V.VƏLİYEV

Ermənilər burunlarını hər ölkənin iç işlərinə qatmaqda həvəsli görünürlər. “Hay”lar yaşadıqları ölkələrin qanunları ilə deyil, daha çox özlərinin feodal qaydaları ilə səfa sürmək iddiasındadırlar. Təbii ki, bu davranış heç bir ölkənin ürəyindən deyil və zaman-zaman problemlər də yaşanır. Onu da qeyd etmək yerinə düşər ki, məskunlaşdıqları ölkələrdə daha çox kompakt yaşamağa üstünlük verən ermənilər Ermənistan bayrağını demək olar ki, hər addımda, həm də nümayişkaranə şəkildə göstərirlər. Kimsə bir nümunə göstərə bilməz ki, ermənilər sonradan məskunlaşdıqları ölkələrin qanunlarına, adət-ənənəsinə hörmət əlaməti olaraq iş yerlərində, evlərində həmin dövlətin atributlarından birini – bayrağını, gerbini, divardan assınlar. Elə bir fakt yoxdur. Amma əvəzində Ermənistanın bayrağını hər addımda asır, hətta xaçlarını belə fərqli şəkildə təqdim edirlər.

İsraildə baş verən son hadisəni yəqin ki, xatırlayırsınız. İsrailli gənclər ermənilərə məşhur “Ağlama divarı”nın yanından asılmış Ermənistan bayrağını götürməyi tələb ediblər. Ermənilər isə “bura bizim rayondur, siz buradan gedin” deyə onların üstünə hücum ediblər. Nəticədə polis işə qarışıb, ermənilərdən bir neçəsi həbs olunub. Erməni kilsəsinin keşişi hadisənin mahiyyətinə varmadan, günahkarların kim olmasından asılı olmayaraq erməni gəncləri azad etməyi polislərdən tələb edib. Hələ bu harasıdır, Ermənistanın xarici işlər nazirliyi bununla bağlı İsrail tərəfinə rəsmi olaraq etirazını bildirib. Bu yanaşma normal sayıla bilərdi, əgər dava iştirakçıları Ermənistan vətəndaşları olsaydılar. Amma erməni gənclər İsraildə yaşayırlar, yəqin ki, onların vətəndaşlığı da var. Bəs onda Ermənistan XİN hansı əsasla İstailə etirazını bildirir? Bunun da cavabını erməni xislətində, ermənilərin məskunlaşdığı ölkədə özlərini daha çox hansı ölkənin vətəndaşı hesab etmələridir.

Ermənilər sovet hakimiyyəti illərində də Azərbaycanda, xüsusilə də paytaxt Bakıda yaşayırdılar. Bu gün də Azərbaycanda Qarabağda yaşayanlardan əlavə 30 min erməni millətindən olan vətəndaşımız var. Bəziləri ad və soyadlarını gizlətsələr də erməni adı və “yan” soyad sonluğunu üzərində gəzdirənlər də az deyil. Onlara qarşı hələ heç bir təzyiq, diskrinimasiya, yəni ayrı-seçkilik edilməsi ilə bağlı fakt yoxdur. Qarabağdakı ermənilər isə, əsasən də separatçılıqda əli olanlar, belə bir iddia irəli sürürlər ki, azərbaycanlılarla bir yerdə yaşaya bilmərik, onlar bizi öldürərlər. Necə olur ki, ermənilərlə azərbaycanlılar Gürcüstanda, Rusiyada, ABŞ-da, Fransada, Avropa ölkələrində, dünyanın müxtəlif şəhərlərində, vilayətlərində birgə yaşaya, hətta birgə biznes yarada bilirlər, amma Qarabağda yox? Bunun cavabı da çox sadədir. İmtina edənlərin demək olar ki, hamısı hərbi cinayətlərdə əli olanların özləri və ailə üzvləri, separatçılardır. Əlbəttə, onlar bizimlə yanaşı, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməzlər. Çünki, gec, ya tez həmin qanunlar onların əməllərinə layiqli cəzanın verilməsi üçün tətbiq olunacağı gün uzaqda deyil.

Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaların yenidən başlaması riski yüksək olaraq qalır. Bunu Beynəlxalq Böhran Qrupu (ICG) öz hesabatında yazır. Eyni zamanda qeyd edilir ki, Aİ-nin yeni monitorinq missiyası yeni münaqişə riskini azaltmağa kömək edə bilər. ICG-nin fikrincə, Ermənistan və Azərbaycan arasında mümkün yeni müharibə böyük insan itkisinə səbəb olacaq. Avropa İttifaqı, Rusiya və ABŞ-ın regional gərginliyi azaltmaq və Avrasiyada daha da qeyri-sabitlik yaratmaq istəyənlərin planlarını poza bilərlər. Mütəxəssislər 2022-ci ilin sentyabrında baş vermiş hərbi əməliyyatların təkrarlanması riskinin böyük olduğunu qeyd edirlər.

ICG yazır ki, Azərbaycanın böyük hərbi üstünlüyə malik olması və Rusiyanın Ukraynadakı müharibə ilə diqqəti yayındırması Bakının danışıqlarda səbrini itirəcəyi təqdirdə bu yeni cəbhədə öz üstünlüyündən istifadə etməsinin qarşısını almaq üçün çox az şey var. Yazın gəlməsi yeni əməliyyatların başlanmasına şərait yaradacaq.

ICG Azərbaycana Ermənistan üzərində üstünlük verən bir neçə amili vurğulayır. Qeyd olunur ki, ixrac olunan enerjinin kəskin bahalaşmasından əldə olunan gəlirlər hesabına Azərbaycan 2023-cü ildən hərbi büdcəsini təxminən 40 faiz artırıb, yeni komando birləşmələri və digər xüsusi təyinatlılar formalaşdırıb. Ekspertlərin fikrincə, Bakı silahlı qüvvələrini yüksək dəqiqlikli uzaqmənzilli “yer-yer” raketləri ilə, pilotsuz uçan aparatları kimi qabaqcıl texnologiyaya sahib silahlarla daha yaxşı təchiz edib və bu proses davam etdirilir. Azərbaycan həmçinin Türkiyə ilə birgə hərbi təlimlər keçirir, ordu təkmilləşdirilir.

Eyni zamanda ICG Ermənistanın “həm nisbi, həm də mütləq şəkildə zəiflədiyini” iddia edir. Ukraynadakı müharibə nəinki Rusiyanın diqqətini bu bölgədən yayındırdı və onun regionda sülhün effektiv təminatçısı kimi nüfuzunu azaltdı, həm də Ermənistanın təhlükəsizlik üzrə tərəfdaşı kimi potensialını azaltdı. İrəvanın silahları yoxdur, arsenalları 2020-ci il müharibəsi ilə tükənib, lakin onun ənənəvi təchizatçısı olan Moskva Ukraynadakı öz ordularına silah göndərir. Artan gərginlik fonunda İrəvan hələ də öz əsgərlərinin istifadə etməsi üçün geniş təlim tələb etməyən yeni etibarlı silah mənbəyi müəyyən etməyib. Bundan əlavə, Ermənistan Silahlı Qüvvələrinin də komandir strukturlarında sarsıntılar və aşağı əhval-ruhiyyə var.

Ermənistan belə bir şəraitdə yenə də Rusiyanı ittiham edir. Özünün düşdüyü problemdən çıxış yollarını da Rusiya ilə yanaşı digər ölkələrdə axtarır. Tapa bilməyəndə ittiham edir. Azərbaycan torpaqlarını işğal etmək ideyası ermənilərə məxsus idi, kənar qüvvələrin isə başqa marağı ola bilərdi. 30 il ərzində Ermənistan və erməni diasporu Qarabağda yaratdıqları qondarma “dövləti” kimsəyə tanıtdıra bilmədilər. Dünya Ermənistanı işğalçı dövlət kimi tanısa da, erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılması mexanizmini hərəkətə gətirə bilmədilər. Bu gün Azərbaycan öz gücünə Ermənistanı işğalçı statusundan məhrum edib, onun ordusunu darmadağın edib, sərhədlərimizdən kənara atıb. Bununla yanaşı ermənilərin xristian qardaşları hələ də Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Bu dəfə Azərbaycana qarşı mənasız və məntiqsiz iddialar irəli sürürlər. Hələ də erməniləri dəcəl uşaq kimi, bir az da ərköyün böyüdürlər. Ərköyün, ölçüsüz-biçisiz uşaqların yeri isə böyüyəndə ya qəbir, ya da Sibir olur. Biz elə Sibirə üstünlük verək, təki başımızdan olsunlar...

Bütün xəbərlər Facebook səhifəmizdə