"20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlər keçiriləcək” AÇIQLAMA-ÖZƏL
Bu il Azərbaycanın qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ili tamam olur. Anım gününə sayılı günlərin qalıb. Bununla bağlı paytaxtda hazırlıq işləri ilə bağlı SİA-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bildirib ki, Bakı şəhərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Sərəncam imzalanıb və Tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına uyğun olaraq Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin dərin hüznlə yad edilməsi, 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün layiqincə keçirilməsi məqsədi ilə bir sıra tədbirlərin nəzərdə tutulduğunu deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, artıq təşkilati-hazırlıq işlərinə başlanıb, aparatın və onun struktur bölmələrinin əməkdaşlarından ibarət növbətçilik təşkil edilib.
Onun sözlərinə görə, ilk növbədə “Şəhidlər Xiyabanı”nda xüsusi hazırlanmış layihə əsasında bədii-estetik cəhətdən 20 Yanvar tematikasına uyğun dizayn-tərtibat işləri həyata keçirilir, ərazidə cari təmir, abadlıq və təmizlik işləri aparılır, ağaclar və yaşıllıqlar qaydaya salınıb və işlərin tam şəkildə yanvarın 19-da başa çatdırılması nəzərdə tutulub: “Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçılarına yerlərdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsi tapşırılıb. Hər bir rayonda 20 Yanvar şəhidlərinin ailə üzvləri və faciə zamanı əlil olmuş vətəndaşlarla görüşlər keçiriləcək, onlara humanitar yardımlar göstəriləcək”.
İ. Kərimov qeyd edib ki, yanvarın 14-dən başlayaraq ayın 20-sinə kimi Bakı şəhər ictimaiyyəti nümayəndələri, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta və ali təhsil müəssisələri şagird və tələbələrinin “Şəhidlər Xiyabanı”nı ziyarəti təşkil olunacaq: “Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən yanvarın 20-də ziyarətə gələnlərin hərəkət marşrutunun müəyyənləşdirilməsi, ictimai asayişin qorunması, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən xiyabanda təcili tibbi yardım xidmətinin təşkili həyata keçiriləcək. Mərasim günü ərzində xiyabanda matəm musiqisi səslənəcək, digər təşkilatı işlər də görüləcək.
Yanvarın 20-də saat 12-00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, faciənin ildönümü ilə bağlı hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə