"Bazarlarda süni şəkildə qiymət artımı qeydə alınmayıb” ARAŞDIRMA
Xəbər verdiyimiz kimi 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 151 milyon dollar və ya 10 faiz artım deməkdir. Keçən il Rusiyaya 619,2 milyon dollar, Türkiyəyə 344,9 milyon dollar, İsveçrəyə 135,4 milyon dollar, Gürcüstana 124,5 milyon dollar və Qazaxıstana 44,6 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon dollar təşkil edib. Dekabrda qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 milyon dollar) başçılıq edib. Daha sonra siyahıda Türkiyənin (23,6 milyon dollar), İsveçrənin (12,2 milyon dollar), Gürcüstanın (7,4 milyon dollar), İranın (5,4 milyon dollar) və digər ölkələrin adları var. 2019-cu ilin birinci ayının sosial-iqtisadi göstəricilərinə də nəzər yetirdikdə ölkəmizdə qeyri-neft sektorunda müsbət dinamikanı görmək mümkündür. Bütün bunlar deməyə əsas verir ki, artıq Azərbaycanda yerli istehsalın artımı idxalın isə azalma trendi müşahidə olunur. Ölkəmizdə yerli istehsalın artımı da nəticə etibarı ilə dünyanın bir çox ölkələrində müşahidə olunan qiymət artımının qarşısını alır. Buna əmin olmaq üçün əməkdaşımız tərəfindən müxtəlif market və dükanlarda müşahidələr aparılıb. Aparılan müşahidələr zamanı da heç bir qiymət artımı müşahidə edilmədi.
“Monitorinqlər zamanı süni şəkildə qiymət artımı qeydə alınmayıb”
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı Şahin Nağıyev söyləyib ki, mütəmadi olaraq xidmət tərəfindən istehlak bazarında əsas məhsulların o cümlədən ərzaq məhsullarının qiymətinin monitorinqi aparılır, Həmin monitorinqlərin nəticələri təhlil edilir, təhlillərə uyğun olaraq müvafiq tədbirlər görülür:
“Son dövrlərdə aparılan monitorinqlər, təhlillər zamanı istehlak bazarında hər hansı bir süni şəkildə qiymət artımı qeydə alınmayıb. Eyni zamanda mövsümi xarakterli monitorinqlər aparılır. Xidmət tərəfindən daim müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılır. Əgər istehlakçıların qiymətlə bağlı hər hansı müşahidəsi olarsa, bizə rəsmi şəkildə müraciət edə bilər”.
“Bazarda qeyri-sabit vəziyyəti ehtiyatla təmin etmək gücündəyik”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə bildirib ki, ötən il ölkəmizdə ümumi dənli bitkilərin istehsalının həcmi 2.9 milyon tondan 3.3 milyon tona yüksəlib: “O cümlədən buğda istehsalının həcmi 1,8 milyon tondan, 2 milyon tona yüksəlib. Əgər biz 2017-ci ildə 1.3 milyon ton idxal etmişdiksə, 2018-ci ildə Azərbaycanın buğda idxalı 1 milyona tona enib. Son iki il müddətində idxalda sürətli şəkildə azalma trendinə malikdir. Digər tərəfdən isə Azərbaycan hökuməti buğda üzrə strateji ehtiyatlar yaradıb. Məlum olduğu kimi bizim strateji buğda ehtiyatımız 500 min tondan yuxarıdır. Bazarda qeyri-sabit vəziyyət yarandığı halda, bu ehtiyatla təchiz etmək mümkündür”.
“Dünyada müşahidə olunan qiymət artımı Azərbaycana təsir etmək gücündə deyil”
Dünya bazarında buğdanın qiymətindəki dəyişikliyin Azərbaycana təsirinə gəlincə, söyləyib ki, Azərbaycanda istehsal həcmi artığını nəzərə alsaq, bu artım ölkəmizə təsir etmək gücünə malik deyil: “Dünya bazarında son 5 ildə buğdanın qiyməti dinamik şəkildə dəyişib. Belə ki, bu qiymət 150-330 dollar arasında dəyişib. Bir müddət öncə, dünya bazarında buğdanın qiyməti normadan da aşağı düşmüşdü. Amma hazırda artım müşahidə olunur. Ötən ilin yanvar ayında 190 dollar idisə, bu il bu rəqəm 200 dollarla əvəz olunub. Azərbaycanın öz istehsal həcminin artması, strateji ehtiyatlarımızın həcminin kifayət qədər artıq olması, həmçinin idxal, istehsal olunan buğda məhsullarını əlavə dəyər vergisindən azad olunmasına görə bizdə bu taxıl məhsullarının qiymətindən artım müşahidə olunmayacaq və sabitlik təmin olunacaq”.
“Əkin sahələrində kifayət qədər artım var”
O qeyd edib ki, Azərbaycanda buğda üzrə məhsuldarlıq göstəricisi real şəkildə ilbəil artır: “Buğda əkin sahələri ilə bağlı da artım müşahidə olunmaqdadır. Ümumilikdə 2019-cu il üçün buğda əkin sahələrində kifayət qədər artım var. Əgər Azərbaycanda 2018-ci ildə məhsul ili üçün 2017-ci ildə həyata keçirilən payızlıq buğda əkini üçün 594 min hektar ərazidən istifadə edilmişdirsə, bu il məhsul əldə etmək üçün 674 min hektar sahədə buğda əkilib. Bu baxımdan biz növbəti ildə buğda idxalı göstəricilərimizin daha da azalmasına müşahidə edəcəyik”.
“Buğda idxalının azalma trendi 2019-cu ildə də davam edib ”
Azərbaycanın əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal etdiyini deyən F.Fikrətzadə qeyd edib ki, ötən ilin yanvar ayında 121 min ton buğda idxal edilmişdisə, bu ilin yanvar ayında 109 min ton buğda idxal etmişik: “Bu o deməkdir ki, 2018-ci ildən buğda idxalının azalma trendi 2019-cu ildə də davam edib”.
“Əsas ərzaq məhsullar üzrə Azərbaycanın özünü təminat göstəriciləri məqbul səviyyədədir”
O qeyd edib ki, Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı həyata keçirilən əsas siyasət məhsuldarlığın yüksəldilməsidir: “Əgər biz region ölkələrinin kənd təsərrüfatı məhsulları üzrə idxal-ixrac göstəricilərinə baxsaq, Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə özünün təminatı çox məqbul səviyyədədir. Azərbaycan meyvə-tərəvəz ixracatçısı ölkəsi olmasına baxmayaraq, ölkəmiz buğda istehsalında da yerli istehsalın həcmi kifayət qədərdir. Azərbaycan ət və süd məhsulları ilə təminatı təqribən 90 faiz səviyyəsindədir. Ölkəmizdə ən aşağı təminat buda ilə bağlıdır ki, bu da 60 faiz səviyyəsindədir. Bununla da biz özümüzü tam şəkildə təmin edə bilirik. Meyvə-tərəvəz məhsullarında da özümüzü təmin etmək gücündəyik. Yəni əsas ərzaq məhsullar üzrə Azərbaycanın özünü təminat göstəriciləri həm yerli istehsal həcmi məqbul səviyyədədir, həm də strateji ehtiyatlarla bağlı infrastrukturumuz məqbul səviyyədədir. Azərbaycanda 750 min tonluq buğda ehtiyatını təmin etməyin hüquqi əsasları yaradılıb. Bu baxımdan dünya bazarında baş verən qeyri-müəyyənlikdən Azərbaycanın heç bir narahatçılığı yoxdur”.
“Azərbaycanda heç bir məhsulda bahalaşma yoxdur”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, ölkəmizdə kənd təsərrüfatı istehsalı ilbəil artmaqdadır: “Bu il də bütün sahələrdə artım var. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin etmək qabiliyyətindədir. Dünyada elə bir ölkə yoxdur ki, bütün məhsulları özü istehsal etsin və heç bir ölkədən heç nə idxal etməsin. Bu mümkünsüzdür. Azərbaycan da çörəkbişirmə sənayesində istifadə etmək üçün taxıl idxal edir. Hər kəsə məlumdur ki, Azərbaycanın idxal etdiyi ölkələrdə taxıl məhsullarının qiymətində artım olsa, bizdə bu artım müşahidə olunmur. Ölkəmiz başqa ölkələrə meyvə-tərəvəz idxal etdiyi halda, bahalaşma ilə bağlı söylənən fikirlərin heç bir əsası yoxdur. Azərbaycanda heç bir məhsulda bahalaşma yoxdur. Ailə başçısı kimi tez-tez bazara gedir, marketə girir bazarlıq edirəm və əminliklə qiymətlərdə artımın olmadığını deyə bilərəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə