Sovet dönəmində hər kəsin əzbərləməyə məcbur edildiyi bir tezis vardı - hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Düzünü deyim ki, heç də bu tezisdən xoşlanmırdım. Kifayət qədər əsasım da vardı. Çünki hamı bir nəfərin cibinə işləyə bilər, amma bir nəfər hamının istək və arzularının icraçısı ola bilməz. Yalnız bu, o halda ola bilər ki, bir mütrüf rəqs edə-edə oxuya və hamı da ona hürrey edib çəpik çala. Amma o, rəqs edə-edə şou-biznesin müxtəlif incəliklərindən yararlanan mütrüf dünyasında hamını razı salan addım atmaz. Əslində, onlar da qınanılası deyil. Bədbəxtlər dolanışıqlarını böyük zəhmət hesabına əldə edirlər. Bəzən ipə-sapa yatmayan, dəcəl sponsorların qəddar tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar. Bir də görürsən ki, yazıq mütrüf klip çəkdirmək adı altında yandırıcı günəş şüası altında tarlada əkin-biçin işləri görür və traktorçu rolunda sürücülük edir. Hətta eşşəyin belində tərsinə otuzdurulub müxtəlif məzhəkələr oynamağa məcbur edilən mütrüflər də olur. O dəfə TV-lərin birində Brilyant Dadaşova adlı bir mütrüfün eşşəklə çəkilmiş klipini seyr edərkən, açığı o mütrüfə yazığım gəldi. Bədbəxt eşşəyin belinə tərsinə mindirilib, beli-başı da bağlı halda "Gözlərin deyir ki, sevirsən" mahnısına klip çəkdirməyə məcbur edilib. Müğənni ilə partnyorluq nümayiş etdirən bazbrutlu bir oğlan da klipdə var-gəl edir. Bu oğlanın hərdən-birdən ora-bura qaçıb var-gəl etməsi bir az təəccüb doğurur. O mənada ki, bilmək olmur bu qardaş eşşəyin dalınca qaçır, yoxsa Brilyantın. Rejissor qardaş da sona qədər seyrçiləri təəccübləndirməkdə davam edir. Məhz buna görə istəyirsən ki, əl-qolunu ölçə-ölçə rejissoru qınayasan. Amma onun da dolanışığının belə-belə kliplərdən çıxdığından, dərinə getməyi lazım bilmirsən. Öz-özümə onu düşündüm ki, yaxşı ki, rejissor eşşəyin belinə mindirdiyi mütrüfün əlinə qılınc-qalxan verməyib. Bax, bu, həngamə olardı. Bunu dəlinin yadına daş salmaq kimi qəbul etməyin, məsləhət də bilmirəm.
Eşşəkdən söz düşmüşkən, bu heyvan cümleyi-məxluqatın ən yazıq, fağır heyvanıdır. Zooloqların gəldiyi qənaətə görə, ən qəşəng göz eşşək gözüdür. Amma ən yazıqlar ki, qəşəng gözlər sırasında bu heyvanın adı çəkilmir. Çünki fağır, yazıq heyvandır. Onu bərkgedən mütrüflər də minir, balaca dələc uşaqlar da ora-bura qovurlar. Amma onu özlərinə ideal seçənlər də az deyil. Məsələn, ABŞ kimi demokratiyanın beşiyi uydurulan bu dövlətdə demokratların simvolunda eşşək emblemi əks olunub. Yəni demokratlar kabinetlərində başları üstündə eşşək emblemini asırlar. Hətta İsrail kimi dövlət eşşək təsərrüfatını genişləndirmək məqsədilə layihə hazırlayıb. Bu layihənin qlobal xarakter daşıması üçün İsrail hökuməti yaxın qonşu dövlətlərə müraciətlər də ünvanlayıb. Digər dövlətləri deyə bilmərəm, amma Misir İsrailin 100 min eşşək almaq arzusunu rədd edib. Səbəbi çox olsa da, yalnız görünən odur ki, eşşəyin modu artmaqdadır. Bu yaxşı əlamət olsa da, narahatlıq doğuran məqamlar da var. O mənada ki, eşşəyin kənd dili ilə desək, mazatı qalxdıqca, onun qiyməti də artacaq. Bəzi ölkələrdə eşşəklə bağlı difisit yaranacaq. Nəticənin hansı sonluqla bitəcəyini demək çətinlik yaratsa da, hər halda kəndçilər böyük ziyan çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB