Tariximizin daha bir ilini başa vurmaqdayıq. Bütün illər kimi 2022-ci il də gethagetdə bizi ötən 365 gecə və gündüz haqqında düşünməyə, nələr olduğu, nələrin olmalıykən olmadığı, nələrin olmamalıykən olduğu barədə özümüzün özümüzə hesabat verməyə vadar edir. Baxaq görək yola salmağa hazırlaşdığımız 2022-nin bu baxımdan hesabatında nələrə daha çox sevinirik, nələri daha çox kədərlə xatırlamağa məcburuq.İnsanlığın ümumi evi olan Yer adlanan planetin ən kədərli hadisəsindən – Rusiya-Ukrayna savaşından başlayaq. Bəşəriyyəti növbəti dünya savaşının astanasına qədər sürükləyən bu qanlı savaşın bir vaxtlar Qafqazdan başlanacağı gözlənilirdi. Əslində yanılmırdılar. Çünki Azərbaycanın gec-tez işğal olunmuş torpaqlarını azad etməyə qalxacağına heç kim şübhə etmirdi. Dünyanın erməni vurğunları, daha doğrusu “erməniçilik layihəsi”nin müəllifləri isə bu “azadolma”nı həzm etməyəcəklərini düşündüklərindən, kürəmizin başbilənləri üçüncü dünya savaşının burdan başlanacağını proqnozlaşdırırdılar. Amma Azərbaycanın siyasətdə, diplomatiyada, atılacaq addım üçün zamanın, tarixi məqamın dəqiqliklə seçilməsindəki müdrikliyi gözləntiləri puça çıxardı. Nəticədə Azərbaycan ərazilərini azad etdi və üçüncü dünya savaşı da başlamadı. Şükür! Amma Ukraynanın da, Rusiyanın da siyasi, diplomatik yanlışlıqlarından çox məharətlə yararlanan kürəsəl güclər məhz bu ilin 22 fevralından başlanan müharibəni ustalıqla dünya savaşına çevirməyi bacardılar. Böyük güclər etiraf etməsələr də, artıq üçüncü dünya savaşı başlayıb və davam edir. Allah axırın xeyir eləsin!.. Uzaq Şərqdə, Yaxın və Orta Şərqdə, Balkanlarda, Latın Amerikasında və Afrikanın bəzi bölgələrində də baş verənləri hesaba alsaq, yəqin ki, dünyamızın çox ciddi məhvolma təhlükəsi ilə üz-üzə olduğunu düşünməyimizdə, anadolular demiş, bir sakınca olmaz.
Gələk regionumuza. Türk Dövlətləri Təşkilatının yaranması və aybaay irəli doğru iri addımlar atması təkcə regionu yox, dünyanı bəlalardan xilas edə bilər. Yada salaq ki, islam peyğəmbərinin hədislərinə görə “türklər rəbbin yer üzərində vuran qoludur və nə zaman dünya düzənindən çızarsa, rəbbim türklərin əli ilə onu düzənə qaytarır!” Bu mənada TDT-nin aybaay artan gücünün arxasında rəbbin dəstəyinin olduğu şəksizdi. Di gəl özünü islam dünyasının bayraqdarı hesab edən (yazıq o hümmətə ki, onun bayraqdarı belə ölkə olacaq), İran adlana molla rejimi rəbbin də dəstək verdiyi bu düzənəsalma prosesinə ən güclü maneə olmağa can atır. Türkün yenidən bir araya gəlməsi onun şəltəsinin işləməməsi ilə nəticələnəcəyini gözəl bilən bu rejim allaha qarşı çıxmaqdan da çəkinmir. Rəbbim də baxıb gördü ki, bu “islam bayraqdarı” onun istəyini pozmağa çalışır, içinə bir vəlvələ saldı ki, gəl görəsən. İndi mollalar qalıblar neyniyək, necə eliyək vəziyyətində. Yəni bu məmləkətin sakinlərinin istəklərini yerinə yetirəcəksə, bu, mollaların ən çox qorxduğu bir nəticə ilə conuclanacaq, Türkiyə yüz illərdir siyasətlə ondan ayrı salınmış türk dünyası ilə birləşəcək. Aralıq dənizindən Yapon dənizinə qədər avrasiya materikini əhatə edən türk dünyasının bir zindana vuracağının molla rejiminə nələr vəd etdiyini düşünməyə belə ehtiyac yoxdu. İranın dünyada olan iki dostu – Ermənistanla Fransanın da bu siyasətdə mollalarla həmfikir olmaları anlaşılandı. Rəbbim erməninin onsuz da olmayan ağlının tamamını da ondan aldı və indi o qədər çaşıblar ki, kim nə deyirsə, “hə” deyib yüyürür onun yanına. İt hürən tərəfə gedir, istədiyini ala bilmir, qaçır işıq gələn tərəfə. O da olmayanda üz tutur buzlaqlara doğru.Ta ağıl yoxdu dərk eləsin ki, onun tək bir xilas yolu var: türk dünyasına üz tutub, qələt eləmişik, nəsə yemişik deyib, haqqa qayıtmaq! Haylar görməlidirlər ki, İran bizə hürdü, rəbbim də 80 milyon əhalini onun üstünə qaldırdı. Fransa bizə diş qıcadı, rəbbim Dərviş Məstəli şahı göndərdi, əlixaları, vəlixaları firənglərin özlərinin maliyyəsi ilə at oynadan PKK-çılar donunda yanına alıb Parisi partaparta tutdu. Və hələ firəngləri daha dəhşətli hadisələr gözləyir. Çünki Dərviş Məstəli babamız başladığı işi yarım buraxmağı heç, həm də heç xoşlamır.
Xülasə, ilin son yazısını belə bədbin notlarla bitirmək istəmirəm. Bu il ərzində bizim böyük dünyadakı kiçik məmləkətimizdə baş verənlərin, demək olar hamısı nikbin gələcəyə böyük ümidlər yaradır. İl ərzində həm iqtisadiyyatda, həm sosial həyatda, həm cəmiyyətin digər sahələrində əldə olunan nailiyyətlərdən danışsaq, gərək kitab bağlayaq. Amma VƏTƏNimizin bütövləşməsi yolundakı bir-iki addımı xatırlatmadan keçə bilmərəm. Laçınımızın tamamən azad edilməsi, Ermənistan adlanan məmləkətlə sərhəddə bütün yüksəkliklərə sahib olmağımız, Laçın-Xankənd yolundakı qətiyyətli aksiyanın dünyadakı əks-sədası (erməni lobbiçilərinin əldən-ayaqdan getməsinə rəğmən).Vallah, elə bunları sadalamaq kifayətdir ki, bizim 2022-ni nikbin ahval-ruhiyyə ilə yola salmağımızı qətiyyətlə deyə bilək...
Xoş gəldin, xoş da getdin, 2022!
Qədəmlərin mübarək 2023! Rəbbim nizamı pozulmuş dünyanı nizama salmaq yolunda vuran qolu türklərə dəstəyini 2023-də də əsirgəməsin, inşaallah. AMİN!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə