Təsəvvür edin, 5-ci sinifdə oxuyan şagirdlər dərsarası tənəffüsdə qarışıblar bir-birilərinə - oynayan kim, zarafatlaşan kim. Bir neçə şagirdin toplaşdığı dəstəyə kənardan uşağın biri də qoşulmaq istəyir. Birdən özündənrazı uşağın biri o biri sinif yoldaşlarına “Qovun bu yetimçəni” deyir. Hə, mərəkə də elə buradan başlayır. Təhqir olunub qovulan uşaq ağlaya-ağlaya ilk olaraq soluğunu müəllimin yanında alır ki, bəs deməzsənmi mənə filankəs “yetimçə” dedi və qovdu. Müəllim də başıalovlu özünü yetirir həmin uşağın yanına ki, bu nə tərbiyəsizlikdi, nə ədəbsizlikdi? Uşaq yazıq da and-aman edir ki, müəllim, vallah-billah zarafat etmişəm. Uşağa qulaq asan kimdi? Sinifdəki uşaqlar da hərə bir yandan ağlayan uşağın tərəfini tutub şahidlik edirlər ki, müəllim, düz deyir, ona “yetimçə” dedi. Hələ təhqir edən uşağın əlindən yanıqlı olanların hərəsi bir tərəfdən üstünə bir az da başqa sözlər əlavə edir. Necə deyərlər, bu, mərəkənin jurnalı idi, kinosu hələ qabaqdadır. Kino nə kino. Əsl kino valideynlərin məsələyə qarışmasından sonra başlayır.

Demək belə. Müəllim telefonu əlinə alıb zəng edir təhqir edən uşağın valideyninə. Aldı görək nə dedi. Uşaqların dediklərinin hamısını valideynə söyləyir. Bunları eşidən valideyn də qalır mat-məəttəl, eynilə uşağı kimi keçir and-amana ki, ay müəllim, mənim uşağım söyüş söyməz, heç evimizdə elə söz işlənməyib. Müəllim deyir valideyn eşidir, valideyn də deyir müəllim eşidir.

İndi keçək iki valideynin bir-birinə zənginə. Çatdıq kinonun kulminasiya nöqtəsinə. Belə ki, ağlayan uşaq evə çatar-çatmaz, heç paltarını dəyişməmiş başlayır sinifdə olanları anasına danışmağa. Ananın eşitdiklərindən simasının rəngini gözünüzün önünə gətirə bilirsiz? Məncə, çox asanlıqla təsəvvür etdiniz. Sizi inandırım ki, heç işıq sürəti ananın telefonu əlinə alıb nömrəni yığmağına çata bilməz. Xəttin o biri başında heç nədən xəbəri olmayan ana telefonu açan kimi, xəttin bu biri başındakı ana gözünü yumub, ağzını açır. Məncə, etik qaydaları nəzərə alaraq telefon danışığını yazmayım. Monoloqu buraxıram oxucuların təxəyyülünə. Məsələ böyüyür məktəbə qədər gəlir, uşaqlar və valideynlər üzləşir. Nə isə...

Deyəcəksiniz ki, “sözünün mustafasını de”. 5-ci sinfin Ədəbiyyat kitabının 89-cu səhifəsində Teymur Elçinin “Qarğanın məktəbi” adlı bir mətni var. Qısa olaraq, burada quşlara müəllimlik edən qarğa sərçəyə qəzəblənib onu dimdikləyir və - qovun bu yetimçəni! – deyir. Burada əsla yazıçının yaradıcılığını müzakirəyə çıxarmıram, heç o fikirdə də deyiləm. Sözüm dərslikləri tərtib edən elm adamlarınadır. İnanın, hələ bu, çox xırda bir nüansdır. Bundan da betər o qədər misallar göstərmək olar ki, bu, onların yanında toyagetməli olar. Sosial şəbəkələrdə, televiziyalarda dəfələrlə müəllim-şagird, müəllim-valideyn münasibətlərinə aid paylaşımların, süjetlərin şahidi olmuşuq. Hər dəfə də günah müəllimdə görülür, amma bir soruşan olmur ki, müəllimi o həddə gətirən səbəb nədir? Məni də qınayanlar çox olacaq ki, müəllimin şiddət göstərməyə ixtiyarı yoxdur. Mən də sizinlə tam razıyam, amma uşaqlara da başa salmaq olar ki, müəllimi də o həddə çatdırmaq olmaz. Baxın, mətndən qeyd etdiyim balaca bir cümlə, inanın ki, yuxarıdakı təxəyyülün həyata keçməsinə səbəb ola bilər. Axı onlar hələ uşaqdır. Dərsliklərdə yazılan hər sözü, hər cümləni beyinlərinə həkk edirlər. Fikirləşirlər ki, mənimsədiklərinin fərqinə, mənasına varmadan tələffüz edə bilərlər və burada heç bir qəbahət yoxdur, çünki dərslik kitabında belə yazılıb. Elə buna görə də dərslikləri tərtib edəndə hər xırdalıqlara fikir verilsə yaxşı olardı.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə