Müəllimlər üçün ixtisasartırma təlimləri

İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 4-dən start verilən təlimlər Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda (TİPİİ) keçirilir.

Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyəverməkdən ibarətdir.

Sınaq təlimləri sinfin idarəolunması, ibtidai təhsildə oxuyub-anlama bacarıqlarının inkişafı metodikası, yazı işinin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili, məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə proqramları üzrə keçirilir.

TİPİİ-nin əməkdaşları tərəfindən hazırlanan proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir.

Sınaq təlimlərinin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə