İspaniya 100 milyard avro kreditdən 30 milyardını aldı

İspaniya 100 milyard avro kreditdən 30 milyardını aldı

Həmin krediti ayırmaq qərarı verən Avroqrupa isə yeni sədr tapılmır


Az qala 10 saat davam edən qızğın müzakirələrdən sonra avrozona ölkələrinin maliyə nazirləri İspaniyaya 30 milyard avroluq ilk tranşın buraxılması barədə razılığa gəliblər. SİA-nın verdiyi məlumata görə, bundan başqa, İspaniya hökumətinə əlavə möhlət(daha bir il) verilib ki, maliyə işlərini qaydaya salsın və büdcə xərclərini azaltmaq barədə götürdüyü öhdəliyi yerinə yetirə bilsin. Bu qərar çökməkdə olan İspaniya iqtisadiyyatına altdan verilən bir dayaq olmalı idi. Amma atılan addım investorları tam qane etmir və bazara inamsızlıqlarını davam etdirirlər. Onlar növbəti, daha böyük iflas dalğası gözləməkdə və bundan ehtiyyatlanmaqdadırlar. Qeyd edək ki, Avroqrupun qərarına əsasən İspaniyaya ümumilkdə veriləcək 100 milyard avro kreditin ilk hissəsi olan bu 30 milyard artıq iyulun sonuna qədər ayrıla bilər. Ayrılacaq güzəştli kreditin əvəzində İspaniya bankları müəyyən şərtlər yerinə yetirməli olacaqlar. Bunlardan ən əsası bir çox sahələrə özbaşına investisiya yatırmamaqdır. Üstəlik banklar rəsmi Brüsseldən istənilən vaxt göndəriləcək təftişçilərə qapılarını açmağa və öz fəaliyyətləri barədə onlara hesabat verməyə məcbur olacaqlar.


Mütəxəssilər rəsmi Madridə öz maliyə işlərini qaydaya salıb və bundan sonra büdcə xərclərini azaltmaq öhdəliklərini yerinə yetirə bilməsi üçün güzəşt edilən daha bir il möhləti də AB tərəfindən atılmış \məcburi addım kimi dəyərləndirilər. Onların fikrincə xüsusən Berlin və Parisdə yaxşı anlayırlar, iqtisadiyyatı artıq ikinci kvartaldır ki, enişə gedən Madriddən bunu gözləmək mümkün görünmür.


Bu arada Brüsseldən daha bi sensasiyalı xəbər çıxıb. Ispaniyaya kredit və möhlət verən Avroqrupa yeni sədr tapılmır. Xatırladaq ki, qrup avrozonaya daxil olan 17 ölkənin maliyə nazirlərindən təşkil olunur. Hazırda Avroqrupa Lüksemburqun baş naziri Jan-Klod Yunker rəhbərlik edir və onun səlahiyyət müddəti başa çatmaqdadır. Qrupun yığıncağında baç nazirdən daha 2.5 il müddətinə postunda qalmaq xahiş olunsa da, o bundan qəti imtina edib. Məmur yalnız daha 6 aylığa bu vəzifəni icra edə biləcəyini deyib. Buna qədər qrupa rəhbərlik məsələsinin Almaniya və Fransa arasında həll edildiyi bildirilirdi. Sarkozi dönəmində gəlinən razılığa görə postu Almaniyanın maliyə naziri Volfqanq Şoyble qəbul etməli idi, amma, yeni prezident Fransua Olland həddən artıq qənaətcil almanın namizədliyinin əleyhinə getdi və məsələ də düyünə düşdü. Hazırda ən real çıxış yolu Brüsselin Jan-Klod Yunkeri daha bir müddətə sədrlik etməyə razı sala bilməsi görünür.


Şahin Abasov,

SİA-nın Almaniyadkı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə