Gürcüstan 2026-2027-ci illər üçün Mərkəzi və Şərqi Avropa Bank Nəzarətçiləri Qrupunun (BSCEE) sədri seçilib

Gürcüstan Milli Bankının (NBG) prezidenti Natiya Turnava qrupun 27-30 may tarixlərində Moldovada keçirilən 38-ci illik konfransında yekdilliklə bu vəzifəyə seçilib.

BSCEE-nin qaydalarına əsasən, sədr hər il üzv ölkələr arasında rotasiya prinsipi ilə müəyyənləşdirilir. Gürcüstan bundan əvvəl 2018 və 2022-ci illərdə də təşkilata sədrlik edib. Gürcüstan Milli Bankı 2013-cü ildən BSCEE-nin üzvüdür.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Natiya Turnava 16 dekabr 2026-cı ildən 15 dekabr 2027-ci ilədək BSCEE-nin sədri kimi fəaliyyət göstərəcək.

Hazırda BSCEE Avstriya, Çexiya, Xorvatiya, Türkiyə, Ermənistan, Macarıstan, Polşa, Latviya, Litva, Estoniya, Qazaxıstan və digər ölkələr də daxil olmaqla, 24 ölkədən 25 bank nəzarəti qurumunu bir araya gətirir.

Bundan əlavə, 2027-ci ildə Gürcüstan təşkilatın 39-cu illik konfransına üçüncü dəfə ev sahibliyi edəcək.

Gürcüstan Milli Bankının bəyanatında bildirilib ki, BSCEE-nin əsas məqsədi üzv ölkələr arasında bank nəzarəti sahəsində əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və maliyyə sabitliyinin qorunmasına töhfə verməkdir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə