Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, sürücülük vəsiqəsi almaq üçün kimdən rüşvət tələb olunursa, həmin vətəndaş onlara ərizə ilə müraciət etsə, yaxşı olar: "Bütün bunlar söz xətrinə deyilir. Qoy sürücülük vəsiqəsi üçün pul istənilən adam bir dəfə müraciət etsin ki, ondan sürücülük vəsiqəsinin verilməsi müqabilində bu qədər pul istənilib".
Deməli, belə çıxır ki, sürücülük vəsiqəsi müqabilində kimsədən rüşvət alınmır. Kamran müəllim deyirsə, ona inanaq. Amma icazənizlə məsələni bir balaca qurdalayaq.
Kamran müəllim də bilməmiş deyil, sırf hüquqi nöqteyi-nəzərdən yanaşsaq, kimdənsə pul istənildiyini sübuta yetirmək çox çətindir. Gərək, cibində diktafonun olsun. Maşallah texnika o qədər inkişaf edib, o qədər əndərəbadi metodlar var ki, daha buna da şübhə ilə yanaşılır. Tutalım, deyilə bilər ki, qurğudakı səs potensial rüşvətxorun deyil, başqasınındır. Görüntüləməkdə isə tam mümkündür, montaj olduğu irəli sürülsün. Uzağa getməyək, gözümüzün qabağında deputat Gülər Əhmədova ilə bağlı məsələ var... Bir variant da var ki, o da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə işləyəsən, nömrələnmiş pullar verəsən və pulu əldə tutdurasan...
Görürsünüz, məcbur olub, nağıl da danışıram. İndi yazıq sadə vətəndaş nə etsin? İşini-gücünü atıb reportyorluqla, yaxud loru desək, "işverənliklə" məşğul olsun? Axı, yazdığı ərizənin onun öz əleyhinə çevrilməsi təhlükəsi də var. İndi Kamran müəllim çox asanlıqla sürücülük vəsiqələrinin alınmasında tam normal vəziyyətin olduğu təəssüratı yaradan fikir səsləndirirsə, sabah hansısa vətəndaşa münasibətdə deyə bilər ki, Azərbaycanın müzəffər yol polisinin adına ləkə gətirir.
Özü də iddia isbatlanmırsa, isbatlanması da qeyri-mümkün görünür, ortada imzalı ərizə qalır. Həmin ərizənin də istəkdən asılı olaraq vətəndaşın böhtan atdığının təsdiqinə çevrilməsi mümkündür. Narazı ərizəçi dönüb ola bilər yalançı, dələduz, ən yaxşı halda, Kamran müəllimin sözləri ilə desək, sürücülük imtahanı verə bilməyib şaiyə yayan adam. Çox güman, belələri də var. İnsafən, özləri imtahan verib sürücülük vəsiqəsi əldə edənlər də az deyil. Amma...
"Amma"sı isə budur ki, istər Kamran müəllimin, istərsə də bir başqasının nə deməsindən asılı olmayaraq, bir ölkədəki sürücülük vəsiqəsi almaq üçün rüşvətinmi, hörmətinmi, bilmirəm, necə adlandırılır, alındığına dair lətifələr, el məsəlləri yaranır və dolaşırsa və bu sindrom cəmiyyətin canından çıxmayıbsa, yüz ərizə, məktub olsun, iş düzələn deyil. Ola bilər e, kimisə ortalıqda tutub "içəri" də atsınlar, ya tənbeh etsinlər, şiddətli-şiddətsiz xəbərdarlıqlara məruz qoysunlar? Və ya prinsipə düşüb müvafiq qurumları girinc edən hansısa vətəndaşın bir növ, bəlanı başdan eləmək yanaşması ilə istəyi yerinə yetirilsin. Bütün bunların faydası nədir?
Əsas məsələ düşüncədədir. Vətəndaşların əksəriyyətinin sürücülük vəsiqəsinin əldə edilməsinə, ümumən yol polisinin fəaliyyətinə dair beyninə hakim kəsilmiş mənfi düşüncəsini dəyişmək lazımdır. Ay Kamran müəllim, elə işləmək lazımdır ki, "Bu şəhərdə" kimi teatr tamaşaları az qala hər proqramlarında yol polisi ilə əlaqədar ictimai təfəkkürün məhsulu olan gülüşə hesablanmış, əslində isə utancverici səhnələrlə çıxış etməsinlər.
Oxucularımız, xüsusən də cənab Əliyev və polislərimiz fikrimi düz anlasınlar, Rafaellə Çoşğunun qarşısını almağın tərəfdarı deyiləm. Məsələ bütövlükdə yol polisinin fəaliyyətinin ictimailik nöqteyi-nəzərdən qınaq obyektinə çox rahat şəkildə tuş gələ bilməsindədir. Bəli, Azərbaycan insanı öz polisinin, xüsusən də yol polisinin məsxərə predmetinə çevrilməsinə adi yanaşır. Bir anlığa onu da düşünürəm: gərəsən, uzağa gedib Qərbə-Şərqə boylanmayaq, qonşu Gürcüstanda hansısa polis məmuru deyirmi ki, sürücülük vəsiqəsinin pulla alındığını iddia edən vətəndaşlar ərizə yazsınlar? Tam əminəm ki, demir. Çünki orası ərizə yazmağa ehtiyacın duyulmadığı, kimliyindən asılı olmayaraq hamının sürücülük vəsiqəsini imtahan verərək almalı olduğununun tam dərk edildiyi, mövcud məqamın ictimai rəydə birmənalı qaydada oturuşduğu məmləkətdir. Bundan nəticə çıxarmaq lazımdır, nəinki şaiyələrin gətirdiyi ləkələri kağız-kuğuzla silməyə çalışmaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB