Misir uçuşların bərpasını dəstəklədi TURİZM MÖVSÜMÜ İL BOYU DAVAM EDƏ BİLƏR

Rusiya şəhərləri ilə Misirin Hurqada və Şarm əl-Şeyx kurortları arasında uçuşların bərpa edilməsi Misir turizm sənayesi üçün ümidverici bir başlanğıcdır və turizm mövsümü bütün il davam edə bilər. SİA xəbər verir ki, bu barədə Qırmızı dəniz turizm bələdçiləri həmkarlar ittifaqının rəhbəri vilayət Bəşər Əbu Taleb RİA Novosti-yə bildirib.
Rusiya Federasiyası, avqustun 9-dan Misirin Hurqada və Şarm əl-Şeyx kurortları ilə uçuşları hər marşrutda həftədə beş uçuş tezliyi ilə bərpa edəcək. Bu barədə əvvəllər koronavirusun yayılması ilə mübarizə üzrə əməliyyat qərargahı məlumat vermişdi. Qərargah, bu marşrutlar üzrə uçuşların sayının artırılması ilə bağlı daha bir qərarın Rusiya nümayəndə heyətinin epidemioloji vəziyyəti qiymətləndirmək üçün Misirə səfərinin ardından veriləcəyini qeyd edib.
"Bu ümid verici bir başlanğıcdır. Hər iki ölkədə epidemioloji vəziyyət yaxşılaşdıqca, bu artacaq", deyib Əbu Taleb.
Onun fikrincə uçuşların sayı tədricən əvvəlki miqyasa qədər artacaq, təbii ki, ancaq öz məhdudiyyətləri ilə. Onun sözlərinə görə, Hurqadadakı bir sıra otellər işçilərlə tam təmin olunub və rus turistləri qəbul etməyə hazırdır. Əbu Taleb, "Bu cür uçuşlarla, kurortlarda turizm mövsümü bütün il davam edəcək", deyib.
Xatırladaq ki, Misirdə üçüncü koronavirus dalğası sona çatıb, bu həftə Səhiyyə Nazirliyi 2020-ci ilin martından bəri ilk dəfə gündə minimum xəstəlik sayı barədə hesabat verib və beləliklə, şənbə gününə qədər 41 yeni infeksiya hadisəsi və 7 ölüm qeydə alınıb. Ölkədə peyvənd kampaniyası da davam edir, səlahiyyətlilər ilin sonuna qədər ən azı 40 milyon vətəndaşı peyvənd etməyi qarşısına məqsəd qoyublar. Koronavirusla əlaqəli bir sıra məhdudiyyətlər qüvvədə qalır, xüsusən də qapalı yerlərdə maska taxmaq. Otellər, restoranlar, kinoteatrlar maksimum imkanların 70% -i həddində işləyə bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə