Kimin torpağına kimi çağırırsan?.. KÖŞƏ

Həqiqətən də həyatda iki cür insan var: yerli və yersiz. Yəni, yerində olan, özünə hörmət edən və yerində olmayan, özünə hörmət hissi olmayan insan. Məsələn, yerində olan insanların hərəkətləri kimi, ağızlarından da dürr yağır. Lakin yerində olmayan insanlar hərəkətləri kimi, necə deyərlər, ağızlarının da danışığını bilmir. Ona görə də hər zaman insanlar tərəfindən bu cür qarşılanırlar: nə qədər yersizdir.

Ermənistanın Baş naziri Nikol Paşinyanı tanıyandan onun hərəkətləri kimi, danışıqlarında da bir yersizlik duymaqdayam. Bu insanda yersizlik sonradan yaranmayıb, anadangəlmədir. Çünki ilk öncə onun cismində baş nazir postuna yaraşan ağırlıq, çəki yoxdur. Duruşu, yerişi, hərəkətləri kimi, ağzından çıxan bütün cümlələr də yersizdir. Məsələn, bu adamın Şuşada Cıdır düzündə rəqsini yəqin ki, xatırlamayan yoxdur. Parlamentlərində çıxış üçün kürsüyə yaxınlaşanda yerişi də gözdən qaçan məqam deyil. Çıxışları zamanı jestləri isə bütün diqqətləri özünə çəkir. Niyə? Yersizliyi ilə.

Bu adamın cismi və daxili aləmi nitqinə də yansıyıb. Ağzından çıxan bütün cümlələr nədənsə rəsmi deyil, sanki küçədə-bacada sıradan insanların bir-biri ilə söhbətinə bənzəyir. Və şahid olanlar saysızdır ki, çox vaxt da danışıqları ilə özünü yandırır. Məsələn “Qarabağ Ermənistandır” demək istədiyi təqdirdə ağzından çıxan “Qarabağ Azərbaycandır” ifadəsi kimi. Dil dolaşar, düzünü deyər misalı kimi, bunu başa düşürük. Lakin bu adam özünü ifadə edə bilmir.

Bu günlər mətbuatda rastlaşdığım bir xəbər isə Nikol Paşinyan haqqında yersizlik məqamını bir daha ağlıma gətirdi. Və bu barədə yazmağı və oxucularımla paylaşmağı da özümə borc bildim.

Baxın, Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Qarabağda mandatı başa çatdıqdan sonra, İrəvan beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə dərhal Nikolun ağzının üstündən vuraraq bu yersiz fikrinə münasibət bildirib və deyib ki, BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsi yalnızca Bakı və İrəvanın razılığı əsasında mümkündür.

Hə, indi Nikol Paşinyana sual vermək istəyirəm ki, sən özünü nə hesab edirsən? Hansı havalardasan? Nə düşünürsən, nə danışırsan, heç fərqindəsənmi?

Sən kimin torpağına kimi çağırırsan? Bu haqqı haradan alırsan? Qarabağ hara, sən hara... Sənə bu torpaqlara beynəlxalq sülhməramlıları çağırmaq haqqını kim verir? Yəni, yersiz, yersiz, bu qədər yersiz?

Vallah, mətbuat konfransında özünü jurnalistlər qarşısında gündəm etməkdir məqsədin, yoxsa xalqına özünü göstərməkdir, əlindən nə isə bir iş gəldiyini gözə soxmaqdır, nədir, deyə bilmərəm, lakin onu deyə bilərəm ki, yerini bilsən, daha yaxşı olar.

Birincisi, sənin xalqın ermənilərlə birlikdə Qarabağla heç bir əlaqəniz yoxdur. Çəkilib yerinizdə oturmağıız çox məsləhətdir. Onsuz sonda belə də olacaq.

İkincisi, 44 günlük Oarabağ savaşında ağız açmadığın təşkilat, zəng etmədiyin ünvan qalmadı. Sənə əhəmiyyət verən oldu ki, 2025-ci ildə də yenidən onlara ağız açasan? Düzdür, bir-iki nənədən, bacıdan tapıb sözünü deyə bildin. Lakin onların da bir ayağı burada, bir ayağı görda olduğu üçün əllərindən bir iş gəlmədi.

Üçüncüsü, hələ 2025-ci ilə xeyli vaxt var. Hələ o zamana qədər nələr baş verəcək, nələr olacaq, bunu da zamanın özü gəstərəcək.

Sonuncu isə onu demək istəyirəm ki, bax hər dəfə belə yersiz-yersiz danışanda cavabının dərhal verilməsinə baxmayaraq yenə də yersiz danışmağa davam edirsənsə, deməli, yersizlik həqiqətən də səndə anadangəlmədir. Məgər Azərbaycan hardadır ki, sən özbaşına Qarabağa sülhməramlı çağırırsan?

44 gündə o torpaqların sahibini görmədinizmi? Axı qorxunuzdan heç bilinmirdi axı harada gizlənmisiniz. İndi nə əcəb səsiniz yenidən çıxır? Biz humanistlik etdikcə, deyəsən, sizin dəmir yumruğun ağrılarını başınızda hiss etməniz azalır, yeni yersiz fikirlərə düşürsünüz...

Bizdə belə bir atalar sözü var: sən saydığını say, gör, fələk nə sayır. Bəli, Nikol Paşinyan, sən və yanındakılarla birlikdə sizlər, sayın saydığınızı, öz yersiz planlarınızı qurun, toplaşın, götür-qoy edin, bacılarınızdan məsləhət alın, xəyal qurun, utopiyaya qapılın, lakin əsla Qarabağı bir daha düşünməyin. Çünki onun sahibi gəlmiş və sizdən onu böyük Zəfərlə geri almışdır. Bundan sonra sizin Qarabağda necə və hansı şərtlər altında yaşamağınızı da Zəfərli dövlət müəyyən edəcək.

Sən yersiz-yersiz danışıqlarınla gündəm olmağa əsla can atma. Hələ 2025-ci ilədək nələr baş verəcəyini görəcəksiniz. Bəlkə onda dərk edib deyəsən ki, mən 2023-cü ildə iki il sonra kimin torpağına kimi çağırmağı düşünürdüm...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə