Arzu Rəhimov şimal bölgəsində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib. SİA-nın Şimal bürosundan verilən xəbərə görə, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov mayın 16-da Qubadakı Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.

Tədbirdə hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, həlak olmuş övladlarına şəhid statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbulda bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinləri Mayıl Şahverdiyev Xaçmazda (Xaçmaz və Şabran sakinləri üçün), Yusif Mirzəyev isə Siyəzəndə (Siyəzən və Xızı sakinləri üçün) vətəndaşların müraciətlərini dinləyiblər.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə