Fofoaparatını süngüyə çevirən sənətkar jurnalist FOTOLAR

Rasim Sadıqov - 60

Rasim Sadıqov. Bu ad və soyad Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Çünki artıq 40 ildir ki, Azərbaycan mətbuatında onun çəkdiyi şəkillər və yazdığı məqalələr tez-tez Kutləvi İnformasiya Vasitələrinin əsas şəkillərindən və yazılarından olur. O, 1956-cı il mart ayının 16-da Novxanı qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə təhsil alıb.

Rasim Sadıqov əgər desəm ki, həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə yoxdur. O, həqiqətən də jurnalist-fotoqraf kimi heç kimi təkrar etmir. Hətta o, təkcə fotoqraf yox, bu sənətin əsl rəssamıdır. Çünki onun çəkdiyi şəkillər bir-birinə oxşamır. Və çəkdiyi hər bir şəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır...

Onunla bizim tanışlığımızın düz 40 illik tarixçəsi var. Belə ki, 40 il bundan qabaq mən Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışam. Və həmin vaxtda da Sumqayıtda "Ümid" adlı Teatr-Studiya yaratmışdım. Elə quruluş verdiyim ilk tamaşalarımın da şəkillərini cəmi 20 yaşı olan Rasim Sadıqov çəkib. Həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı hazırlayırdım, Rasim də artıq fotoqraf kimi ilk işlərini görürdü. Bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər, o illərdən əziz bir xatirə kimi qalıb. Elə həmin vaxtlarda da Rasimdə bu sənətə qarşı çox böyük sevgi və hətta bir rejissorluq, rəssam bacarığı olduğunu görmüşdüm, duymuşdum. Çünki o, tamaşalarda şəkillər çəkəndə elə maraqlı məqamlar tuturdu ki, bu, mənim özümə də xoş təsir bağışlayırdı.

Rasim Sadıqovla bizim müştərək işlərimiz mən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının rəhbərliyindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının rəhbərliyinə qayıdandan sonra 1989-cu ilin yanvar ayından daha çox oldu. O, 1997-ci ilə kimi Sumqayıt Dövlət Musiqili-Dram Teatrında tamaşaya qoyulan bütün tamaşalarin şəkillərini özünə məxsus orijinalliqla çəkdi.

Ağdamda işlədiyim 1985-88-ci illərdə Rasim Sadıqovu mətbuat vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda başlayan oyanışda, milli birlikdə əsasən Rasim Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız fotoşəkillər qəzetlərin əsas səhifələrini bəzəyirdi. Rasim həm jurnalist və həm də bir vətəndaş kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi yox, həm də özünün videokamerası ilə lentə alirdı. Həmin vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində olmuşdu və hətta Ağdamda da biz onunla görüşmüşdük. O, həmin şəkilləri və çəkdiyi videolentlərlə ermənilərlə təkbaşına vuruşurdu. Bu unikal kadrları dünya mətbuatına ötürməklə Rasim Sadıqov bizim haqq iş uğrunda, öz torpaqlarımızı qorumaq yolunda vuruşduğumuzu sübut etməyə çalışırdı.

1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də Rasim Sadıqovdur. Eləcə də Xocalı faciəsində çəkilən unikal şəkillərin də çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist, gavur olduqlarını dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı və video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu və orada dəyərli kadrları respublika mətbuatına yayırdı. Bu, böyük sənətkar bütun bu illərdə fotoaparatını və video kamerasını süngü edib və sözün həqiqi mənasında düşmənlə vuruşub. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin və öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənlərimizin unikal şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs şəkillər kimi qorunur. Eləcə də Azərbaycana gələn dünyanın çoxlu tanınmış insanlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artiq çoxdur. Elə Rasim Sadıqovun Azərbaycan Nəşriyyatındakı iş otağının divarlarında yüzlərlə tarixi şəkillər var. Bu otağa girən hər bir adam Rasim Sadıqovun belə zəhmətkeşliyinə, vətənpərvərliyinə heyran olur. Bu otaq orijinal şəkillərdən ibarət bir müqəddəs muzeydir.

Rasim Sadiqovun 10 il bundan qabaq yaratdığı "AZpress.AZ" xəbər saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu xəbər saytı Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu sayt məhz Rasim Sadıqovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran saytlardan biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan saytlardan biridir "AZpress.AZ" xəbər saytı. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıqovun əsl peşəkarlığının bir sübutudur.

Bu 40 ildə Rasim Sadıqov özünün çoxlu davamçılarını yetişdirib. Bu gün bir çox media orqanlarında Rasimin onlarla şagirdi böyük uğurla çalışır və Azərbaycan foto səlnaməsini yaratmaqla məşğuldurlar. Onun yetirməsi Dilavər Nəcəfova Prezident tərəfindən 3 otaqlı mənzil və Əməkdar jurnalist fəxri adı verilib.

Rasim Sadıqov ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin də bir-birindən maraqlı, unikal şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da Rasim Sadıqovun təvazökarlığından irəli gəlir. Rasim, böyük ziyalı, yüksək tərbiyəli və unikal sənətkar olduğuna görə heç vaxt özünü gözə soxmayıb. Yəqin elə buna görə də onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib. 40 il mətbuat sahəsində böyük şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi və istəyi ilə çalışsa da ona hələ bu vaxta qədər Əməkdar jurnalist adı verilməyib. Mənim üçün çox maraqlıdır. Axı Rasim Sadıqov bundan sonra daha hansı işləri görməlidir ki, ona bu fəxri ad verilsin?

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə