Bəzən bir fincan isti bitki çayı dərmandan daha çox təsir edir

Nənələrimizin sandığından çıxan reseptlər, analarımızın “bir stəkan isti çay iç, keçər” təsəllisi, kənd evlərinin qoxusuna hopmuş otlar… Türkəçarə təkcə müalicə üsulu deyil, bir həyat tərzidir. Bəs bu üsullarla doğrudan da sağalmaq mümkündürmü, yoxsa bu, sadəcə keçmişə olan nostaljidir?

Əsrlər boyu təbiətlə üz-üzə yaşayıb. Dərman yox idi, xəstəxana yox idi, amma insanlar sağ qalırdı. Çobanyastığı, adaçayı, qara zirə, sarımsaq, bal… Bunlar sadəcə bitki deyil, nəsillərin sınağından çıxmış ümidlər idi. Bəzi hallarda türkəçarə insanın immun sistemini gücləndirir, yüngül ağrıları azaldır, ruhu sakitləşdirir. Bəzən isə bir fincan isti bitki çayı dərmandan daha çox təsir edir, çünki orada qayğı, inam və sevgi var.

Amma acı bir həqiqət də var. Hər xəstəliyin çarəsi təbiətdə gizlənmir. İnfeksiyalar, xroniki xəstəliklər, ağır iltihablar, onkoloji problemlər… Bu nöqtədə türkəçarə kifayət etmir. “Bir az döz, keçər” deyə-deyə gecikdirilən diaqnozlar bəzən geri dönməz nəticələrə səbəb olur. Təəssüf ki, türkəçarəyə hədsiz güvənmək bəzən insanı müasir tibbdən uzaq salır.

Əsl həqiqət isə ikisinin arasında gizlənir. Türkəçarə – təbabətin düşməni deyil. O, düzgün istifadə edildikdə müalicəni dəstəkləyən, bədəni və ruhu balansda saxlayan bir vasitədir. Amma həkim məsləhətini əvəz edən əsas yol ola bilməz. Təbiətin verdiyi nemətləri elmin işığı ilə birləşdirdikdə isə sağlamlıq daha əlçatan olur.

Bu gün sual artıq “türkəçarə ilə sağalmaq mümkündürmü?” deyil. Əsas sual budur: biz onu nə qədər şüurlu istifadə edirik? Sağlamlıq möcüzə axtarışı deyil, doğru seçimlər silsiləsidir. Bəzən bir ot, bəzən bir dərman, bəzən isə sadəcə vaxtında həkimə getmək…

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə