Martın 5-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ rayonunda növbəti silahlı hadisə baş verdi. Müdafiə Nazirliyi rəsmi açıqlamasında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olması və bu məqsədlə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Ordumuzun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilməsi barədə qeydlər var. Əlavə edilib ki, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Baş verənləri hələ də davam edən münaqişənin növbəti epizodu kimi qələmə vermək olardı. Amma Ermənistan və Rusiya mənbələrinin demək olar ki, eyni məlumatı paylaşması, eyni mövqedən çıxış etməsi bunun sıradan bir hadisə olmadığını deməyə və düşünməyə əsas verir. Diqqət edin, hadisə baş verir, Azərbaycan Ordusunun bir qrupu Ermənistandan Qarabağa silah daşıyan UAZ markalı avtomobili saxlamağa və yoxlamağa cəhd edir və qarşı tərəfin atəşi ilə üzləşir. Atışma bitər-bitməz Rusiya sülhməramlıları hadisə yerinə gəlir və yaralılara kömək edirlər. Həm də baş verən atışma əvvəldən axıra qədər ermənilər tərəfindən lentə alınır. Halbuki, əksər vaxt hadisələr lentə alınmır. Amma burada erməni-rus tandeminin necə dəqiqliklə işlədiyinin şahidi oluruq.

Ermənistan və Rusiya mətbuatı guya öldürülən erməni silahlılarının qondarma qurumun pasport-viza şöbəsinin əməkdaşları olduğundan yazırlar. Ermənistan Xarici İşlər Nazirliyinin məsələyə münasibəti də maraqlıdır. Guya UAZ-da rəsmi sənədlər və xidməti silahdan başqa heç nə olmayıb. Əgər belədirsə adi pasport-masa əməkdaşı xidməti silahı ilə xüsusi təlim keçmiş hərbçiləri necə öldürə bilər? Yox, əgər ermənilərin dediyi kimi maşında yalnız sənədlər olubsa, onları hərbçilərə göstərib yollarına davam edə, yaxud geriyə qayıda bilməzdilərmi? Nəzərə alsaq ki, Azərbaycan hərbçiləri heç də erməniləri ovlayan başıpozuq quldur dəstələri deyillər. Onlar öz torpaqlarında xidmət aparırlar, qanunsuz hərbi birləşmələr və qanunsuz silah daşıyan və üzərində gəzdirənlər onların potensial hədəfləridir.

Erməni və rus mənbələri tez-tez Azərbaycana aid “diversiya qrupları”ndan yazırlar. Anlamaq olmur, Azərbaycan hərbçiləri öz ərazilərində necə diversant ola bilərlər. Bəs, hörmətli rus mediası görəsən, Qarabağdakı qanunsuz hərbi birləşmələrə nə ad verirlər? Məlumatlara baxırıq, erməni separatçıları sanki mələk qismində təqdim edilir, “yerli polis”, “pasport-masa əməkdaşı”, “dinc sakin” və s. və ilaxır. Növbəti sual, bəs Rusiya mətbuatı 1994-1996 və 1999-2009-cu illərdə Çeçenistanda baş vermiş iki müharibədə iştirak edən çeçen yaraqlılarına niyə ermənilərə vurduqları “xoşməramlı” damğasını çox görüblər? Əgər rus mətbuatı erməniləri öz müqəddaratını təyin edən və buna haqqı çatan tərəf kimi baxırsa, onda çeçen mücahidlərinə də eyni gözlə baxmağı bacarmalıdır. Ola bilməz ki, iki oxşar hadisəyə fərqli yanaşasan. Həm də səni və sənin ölkəni dəvət ediblər ki, sülh yaratsın. Nəinki, məsələyə yalnız erməni prizmasından baxsın, hadisələri təhrif etsin.

Neçənci dəfədir ki, Azərbaycan rəsmi şəkildə həm Rusiyanın aidiyyəti qurumlarına, həm mediasına, həm Rusiya Müdafiə Nazirliyinə, həm də Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yer adlarımızın düzgün işlədilməsi ilə bağlı iradlarını bildirib və həmin səhvlərin düzəldilməsini tələb edib. Amma adıçəkilənlər hələ də Qarabağa “Dağlıq Qarabağ”, yaxud ermənicə “Artsax”, Şuşaya “Şuşi”, Ağdərəyə “Mardakert”, Xocavəndə “Martuni”, Xankəndiyə “Stepanakert” adlarını qoymaqda israr edirlər. Hakbuki, bütün bunlar Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sazişinin müvafiq maddələrinə ziddir. Çeçenlər Çeçenistanı İçkeriya adlandırırlar, bizdəmi bu addan istifadə edək? Rusiyanın paytaxtından gələn reaksiyanı görmək da çox maraqlı olardı.

Qayıdaq Qarabağımıza, ermənilərin və Ermənistandakıların hadisə baş verəndən dərhal sonrakı açıqlamaları da çoxlu şübhələr yaradır. Deməli hər şey incəliyinə qədər düzülüb-qoşulub. Burada Ermənistan hakimiyyəti, Qarabağdakı erməni separatçılar, rus sülhməramlıları və bəzi beynəlxalq təşkilat və Avropa institutları birgə çalışıblar. Üç aya yaxındır ki, ekoaktivistlər Laçın yolunu bağlamadan tələblər irəli sürürlər, lakin kimsə onları dinləmir. Naxçıvanın və naxçıvanlıların 30 ildən artıq blokadada qalmasına göz yuman bəzi beynəlxalq dairələr 3 aylıq etirazı “blokada” kimi qələmə verib yaxalarını cırırlar. İnsan haqqından danışırlar, amma ayrıseçkilik edirlər. Birbaşa “ermənilərin haqqı” desələr daha məntiqli olar. Yəni, üzümüzə, heç nədən çəkinmədən deyələr ki, biz insan haqlarını yox, ermənilərin haqqını qoruyuruq. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı, dağıtdı, viran qoydu, maddi-mənəvi ziyan vurdi, mədəni və dini abidələrimizi yer üzündən sildi, amma Avropa, beynəlxalq təşkilatlar sanki belə olmalıymış kimi susdu, lal, kar və kor oldular. Azərbaycan 44 günlük müharibədə qalib gəldi, BMT tərəfindən qəbul edilmiş sərhədlərində dyandı, erməniləri onların uydurduğu “sərhəd”dən uzaqlaşdırdı və Ermənistana sülh müqaviləsi təklif etdi. Bu sənədin içində sərhədlərin müəyyənləşdirilməsi, bir-birinin ərazi bütövlüyünə hörmət barədə dəqiq qeydlər var. Amma bunu Ermənistan da daxil qəbul edən hələ ki, yoxdur.

Laçın yoluna gələk. Baş verən son hadisədən sonra Ermənistan tərəfinin “operativ” reaksiyası diqqətçəkəndir. Bildirilir ki, “bu şərtlər daxilində Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi həyati zərurətə çevrilir”. Hər şey əvvəlcədən planlaşdırılıb və həyata keçirilib, deyəndə bunu nəzərdə tuturduq. Ermənistan Laçın yolunun onun istəklərinə uyğun şəkildə açılmasını və əvvəllər olduğu kimi, yəni ermənilərin heç bir maneə olmadan istədikləri “malları” Qarabağa gətirib, buradan da istədiyi “malı” aparmaq imkanının əldə edilməsinə çalışır. Laçın yolu kimi, hələlik Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ da Azərbaycanın suveren əraziləridir. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət bu hüququ əlimizdən ala bilməz. Azərbaycan xalqı təkcə 44 günlük müharibədə işğal altındakı ərazilərini azad etmədi, həm də 200 illik bir sindroma – itirmək vərdişinə “dur” dedi. Bəli, Azərbaycan nadir dövlətlərdəndir ki, öz torpaqları ilə həmsərhəddir…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə