Özbəkistanda “Qadına hörmət” həftəsi keçiriləcək

Martın 3-dən 10-dək Özbəkistanda Beynəlxalq Qadınlar gününə həsr olunan “Qadına hörmət” həftəsi keçiriləcək. SİA xəbər verir ki, bu barədə Ölkənin Ailə və Qadın Komitəsi məlumat yayıb.

Nazirlər Kabinetinin protokoluna uyğun olaraq qadınların hüquqlarının müdafiəsinə, onların sosial, iqtisadi və siyasi fəallıqlarının artırılmasına, həmçinin məşğulluğa dəstək göstərilməsinə və sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş tədbirlər təşkil olunacaq.

Həftə çərçivəsində islahatların praktiki nəticələrinə həsr olunmuş media müsabiqələr və təntənəli görüşlər keçiriləcək.

Mükafatlandırma mərasimlərində ictimai və dövlət həyatında fəallıqları ilə seçilmiş 890 qadın namizəddən 331-i “Mutabar ayol” (“Hörmətli qadın”) döş nişanı ilə təltif ediləcək.

“Qadınlar” və “gənclər” dəftərlərinə daxil edilmiş qadınlar, eləcə də veteranlar güzəştli əsaslarla “Yangi Özbəkistan” parkına, muzeylərə, teatrlara, kinoteatrlara və konsertlərə baş çəkmək imkanı əldə edəcəklər.

Bundan başqa, həftə ərzində qadınlara dəstək və onların sosial fəallıqlarının artırılmasına yönəlmiş kitab və broşürlər nümayiş olunacaq. Məktəblilər arasında “Ana ailəmizin simvolu, mərhəmət mənbəyidir” mövzusunda şeir müsabiqəsi keçiriləcək.

Sosial şəbəkələrdə gənclərin iştirakı ilə “Qadına hörmət xeyirxahlıq və ədalətin nişanəsidir”, “Ana mərhəmət mənbəyidir”, “Anamla fəxr edirəm”, “Ölkənin inkişafına mənim töhfəm” mövzularında fləşmob və çağırış aksiyaları keçiriləcək.

Məhəllələrdə “Daim diqqət mərkəzindəsən!” şüarı altında “tibbi avtobuslar” fəaliyyət göstərəcək və sosial dəstəyə ehtiyacı olan qadınlar dərin tibbi müayinədən keçmək imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə