Yadımdadır, uşaq vaxtı kəndimizdə bir çayçı vardı, o, ən qədim tarix barədə və o dövrdə insanların yaşam tərzi ilə bağlı çox maraqlı söhbətlər edərdi. Sonradan o çayçı yaxşı pul qazandı və oxuyub müəllim oldu. Bəli, həmin müəllim danışırdı ki, qədim dövrlərdə insanların geyimində ciddi problemlər olub. Başlıcası kişilər və qadınlar bədənlərini ağac yarpaqları ilə örtərmiş. Doğrudan da, məktəbə gedib sinifləri dəyişdikcə, oxudum gördüm ki, həmin çayçı müəllim çox düz deyirmiş.
Həqiqətən də, insanlar o dövrün tələblərinə uyğun olaraq çılpaq bədənlərini əncir yarpağı ilə bağlayarlarmış. Dövr dəyişib, zaman keçdikdən sonra insanların yaşam tərzində çox ciddi dəyişikliklər baş verdi. Başlıcası insanlar bədənlərini ağac yarpaqları ilə deyil, barama qurdu hesabına ərsəyə gələn parçalar vasitəsilə örtdülər. Amma maraqlı və təsirli məqam ondan ibarətdir ki, kişilərdən fərqli olaraq moda göstərmək və özlərinin istedadlarını nümayiş etdirmək üçün bəzi qadınlar, xüsusilə də, mütrüflər (müğənnilər nəzərdə tutulur - İ.Ə.) qədim dövrlərdə olduğu kimi geyimə üstünlük verdilər. Əsasən də, çiçəklənməkdə olan şou-biznesə yenicə daxil olan mütrüf qadın müğənnilər diqqəti cəlb etmək üçün modabazlığın bütün növlərindən istifadə edirlər. Aradabir saytları nəzərdən keçirərkən, həmin mütrüflərin tam çılpaq olmalarından utanırsan. Amma nə edəsən ki, onlarda utanan sifət olmur. Bəzən isə onları yoldan çıxaranların xarici amil olduğunu da nəzərə almağa çalışırsan. Çünki bəzən bizim başımıza nə gəlirsə, xarici təcrübəni özümüzə tətbiq etməkdən gəlir.
Baxın, sentyabr-oktyabr ayları Bakımız üçün sanki meqa-ulduz yağışı olacaq. Dünyanın ən bərkgedən, abır və həyadan tamamilə uzaq olan mütrüfləri Bakımıza təşrif gətirəcəklər. Bu mütrüflərə, xüsusilə, Cennifer Lopez, Şakira, Rihanna kimilərə TV-lərdə baxarkən uşaqlardan ayıbdır deyə kanalı dəyişmək məcburiyyətində qalırsan. O gün də ANS kanalında aparıcı Cennifer Lopezin Bakıya gələcəyi ilə bağlı uzun-uzadı fikirlər səsləndirdi: "Cennifer Lopez Bakıya gələcək və konsert verəcək. Azərbaycan kişiləri ağızlarının suyu axa-axa ona tamaşa edəcəklər". Bu yerdə açığı çox təəssüfləndim. Azərbaycan kişisini bu qədər aşağılamaq xanım aparıcıya yaraşan hal deyil. Qəti deyirəm, mənim adım o siyahıda ola bilməz. Çünki Cennifer Lopez mənlik deyil. Onu da əlavə edirəm ki, əgər Cennifer Lopez, Rihanna, Şakira mənə dostluq təklif etsələr, qətiyyətlə rədd edərəm. Hətta facebookda onların mənə dostluq təkliflərini qəbul etmərəm.
Cennifer Lopez öz profilində Bakıya gedəcəyi ilə bağlı qəşng sözlər deyib. Bildirib ki, onun konsertində iştirak edəcək tamaşaçıların sayı və tərkibi ilə maraqlanıb. Yəqin ki, Lopezə istədiyi informasiyanı köməkçiləri veriblər. Çox ehtimal ki, onu da bildiriblər ki, bu yazının müəllifi tamaşaçılar arasında yoxdur. İndi deyə bilmərəm, Lopez bu informasiyadan razı qalıb, yoxsa qalmayıb. Amma yenə deyirəm, onlar mənlik deyil. Səbəb isə, çoxdur. Birincisi, dost olsam, on dəfə onlar mənə qonaqlıq verəndə, məcburam ki, bir dəfə də mən onları çay süfrəsinə qonaq edim. Çay süfrəsi də ki, ən azı 3-4 min dollara başa gələcək. Məndədə ki, o qədər pul heç vaxt olmayıb. Digər tərəfdən, bu Cennifer Lopez deyilən mütrüf nə özünü qonaq kimi, nə də ki, ailə quran gəlin kimi aparmır. Görmüşük ki, gəlin bəy evinə bir, uzaq başı iki maşında cehiz aparar. Amma bu Cennifer Lopez Bakıya konsert vermək üçün Rusiyanın və İranın Xəzər dənizində keçirdiyi hərbi təlimlərdəki texnika və canlı qüvvə qədər kontingentlə gəlmişdir. Yəni, 65 maşın, 5 təyyarə və 500 canlı qüvvə Cennifer Lopezi müşayiət edib. Deyirəm, əgər təsadüfən Lopezin kontingenti ilə hərbi təlimlər keçirən İranın qüvvələri rastlaşsaydı, o zaman zəif və gücsüz durumda olan İran qüvvələri bədbəxt günə qalardı. Heç Əhmədinecat tarixi rəqibi Obamadan bu yolla qisas ala bilməzdi.
Xülasə, mənim qərarım bundan ibarətdir ki, Cennifer Lopez mənlik deyil. Çünki bununla bağlı əsaslarım var, hansı ki, onların bir qismini yuxarıda qeyd etdim. Daha geniş və ətraflı fikirləri isə Lopezi Bakıdan yola salandan sonra deyə biləcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB