Bu gün cəmiyyətdə önəmli yer tutan mobil telefonlardan istifadə gündəlik həyat tərzinə çevrilib. Belə ki, əgər bir neçə il öncə kiminsə mobil telefonu olduğunu eşidəndə heyrətlənirdiksə, indi bu mobil cihazların kimdəsə olmadığını eşidəndə əksinə, təəccüblənirik. Yəni necə ola bilər ki, müasir dövrdə kiminsə mobil telefonu olmasın?

Artıq bu gün dünya əhalisinin böyük bir qisminin nəinki bir mobil telefonu, hətta 2-si, 3-ü var. Bunlardan istifadə o həddə çatıb ki, insanların bir çoxu həyatını onsuz təsəvvür edə bilmir. Çünki mobil aparatlar hər bir insanın işində kifayət qədər köməkçi rolunu oynayır. Onu da qeyd edək ki, yaxın günlərdə istifadəçilərin mobil cihazlarla əlaqələri və istifadə vərdişləri ilə bağlı Avropa, Orta Şərq və Afrika bölgəsində aparılan "Mobil etiket" adlı araşdırma da bunu sübut edib. Mobil cihazların insan həyatını necə dəyişdirdiyini və həyatımızda nə qədər önəmli bir yerə sahib olduğu haqqında maraqlı araşdırmalar aparıblar. Məsələ ondadır ki, istifadəçilər hər sabah gözlərini mobil telefon, yaxud da noutbukla açırlar.

Qonşu Türkiyənin də daxil olduğu 16 ölkədə 12 min 761 insanın iştirak etdiyi araşdırma mobil telefon və noutbukun vərdişlərlə yanaşı, bu cihazların istifadəsi ilə cəmiyyətdə bəzi davranışların dəyişməyə başladığını və mobil texnologiya istifadəsi ilə yeni davranış qaydalarının ortaya çıxdığını göstərib.

Ölkəmizdə də mobil cihazların istifadəçiləri kifayət qədərdir. Statistik məlumata görə, ölkədə hər 100 nəfərə 48 kompüter istifadəçisi düşür. Hər 100 nəfərə 110 mobil telefon düşür ki, hazırda ölkə üzrə 10 milyon 120 min mobil telefon istifadəçisi var. Nəticədə ölkədə mövcud mobil cihaz istifadəçilərinin sayını nəzərə alaraq digər ölkələrdə aparılan araşdırmanı ölkəmizdə də tətbiq etsək, yəqin ki, bir çox oxşar rəylərin şahidi olarıq. Digər tərəfdən, sosial şəbəkələrin insanları apardığı virtual aləm, tanışlarla əlaqə saxlamaq, dünyanın istənilən tərəfində yeni tanışlar tapmaq, onlarla müxtəlif söhbətlər etmək əhalinin böyük təbəqəsi üçün həyati zərurətə çevrilməkdədir. Belə ki, sosioloqların qənaətlərinə görə, mobil texnikanın həyatımıza bu qədər daxil olmasının müsbət tərəfləri ilə yanaşı, çox mənfi, qorxulu tərəfləri də var və cəmiyyətdə cəhalət, avamlıq, səriştəsizlik çox olduqca belə fəsadlar daha da artır. Topladığımız çoxsaylı sosioloji xarakterli məlumatlar, apardığımız müşahidələr göstərir ki, hələlik bu mobil texnikaların əhali arasında fəsadları faydasından çoxdur. Bu özünü gənclər arasında göstərir. Neqativ hallar artıq gənclərin davranışına ciddi təsir edir. Ali məktəblərdə dərs zamanı gənclərin əksəriyyəti SMS yazmaqla böyük ciddi problemlər yaradır. Deyək ki, həmin SMS-lərin, demək olar ki, hamısı mənasız xarakter daşıyır. Əsasən daha çox şit, vulqar, erotik söhbətlərdən ibarət olur.

Məhz bu kimi məsələləri nəzərə alaraq söyləmək mümkündür ki, belə halların yaranmaması üçün müəyyən qanunlara ehtiyac var. Çünki gələcək nəslin mənəvi, fiziki inkişafına mane olacaq hər bir vərdiş, yaxud yaşam tərzi sonradan növbəti nəslin, hətta genafondun təhlükə ilə qarşı-qarşıya qalmasına şərait yaradır. Fikrimcə yaşadığımız müasir həyat tərzində bu məsələ ətrafında daha diqqətcil olmalıyıq və düşünməliyik...

Bütün xəbərlər Facebook səhifəmizdə