Bu gün oxuduğum bir xəbərlə bundan başqa qənaətə gələ də bilməzdim. İnsanların sağlamlığı ilə alver edənlər görəsən bununla onlara sağlamlıq bəxş edirlər, yoxsa sağlamlıqlarını əllərindən alırlar? Bəlkə qəsdən bu hərəkətləri ilə vətəndaşları xəstə edib özləri üçün gəlir mənbəyinə çevirirlər.
Məlumata nəzər salaq. Masallı rayonunun baş həkimi Eşqin Əliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşdan rüşvət alarkən yaxalanıb. Məlum olub ki, əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də xəstəxanada şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilib.
Qeyd edilənlərlə bağlı cinayət işi başlanıb, Eşqin Əliyev Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha maraqlısı isə budur ki, məlumata əsasən Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvarında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında R.Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrında işdən çıxarılıb. Bəxtəvər səhiyyəmizin başına...
Həqiqətən də atalarımız lap yerindəcə deyiblər: utanmasan oynamağa nə var ki... Masallının baş həkimləri də utanmadan oynayıblar, lakin unudublar ki, rəqslərini kənardan seyr edənlər də var. İnsanların sağlamlığı ilə oynamaq pul yığmaq, varlanmaq eşqində olanların özlərini oyuna salıb.
Çox təəssüfedici haldır ki, məhz Masallıda bir-birinin ardınca belə baş həkimlər peyda olub. Bəs insanlar sağlamlıqları üçün bu rayondan çıxıb hara getməlidirlər? Bu rayonun sakinlərinin sağlamlıq taleyi görün kimlərin öhdəsinə buraxılıbmış. Bunlar bir-birinin ardınca elə bil insanların qədsinə düzülübmüşlər.
Həkim adına yaraşmayan hərəkətlərin, əməllərin son ünvanı elə həbsxana olmalıdır. Belələri bəlkə insan sağlamlığı ilə oynamağın nə demək olduğunu bu yeni ünvanlarında daha yaxşı anlayarlar. Görünür baş həkim otağı bunlar üçün yetərli ünvan olmayıb. Burada yalnız səhiyyəyə yamaq rolunu icra ediblər.
Səhiyyə adına yamaq olanlara ar olsun!
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB