“Çinar-Trans” MMC-nin yeni istehsalat bazası istifadəyə verilib
Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcı şirkətlər qarşısında qoyduğu tələb yerinə yetirilir. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, daha bir daşıyıcı “Çinar-Trans” MMC-nin yeni istehsalat bazası istifadəyə verilib. 2 hektar ərazisi olan bazada 10 marşrut üzrə 175 müxtəlif markalı sərnişin avtobusuna xidmət göstəriləcək. İstehsalat bazası Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyulan bütün tələblərə cavab verir. Bazada sürücülərin tibbi müayinəsi üçün nəzərdə tutulmuş tibb məntəqəsi, avtobusların texniki baxışı üçün nəzərdə tutulmuş zona, o cümlədən yuyucu və parkinq yaradılıb.
Qeyd edək ki, ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, nəqliyyat vasitələrinin texniki baxımdan saz vəziyyətdə saxlanılması ən əsası isə sərnişinlərin təhlükəsizliyi baxımından istehsalat bazasının olması vacib amildir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şəxslər qarşısında istehsalat bazasının yaradılması ilə bağlı da ciddi tələblər qoyub. İstehsalat bazasına malik olmaq o deməkdir ki, burada sürücülər tibbi, avtobuslar isə texniki müayinədən keçəcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən daşıyıcılar 1 il müddətində bu tələbini icrasını təmin etməlidilər.
Bütün xəbərlər Facebook səhifəmizdə