Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür. SİA-nın verdiyi məlumata görə, işğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib.Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.
Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kur-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xacın çayları axır. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində quran Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin uzərinə düşüb.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hucum etdi. Xüsusən, Ağdama olan hucumların ardı - arası kəsilmirdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hucum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catdı. Bundan sonra 1994-cu il mayın 12-dək davam edən hərbi təcavuz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldu.
İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı.
Bütün xəbərlər Facebook səhifəmizdə