"Türkiyə ilə strateji tərəfdaşlığa əsaslanan bir ittifaqdayıq..."

L.G.Murillo Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Kolumbiyanın La Quayira idarəetmə bölgəsinə bağlı Riohaça şəhərində təşkil edilən humanitar yardım tədbirinə qatılıb

Kolumbiya Xarici işlər naziri Luis Gilberto Murillo Türkiyə ilə strateji tərəfdaşlığa əsaslanan bir ittifaqları olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Kolumbiyanın La Quayira idarəetmə bölgəsinə bağlı Riohaça şəhərində təşkil edilən humanitar yardım tədbirinə qatılıb.

Murillo bölgədə baş verən sel fəlakətindən sonra dərhal Türkiyəyə müraciət etdiklərini qeyd edib. Yardım istəyinə Türkiyənin müsbət cavab verdiyini bildirən nazir “TİKA və Türk hökuməti bu kritik və çətin dövrdə Kolumbiya xalqının yanında yer alaraq dərhal və müsbət dəstək göstərdi. La Quayira və Çokodakı yağışlar və sel kimi iqlim dağıntılarından ən çox təsirlənən bölgələrdə son dərəcə konkret yardımlar həyata keçirildi” deyib. Nazir Türkiyənin yardımlarını ehtiyac sahiblərinə çatdırdıqlarını vurğulayıb.

Türkiyənin beynəlxalq əlaqələrdəki aktiv və müstəqil mövqeyinə diqqət çəkən Luis Gilberto Murillo “Kolumbiya Türkiyəyə böyük maraq göstərir, çünki Türkiyə qısa müddətdə bloklara qoşulmayan bir ölkə olaraq öz suverenliyini müdafiə edən, amma eyni zamanda çox aktiv bir model inkişaf etdirməyi bacardı. Bu səbəbdən, strateji ittifaqımızı gücləndirmək və dərinləşdirmək yolunda irəliləmək istəyirik” deyə fikirlərini ifadə edib.

Qeyd edək ki, ilk mərhələdə 500 qutu humanitar yardım materialı paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə