… Yaxud münaqişələrdə “vasitəçilik” edən iri dövlətlərin məqsədi nədir?

Məşhur “Qafqaz əsiri” filmində maraqlı bir epizod var, deyir, “kim bizə mane olur, o da bizə kömək edəcək”. Bu necə olur, mane olan şəxs sonradan dəstəkçiyə necə çevrilə bilər? Çox asan, elə etmək lazımdır ki, həmin şəxs özünə qarşı tərtib olunmuş oyunda nə etdiyini bilməsin, bunu həqiqətən də oyun kimi qəbul etsin. Əksər böyük hadisələrdə də təxminən buna oxşar süjet xətti keçir. Amma bir az başqa şəkildə, yəni burada problem yaradanlar onu həll etməyə girişirlər, özlərini ədalət tərəfdarı kimi təqdim edirlər. Belə olduqda iri oyunlarda kiçiklər həmişə tərəflərdən birinin əlinə oynamış olurlar. Bu da təbiidir, çünki kiçik oyunçudurlar. Bütün hallarda böyüklərin niyyətindən xəbərsiz olurlar.

Böyük masalarda məsələnin qoyuluşu da fərqli olur. Problemi yaradan, münaqişənin alovlanmasında, sonradan qanlı müharibəyə keçməsində maraqlı olan iri dövlətlər həm də sülhməramlı rolunu məharətlə oynayırlar. Regional və qeyri-regional ölkələrin fəal olduğu Cənubi Qafqazda hadisələrin gedişatı da fərqli deyil. Hər kəsə məlumdur ki, Qarabağ münaqişəsi ermənilərin ərazi iddiasından baş versə də, əsas oyunçular, ssenari müəllifləri bəlli iri dövlətlərdir.

Qafqazda mövcudluqları tarixində Rusiyaya minnətdar olduqlarını gizlətməyən ermənilər hələ də ələbaxımlıqlarından qalmır, Moskvaya yarınmaqda davam edirlər. Çar Rusiyası dövründə Yaxın Şərqdən və Hindistandan sülürən ermənilər itaətkar olduqları səbəbindən ən ağır şərtlərə razılaşaraq təbəəçilik ediblər, Rusiyanın ucqarlarda “işverəni”, “üzəduranı”, “etibarlı casusu” olmaqdan qürur duyublar. Çarlıq onların əməllərindən məhz ucqarlarda gen-bol istifadə edib. Ermənilərə dövlət yaradan da Rusiya olub. Avropalı təəssübkeşlərinin xidmətini də unutmaq lazım deyil. Bu gün Ermənistan adlı qondarma dövləti yaradan, lakin nankor ermənilərin özlərinə başqa “sahib” tapdıqları səbəbindən xəyanətə məruz qalan Rusiyanın xarici işlər naziri Bakıya səfərə gəlir. Ermənistanı uzun illər bütün təlatümlərdən qoruyan Moskva İrəvanın təhdidləri ilə üz-üzə qalıb. Ermənistan rəhbərliyi Avropa yolundadır, Moskvadan qaçır. Amma nə vaxta qədər…

Ermənistan avropalıları rusların başının üstündən onların neçə illər qoruduğu, mühafizə etdiyi sərhədlərə müşahidəçi qismində dəvət ediblər. Bu da Moskvanı ciddi narahat edib. Qərbin mülki müşahidə missiyasının əsas məqsədinin nədən ibarət olduğu heç də göründüyü kimi deyil. Onlar guya Azərbaycan tərəfinin sərhədyanı bölgələrdə nə etmək istədiyini müşahidə edib, bununla bağlı hesabat hazırlayacaqlar. Amma Moskvaya da məlumdur ki, əsasən kəşfiyyatçılardan, jandarmlardan və polislərdən təşkil olunmuş müşahidə missiyasının işi Rusiyaya qarşı yeni təxrubatlar hazırlamaqdan əvvəl ermənilərin psixologiyasında anti-Rusiya ab-havası yaratmaqdır. Onların bu niyyəti ortada olsa da, nədənsə Moskva İrəvana qulaqburması verməyə tələsmir, indiyədək ermənilərin haqsız, ədalətsiz müharibəsinə verdiyi dəstəyi dayandırmır, Azərbaycana qarşı etdiklərinə son qoymağı hələ də düşünmür. Biz heç nə istəmirik, sadəcə, üçtərəfli bəyanatın müddəalarına, sülhməramlıların statusuna, sənədin ayrı-ayrı bəndlərinin həyata keçməsinə əməl etməyi tələb edirik. Bizim suveren hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik.

Rusiya kimi ABŞ və Fransa qarışıq Avropa İttifaqının beynəlxalq qanunlara, sərhədlərin toxunulmazlığı kimi müqəddəs prinsiplərə əməl etməsi məsələni kökündən dəyişə bilər. Cənubi Qafqaza sülh gələ bilər. Əslində möhkəm sülhün yaranması üçün adıçəkilən iri dövlətlərin bircə işarəsi bəs edər. Amma bunu etmək istəməyən supergüclər öz problemlərini də bu regionda həll etmək istəyirlər. Qarabağ münaqişəsinin erməni istəyindən yaranmadığını bilirik. Onun arxasında Qərbin iqtisadi, Rusiyanın regional, İranın şovonist maraqları dayanır. İki Cənubi Qafqaz respublikası arasında qarşıdurmanın, qanlı müharibənin başlanmasına səbəb olan dövlətlər bu gün sülhyaratma missiyasında iştirak edirlər.

Liviyanı bir aya, İrakı 28 günə, Suriyanı 15 günə viran qoyan, bu ölkələrə qoşun yeridən, öz iddiasını ortaya qoyaraq, öz maraqlarını güdərək hər üç ölkədəki dəngələri dəyişən Qərb 25 il guya Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilmədi. Bu illər ərzində yalnız bir həqiqət ortada oldu, beynəlxalq münasibətlər sistemi xarab oldu, ən ali prinsiplər – ölkələrin ərazi bütövlüyünə hörmət qüvvədən düşdü. Əslində bu yanaşma yalnız kiçik ölkələrə şamil olundu.

***
Xəbər verildiyi kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfərində kifayət qədər maraqlı məqamlar gözlənilir. Hətta rəsmi dairələr bu görüşün yaxşı fürsət olacağı proqnozunu verirlər. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq. Nəzər alsaq ki, Cənubi Qafqazda siyasi proseslər əsaslı surətdə dəyişib, Ermənistanla Rusiya arasında soyuq küləklər əsir. Deməli, Lavrovun səfəri ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır. Hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var. Belə ki, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb. Həm də Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir. Rəsmi Moskva Bakıya həm regionda, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri həm də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır.

Bu əsnada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarı Ararat Mirzoyanla İsveçrənin Cenevrə şəhərində görüşü də diqqətçəkəndir. Danışıqların detalları hələlik bəlli olmasa da mövzunun məhz Azərbaycanla bağlı olduğu artıq sirr deyil deyil.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində mütləq qələbə qazanması Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb və regionda qüvvələr balansı da dəyişib. Eyni zamanda imzalanan üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat dəhlizi açılmalıdır. Bəyanatın imzalanmasından 2 il yarım keçsə də, Ermənistan üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirməyib. Zəngəzur dəhlizi həm də Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər. Dəhlizin iqtisadi potensialından istifadə edə biləcək ölkələrdən biri də onun açılmasına mane olan Ermənistandır. Azərbaycan üçün ən mühüm məsələ bu yol vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsinin mövcud olmasıdır. Türkiyə də ölkəmiz vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edəcək. Eyni zamanda Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki indiki situasiyada öz yüklərini daşıması üçün bu yol çox əlverişlidir. Zəngəzur dəhlizinin açılması İrana da fayda verə bilər. Nqliyyat dəhlizinin açılmasında maraqlı olan ölkələrdən biri isə Çindir. Çünki adıçəkilən ölkənin "Bir Kəmər Bir Yol" adlı lahiyəsi var. Həmin lahiyənin bir hissəsi Azərbaycandan keçir. Bu dəhliz Çinin Avropa bazarına çıxması üçün yeni vasitədir.

Göründüyü kimi, regional və qeyri-regional ölkələrin maraqları, istəkləri artdıqca problemlərin həlli də çətinləşir. Çünki bu problemləri də onlar özləri yaradıblar...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə