Sofiya “Lukoil”-a qarşı ABŞ sanksiyalarından imtina etməyi tələb edir...

Bu arada, sanksiyalar fonunda “Lukoil” Avropa, Afrika və İraqdakı xarici aktivləri üçün alıcı axtarmağa başlayıb

SİA-nın məlumatına görə, Politico vəziyyətlə tanış mənbələrə istinadən xəbər verir ki, Bolqarıstan hakimiyyəti “Lukoil”-a qarşı ABŞ sanksiyalarından imtina etməyi düşünür.

Məsələ ilə tanış mənbələrə görə, Sofiya məhdudiyyətlər fonunda yanacaq çatışmazlığından və populist əhval-ruhiyyənin artmasından qorxur.

Mənbələr qeyd ediblər ki, hökumət yanacaq bazarında ciddi pozuntular baş verərsə, iqtisadi çətinliklər, etirazlar və potensial hökumət böhranı riskini qiymətləndirir. Bolqarıstan Prezident Aparatı və Energetika Nazirliyi şərh verməkdən imtina edib.

Bir gün əvvəl Bolqarıstan Parlamenti dizel və reaktiv yanacaq da daxil olmaqla, neft məhsullarının AB ölkələrinə ixracına müvəqqəti qadağa qoymağı dəstəkləyib.

Təşəbbüs ölkənin yeganə neft emalı zavoduna sahib olan “Lukoil”-a qarşı sanksiyalar qarşısında enerji təhlükəsizliyini və daxili bazarın sabitliyini təmin etmək məqsədi daşıyır.

23 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiya neft sənayesinə qarşı yeni məhdudiyyətlər elan edərək “Lukoil və “Rosneft”-i sanksiyalar siyahısına əlavə edib.

Bu arada, sanksiyalar fonunda “Lukoil” Avropa, Afrika və İraqdakı xarici aktivləri üçün alıcı axtarmağa başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə