Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından SİA-ya bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Qızıl medala toplam 154 kiloqram (67+87) nəticə və 231,6 xalla Səbinə Əzimova layiq görülüb. Fəxri kürsüdəki sonrakı yerləri müvafiq olaraq toplam 146 kiloqram (65+81) nəticə və 227,7 xalla Mərziyyə Məhərrəmova və toplam 161 kiloqram (69+92) nəticə və 212,7 xalla Günel Vəliyeva tutublar.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Çempionatın keçirilməsində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə