır.
Qəzzadakı Fələstin Muxtariyyətinin Baş naziri İsmayıl Haniyənin müşaviri Əhməd Yusif mövcud vəziyyəti belə şərh edir: "Netanyahunun seçkiləri qazanmaq üçün fələstinlilərə hücum və güc tətbiq etməsi lazımdır. Netanyahu sağçı sionist yəhudilərin səslərini itirməmək üçün Qəzzaya hücum edir. Hücum Netanyahunun seçki kampaniyasının bir parçasıdır. O, fələstinlilərin qanı ilə seçkiləri qazanmaq istəyir".
İsrailin hücumu Obamanın işini çətinləşdirdi. Ancaq Netanyahu hərbi əməliyyatları Fələstində iki dövlətli bir həll variantından yana olan Barak Obamanın prezidentliyinin ikinci dövrünün ilk günlərində başlatması yeni sülh cəhdlərinin qarşısında böyük maneəyə çevrildi. Netanyahuya göstərilən ilk reaksiyalar isə taktikasının işə yaradığını göstərir. Beynəlxalq ictimaiyyətə Qəzza əməliyyatının "təcavüzkar fələstinli qrupların bir müddətdir davam edən və üstəlik İsrail vətəndaşlarını hədəf alan terror hücumlarına qarşı özünü müdafiə edən bir hərəkət" olduğu mesajını verən hökumətin gözlədiyi dəstək gecikmədi. Prezident Obama Netanyahu ilə uzun müddətdir davam edən fikir ayrılıqlarını bir kənara qoyaraq İsrailin Qəzzadan atılan raketlərə qarşı özünü müdafiə etmək haqqından istifadə etdiyini, istər Netanyahu, istərsə də Misir prezidenti Məhəmməd Mursi ilə telefon danışıqlarında açıqca ifadə etdi. Obama Netanyahuya "Mülki vətəndaş itkilərindən qaçmaq üçün hər cür səyi göstərməsini tapşırsa da", Obama rəhbərliyi ilə İsrail hökuməti arasındakı soyuqluğun əhəmiyyətli ölçüdə aradan qaldırıldığı müşahidə edildi. Bu arada İngiltərə və Kanada hadisələrin başlamasında Həması günahlandırdı. İsrailin Qəzza əməliyyatı ilə İsrail-Fələstin və İsrail-Ərəb probleminin gündəmin ön sıralarına dırmaşması, təbii olaraq Suriya böhranına ayrılan marağı və diqqəti azaldacaq. 11 oktyabrda Qətərin paytaxtı Dohada aparılan uzun müzakirələrdən sonra istər Suriya Milli Şurasının formasının yenilənməsi, istər müxalifəti daha böyük bir tavan altında toplayan Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının qurulması Əsəd rejiminin sonunu daha da yaxınlaşdırırdı. Suriya müxalifətinin müvəqqəti hökuməti yaratması və beynəlxalq aləmdə Ərəb dünyası ilə yanaşı Qərb ölkələrinin də bu hökuməti Suriya xalqının yeganə qanuni təmsilçisi kimi tanıması mərhələsinə çatmışdı. Fransadan və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən gələn tanıma qərarının ardından ABŞ və İngiltərə kimi ölkələrin üzərindəki "tanıma" təzyiqi də artmışdı. Qərb ölkələrinin, xüsusilə ABŞ rəhbərliyinin Suriya müxalifətinə dəstəyini artırmalarına maneə olacaq hər hansı bir səbəbləri qalmadığı vurğulanmağa başlamışdı. Ancaq Qəzza əməliyyatı ilə başlayan böhranın dərinləşəcəyi təqdirdə beynəlxalq təşkilatların və diplomatiyanın İsrail-Fələstin probleminə da enerji sərf etməsi tələb olunacaq. Bu da hələ tam formalaşmamış Obama rəhbərliyi üçün Suriya gündəminin ikinci plana keçməsinə səbəb olacaq. Haniyənin müşaviri Yusif də bildirib ki, Suriya müxalifətinin bir tavan altında birləşməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa başlaması Əsəd rejiminin devrilməsinin konkret göstəricisidir. Lakin İsrail Əsəd rejiminin çökməyini istəmir və Əsədə zaman qazandırmaq və dünya gündəmini Suriyadan uzaqlaşdırmaq üçün Qəzzaya hücum edir".
İsrail ordusu Qəzzaya yönəlik genişmiqyaslı hücumuna "Bulud sütunu" adını verib. "Bulud sütunu" Tövratda İsrail oğullarına köməyə işarədir. Tanrının onları bir bulud sütunu ilə düşmənlərindən qoruduğuna inanırlar. Müqəddəs kitabda "Gecə-gündüz irəliləmələri üçün Rəbb gündüz bir bulud sütunu içində yol göstərərək, gecə bir alov sütunu içində işıq verərək onlara öncüllük edirdi. Gündüz bulud sütunu, gecə alov sütunu xalqın ətrafından əskik olmadı" ifadələri yer alır. İsrailin Qəzzaya təşkil etdiyi hərbi əməliyyatda xüsusilə dini termin və anlayışları seçməsi isə diqqət çəkir.
Qeyd edək ki, İsrailin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 120 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib. Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yaralıların sayı isə 850 nəfəri keçib. Hərbi əməliyyatlar nəticəsində cəmi 3 nəfər israilli yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB