Çin Tayvana səfər edən dörd Yeni Zelandiya deputatına qadağa qoydu

Çin Tayvana etdikləri səfərə görə dörd Yeni Zelandiya parlament üzvünün ölkəyə girişini bir il müddətinə qadağan edib. Bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, deputatlar may ayında baş tutan səfərdən geri qayıtdıqdan sonra qadağa barədə xəbərdar olublar. Çin səfirliyi isə bildirib ki, üzr istənildiyi təqdirdə qadağanın müddəti azaldıla və ya tamamilə ləğv oluna bilər.

Çin özünüidarəetmə statusuna malik Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın beynəlxalq əlaqələrini məhdudlaşdırmağa çalışır.

Yeni Zelandiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, Çinin Tayvana səfər etdiklərinə görə Yeni Zelandiya deputatlarına qarşı tətbiq etdiyi ilk belə sanksiyadır və rəsmi Vellinqton üçün gözlənilməz olub.

Sözçü qeyd edib ki, Yeni Zelandiya parlamentariləri onilliklərdir Tayvana səfər edirlər və bu cür səfərlər ölkənin “Vahid Çin” siyasətinə zidd hesab edilmir.

Çinin Yeni Zelandiyadakı səfirliyi isə bəyanatında deputatların Pekinin ciddi narahatlıqlarını nəzərə almadıqlarını və parlament üzvləri kimi Tayvana səfər etməkdə israr etdiklərini bildirib. Səfirliyin fikrincə, bu addım Tayvanda hakimiyyətdə olan Demokratik Tərəqqi Partiyasına və “Tayvanın müstəqilliyini” dəstəkləyən qüvvələrə yanlış siqnallar göndərib və Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.

May ayında baş tutan səfərdə hakim koalisiyanı təmsil edən Morin Pyu, Devid Uilson və Laura Makklyur, həmçinin müxalifətdəki Leyboristlər Partiyasının üzvü Dankan Uebb iştirak edib.

ACT Partiyasının deputatı Laura Makklyur isə qadağanı “xarici müdaxilənin bir forması” adlandıraraq, Tayvana səfər etdiyinə görə üzr istəməyəcəyini bəyan edib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə