Vəli VƏLİYEV

Biz geridə kimsəni buraxmırıq. Əgər o üstəlik əsgərdirsə, Vətənini qoruyandırsa, uğrunda canını fəda edəndirsə onun kimsənin əlində qalmasına heç cür imkan vermərik. Bu, bir prinsipdir, bu, bir xalqın, bir ölkənin fərdinə, vətəndaşına verdiyi dəyərdir. Son 35 ildə başımıza nələrin gəldiyini hər kəs bilir və öz hesabını aparır. Bədnam qonşularımızın bizə qarşı qeyri-insani davranışı bütün normaları aşanda bir anda anladıq ki, dünya hələ də yarımçıq məxluqlarla, hələ də ictimailəşmə, sosiallaşma problemi yaşayan ikiayaqlılarla doludur. Bəli, tarix boyu müharibələr olub, bu gün də var. Amma bu müharibələrin də bir qaydası, norması, “qırmızı xətt”i var. Gərək onların heç birini, yumşaq desək, keçməyəsən. Ayaqladınmı, davamı gələcək və bunun bədəlini artıqlaması ilə ödəmək də sənin payına düşər. Ermənistanın son durumu buna bir işarədir...

Ermənistanın Azərbaycan torpaqlarını ələ keçirmək iştahası həmişə olub. Azərbaycan torpaqlarına köçürüləndən başlayıb bu intriqa, düşmənçilik. Özünə yer etməyin, bu ərazilərdə möhkəmlənməyin bir yolunu tapıblar, ya da onlara istiqamət verənlər Azərbaycan türklərinə qarşı amansız olmağı öyrədiblər. Əmrə-müntəzir ermənilər də cəzasız qalacaqlarına əmin olandan sonra bir az daha azğınlaşıblar. Nökəri olduqları çar Rusiyası dağılanda əldə etdikləri torpaqları sovet hökuməti çökəndə genişləndimək istəyən ermənilər bu müharibədə daha qəddar oldular. Arxalandıqları “vur” dedikcə vəhşiləşdilər, heç bir norma, konvensiya gözləmədən ən iyrənc üsullara əl atdılar. Yenicə formalaşan dövlətə qarşı iri dövlətlərin gücünə və dəstəyinə arxalanım həm torpaqlarımızı işğal etdilər, həm də on minlərlə vətəndaşımızı qətlə yetirdilər. Ölənlərin əksəriyyəti isə mülki vətəndaşlar oldu. Minlərlə əsir və girov götürülənlərin sonrakı taleyindən isə indi də xəbər yoxdur. Azərbaycanın həmin vaxt gücü və imkanı olmadığından, o cümlədən həmin dövrdə ölkəyə rəhbərlik edənlərin yarıtmaz əməlləri səbəbindən erməni əsirliyində qalanlar geri qaytarılmadı.

Amma zaman dəyişdi, hakimiyyət əsl sahibinə qaytarıldı. Hakimiyyətin mənbəyi olan xalq da etdiyi seçimini reallaşdırdı, Ulu Öndər, Azərbaycanın xilaskarı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Sonrakı dönəmdə Onun siyasi varisi İlham Əliyevin prezident seçilməsi isə bütün daşların yenidən düzülməsi, yeni reallıqların yaranması üçün yetərli oldu. Yuxarıda haqqında danışdığımız prinsipiallıq, vətəndaşa qayğı, hər kəsin prezidenti olmaq istəyi özünü hər addımda büruzə verir. Bəli, İlham Əliyevin ilk dəfə ölkə prezidenti seçiləndə dediyi sözlər, fikirlər bu illər ərzində heç dəyişməyib. İlk gün verdiyi söz bu gün də yerinə yetirilir. Əslində “hər bir azərbaycanlının prezidenti olmaq” yükü çox ağırdır. Seçki xatirinə, kreslo əldə etmək məqsədi ilə vədlər verənləri az görməmişik. İlham Əliyevin verdiyi söz, vəd heç kimlə, heç nə ilə müqayisə oluna bilməz. Hələ indiyədək İlham Əliyevin verdiyi sözə əməl etmədiyini görən, bilən heç yoxdur.

İki hadisə ilə kimin kim olduğuna aydınlıq gətirək. 44 günlük müharibənin sonu, Azərbaycan tərəfi elan edir ki, 10 noyabrdan sonra erməni ordusunun bir əsgəri də ərazilərimizdə qalmamalıdır. Könüllü şəkildə getmək istəyənlərə toxunulmayacaq. Amma nə baş verdi? Üçtərəfli Bəyanatdan 15 gün sonra Ermənistan ordusunun 200-ə yaxın əsgər və zabitindən ibarət diversiya qrupu Hadrut istiqamətinə göndərilir. Azərbaycan silahlı qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində onların, demək olar ki, hamısı tərksilah edilir və Bakıya gətirilir. Ermənistanın cəhdlərinə baxmayaraq onlar geri qaytarılmır, çünki İrəvan bundan müxtəlif oyunlar qurmağa cəhd edir. Buna baxmayaraq Azərbaycan tərəfi həmin ermənilərin bir qismini humanistlik nümayiş etdirərək azad edir. Ermənilər yenə manipulyasiya etməyə çalışır, arxalandığı dövlət və təşkilatları öz oyununa cəlb edir. Onlar da Azərbaycanın prinsipiallığını gördükdən və Bakının arqumentləri qarşısında aciz duruma düşdükdən sonra bəzi korrektələrlə gündəmə gəldilər, amma...

İkinci bir hadisə isə iki azərbaycanlı hərbçinin yolu azaraq şərti Ermənistan-Azərbaycan sərhədini keçməsi oldu. Dumanda yolu azan əsgərlərimiz üzərində Ermənistan hakimiyyəti o qədər cılız məhkəmə qurdu ki, buna böyük oyunlar ustadı olan Qərb dairələri belə mat qaldılar. Sərhəddən xeyli uzaqda baş verən ölüm hadisəsində əsgərimizi günahlandırmaqla ermənilər əsl xislətini, kibirini, nifrətini ortaya qoymuş oldu. Azərbaycan tərəfi çox çalışdı, məsələnin çözülməsi yollarını qarşı tərəfə bildirsə də İrəvanın öz hərbçilərinin taleyinə nə qədər biganə qaldığını da anladı. Həm də iki hərbçimizin azad edilməsi üçün bütün imkanları bir daha gözdən keçirdi, yollar axtardı. Bundan əvvəl iki hərbçimizə qarşılıq son hadisələrdə ələ keçirilən diversantların dəyişdirilməsi də gündəmə gətirildi. Erməni əsgərlərin valideynləri Ermənistan hökumətinin binası qarşısında özlərini yandırmaq istədiklərini bəyan etsələr də, onların tələbi yerinə yetirilmədi. Azərbaycan silahlı qüvvələrinin sentyabr ayında keçirdiyi antiterror tədbirlərində və ondan sonrakı proseslərdə minlərlə erməni hərbçisini həbs edə bilərdik. Laçın sərhəd keçid məntəqəsindən istifadə edərək Ermənistana gedən ermənilərin kim olduğunu bilmirdik? Bəli, həmin gənclərin əksəriyyəti Ermənistan ordusunun Qarabağda xidmət keçən hərbçiləri idi. Onları saxlamaq fikrimiz olsaydı, bu gün əlimizdə on mindən çox erməni hərbçisi olardı. Amma bunu etmədik, humanistliyimiz bu dəfə də ermənilərin işinə yaradı. Yenə gözlədik ki, Ermənistan rəhbərliyi öz əsgərlərinin taleyinə biganə qalmayacaq. Görünür, yanılmışıq, erməni kibirinin tükəndiyi kimi xam xəyallar qurmuşuq.

Və nəhayət, Azərbaycan tərəfinin apardığı danışıqlar öz bəhrəsini verdi. Geridə, həm də düşmən əlində kimsəni buraxmayacağımızı hər kəs anladı. Ermənistan tərəfi isə əsgərimiz haqqında çıxardığı 20 illik həbs qərarını ömürlük həbslə əvəzləməklə bir daha qəddar olduğunu, həm erməni, həm də azərbaycanlı hərbçilərin onlar üçün heç bir dəyərinin olmadığını üzə çıxardı. İki hərbçimizin azad edilməsi isə Azərbaycan tərəfi, şəxsən İlham Əliyev üçün prinsip məsələsi idi. Hərbçilərimiz nəyin bahasına olursa-olsun azad edilməli, iki ailənin 8 ay axan göz yaşları sevinclə əvəz olunmalı idi. Yəni, iki hərbçimizə qarşılıq ya iki, ya da 32 erməninin azad edilməsinin bir o qədər də fərqi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin böyüklüyü sayda, rəqəmdə deyil. Hərbçi mübadiləsində riyazi qanunauyğunluqlar yox, insani dəyərlər, vətəndaşa, bir ailənin övladına verilən qiymət üstündür. Bizim gözümüzdə iki rəqəmi, iki insan taleyi, iki oğul, iki vətəndaş 32-dən çox böyükdür. Bunu yalnız anlayanlar bilir...

Bütün xəbərlər Facebook səhifəmizdə