Aksiyanın 26-cı günü, Paşinyanın səsi-ünü KÖŞƏ

Artıq 26 gündür ki, azərbaycanlı ekofəallar ermənilər tərəfindən Azərbaycanın ekologiyasına ciddi ziyan vurulması və təbii sərvətlərimizin qanunsuz talan olunmasına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirirlər. Lakin hələ də sülhməramlı qüvvələrin kontingentinin rəhbəri ortalıqlarda görünmür. Niyə görünmür, bunun da səbəbi bəllidir. Regionda hər zaman qızışdırıcı mövqedə olanların sayəsində.

Axı 26 gündür insanlar qışın soyuğu-sazağı qarşısında gecələyib-gündüzləyirlər. Düzdür, biz bu dəyanətə, əzmə sahibik. 44 günlük Vətən müharibəsində də bunları nümayiş etdirdik. Bizim üçün Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda soyuq, sazaq yoxdur. Bütün bunlara haqqımız, ədalətimiz üçün sinə gərmişik, gərəcəyik də.

Lakin bu 26 gündə nələr məlum olmadı, nələrlə qarşılaşmadıq? Bizim öz dədə-baba torpaqlarımızda ermənilər sərvətlərimizi dağıdır, talan edir, hələ bir üstəlik bizi haqsız çıxarırlar. Xankəndi-Laçın yolunun bağlanmasında günahkar bizi bilirlər. Bunlar görəsən öz gözlərində tiri nə vaxt görməyi öyrənəcəklər?

Daha sonra, guya ki, Xankəndində ermənilər acından-susuzdan ölürlər. Tamamilə yalandır. Çünki ermənilərdən çox fərqli olaraq bizim insani hisslərimiz buna yol verməz.

Və bu gün eşitdiyimiz daha bir məlumat, Paşinyanın sərsəmliyi. Guya ki, Azərbaycan 10 noyabr Bəyannaməsində üzərinə götürdüyü öhdəliyi pozur, Xankəndi-Laçın yolunu bağlayıb, açmır. Və Paşinyan üzünü tutub beynəlxalq təşkilatlara kömək istəyir.

Baxın, bu erməni millətinin taleyinin tapşırıldığı siyasi fiqura baxın. Onun sərsəm-sərsəm danışıqları ilə bu xalqın axırı necə olacaq, buna da Allah kərimdir.

Birincisi, görəsən Paşinyan dünyadan nə isə istəməkdən niyə usanmır və çəkinmir. Həm də o halda ki, artıq hər kəs onu tanıyır və istəklərini qulaq ardına vurur.

İkincisi, 44 günlük Vətən müharibəsindən bu günədək ötən iki ildən artıq zamanda ermənilər 10 noyabr Bəyannaməsində üzərlərinə götürdükləri öhdəliklərə nə zaman əməl etdilər ki, bunun fonunda da Paşinyan azərbaycanlılardan danışır?

Üçüncüsü, çox yəqin ki, Paşinyana Ermənistanda bir dövlət rəsmisi kimi əhəmiyyət verən yoxdur ki, hansısa bir qruplaşma Azərbaycan torpaqlarını talayır, Paşinyan isə onları yerlərində oturda bilmir. Ya bundan “xəbərsizdir”, ya da onu saymırlar.

Belə olan təqdirdə görəsən Paşinyan yenə nə üçün sərsəmləyir? Ağlına gələni danışmaqla gündəm olmağamı çalışır?

Adama sual verərlər ki, ay adam, sən ermənisən, deyər ki, hə. Bəs belə isə Azərbaycan torpaqlarında nə işin var? Desə ki, mən burada çoxdan yaşayıram. Cavabı belə olar ki, yaxşı edirsən, indiyədək yaşamısan, üstündən 30 il keçib. Artıq zaman da dəyişib, tələb də. Bu torpaqlarda yaşamaq üçün bu ölkənin vətəndaşı olmalısan. Əks təqdirdə üzünü tut öz ölkənə. Burada sənin nə işin var ki...

Hər gün saxta rəqəmləri çəkib-çevirməklə deyil ki... Hamıya erməni xisləti də məlumdur, azərbaycanlı humanistliyi də. Aradabir ün salıb, dünyaya üz tutmaqla iş bitmir, Paşinyan. Əgər yadındadırsa, o dünya bir vaxtlar bizim sismizi də eşitmədi. 44 gündə biz öz gücümüzlə Zəfərimizi qazandıq. Bir beynəlxalq təşkilat yaxına durmadı. Axı onlar sizin tərəfinizdə idilər. Nə etdiniz ki, sizdən üz çevirdilər? Bilirsiniz nə etdiniz? Haqsız olduğunuzu bəyan etdiniz...

Bu gün aksiyanın 26-cı günüdür. 26 gündür ki, mənim xalqımın nümayəndələri soyuğun-sazağın qarşısında haqlarını müdafiə etməyə qalxıblar. Onlar bu haqqı əldə edənədək orada olacaqlar. Buna əmin olun. Papağınız varsa, qoyun qarşınıza, bir fikirləşin, nə danışdığınızı, dünya qarşısına nə kimi tələb qoyduğunuzu fikirləşin bir. Bəlkə özünüzə bir düzəliş vermiş olarsınız. Bu təqdirdə bəxtiniz də gətirmiş olar. Sakitcə oturduğunuz yerdə oturarsınız. Üstəlik ağlınız olsa, regionda yaradılanlardan istifadə haqqınız da olar.

Özünüzə güvənin, Paşinyan, səs-ününüzü dünya ilə bir etməyin. Çünki qonşuluqdaca bizim özümüzün nəyi necə etdiyimizi öz gözlərinizlə gördünüz 44 gündə. Bəlkə siz də bunu bir sınaqdan keçirəsiniz...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə